Azərbaycan, Bakı, 20 aprel /Trend müxbir M.Əliyev/
Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar inşa müsabiqəsinin final mərhələsinə start verilib.
Trend-in məlumatına görə, Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə məktəblilər arasında keçirilən müsabiqənin yekun mərhələsi Zərifə Əliyeva adına məktəbdə keçirilib.
Şagirdlərə "Ulu Öndər Heydər Əliyevi düşünərkən" mövzusunda inşa yazmaq üçün 3 saat vaxt verilib.
Tədbirin ənənəvi xarakter aldığını deyən təhsil naziri Misir Mərdanov, müsabiqənin ölkənin bütün rayon və kəndlərini əhatə etdiyini bildirib.
Müsabiqənin şərtlərinə görə, rayon səviyyəsində keçirilən yarışmada bir qalib müəyyən olunur və yekunda həmin qaliblər arasından bir nəfər seçilir.
Yarışmada 96 şagird iştirak edir. Şagirdlərin inşaları kodlaşdırılacaq və ekspertlər tərəfindən qiymətləndiriləcək.
Nazir bildirib ki, yekunda 96 şagirdin inşası kitab halında nəşr ediləcək. Müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi may ayının əvvəlində keçiriləcək.
Tədbirdə YAP sədrinin müavini Əli Əhmədov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev də iştirak ediblər.