Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir A.Hüseynbala/
Parlament sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova İtaliyanın təşkilatdakı nümayəndə heyətinin sədri Rikkardo Milyorini qəbul edib.
Sədr müavini xalqlarımız arasındakı dostluq əlaqələrinin tarixindən, oxşar mədəniyyətlərimizdən danışıb, dövlətlərimizin başçılarının səyləri nəticəsində münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib - şənbə qünü Trend-ə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Muradova əlaqələrimizin inkişafında hər iki ölkə parlamentinin xüsusi rolu olduğunu diqqətə çatdırıb. Vitse-spiker deyib ki, Azərbaycanın dinamik inkişafı, eləcə də, bölgənin tərəqqisinə Dağlıq Qarabağ münaqişəsi ciddi maneə olur.
ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinə görə İtaliya dövlətinə və parlamentinə minnətdarlığını bildirib.
Muradova Azərbaycan Parlamentinin fəaliyyəti, qanunvericilik bazası, beynəlxalq təşkilatlar, eləcə də ATƏT PA çərçivəsində əməkdaşlıqdan da danışıb.
Milyori Bakıda keçirilən "Azərbaycanda 2010-cu il Parlament seçkiləri: daha demokratik, daha şəffaf" mövzusunda beynəlxalq konfransda iştirakından söhbət açıb və belə bir tədbirin təşkilinin Azərbaycan dövlətinin və hökumətinin şəffaf, demokratik və azad seçkilər keçirmək əzmində olmasının bariz nümunəsi kimi dəyərləndirib.
Dünyada və Cənubi Qafqaz regionunda mövcud olan münaqişələrin beynəlxalq təhlükəsizliyə təhdid olduğunu vurğulayan İtaliya parlamentinin deputatı bildirib ki, İtaliya Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın konstruktiv mövqeyini dəstəkləyir. Milyori münaqişənin ədalətli həllinə nail olmaq üçün parlament diplomatiyasının inkişafının vacibliyini vurğulayıb.