Azərbaycanda ictimai narazılıqlar ABŞ-ın dövlət siyasətini planlaşdırma mərkəzlərinə müəyyən təsir göstərdi - Prezident Administrasiyasının şöbə müdiri

Siyasət Materials 21 Aprel 2010 12:34 (UTC +04:00)
Azərbaycanda ictimai narazılıqlar ABŞ-ın dövlət siyasətini planlaşdırma mərkəzlərinə müəyyən təsir göstərdi
Azərbaycanda ictimai narazılıqlar ABŞ-ın dövlət siyasətini planlaşdırma mərkəzlərinə müəyyən təsir göstərdi -  Prezident Administrasiyasının şöbə müdiri

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, ABŞ Dövlət Departamentinin Azərbaycandan gedən narazılıqlara reaksiyası normaldır.

"Dağlıq Qarabağ məsələsində onların sona qədər obyektiv olacaqlarına inanırıq və düşünürük ki, Azərbaycanda ictimai narazılıqlar ABŞ-ın dövlət siyasətini planlaşdırma mərkəzlərinə müəyyən təsir göstərdi. Biz ABŞ-la münasibətlərimizi korlamaq istəmirik, tərəfdaşlıq münasibətlərimizə xələl gətirmək istəmirik. Amma bəzən təəssüflər olsun, şərait buna məcbur edir. Ümid edirik, ABŞ əvvəllər olduğu kimi, Azərbaycanla bağlı sağlam mövqelərini qoruyub-saxlayacaq və biz də buna müvafiq olaraq bu ölkənin maraqları ilə bağlı bütün öhdəliklərimizi yerinə yetirəcəyik", - Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirib.

Trend-in arayışı: "Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsində heç bir tərəf saxlamır və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına vasitəçilik edən Minsk qrupunun səylərini ən yüksək səviyyədə dəstəkləyir", - Birləşmiş Ştatlar Dövlət Departamenti sözçüsünün müavini vəzifəsini icra edən Mark C. Toner "Amerikanın Səsi"nin Azərbaycan şöbəsinə verdiyi müsahibədə belə deyib.

Son günlər Azərbaycan ictimaiyyətində ABŞ-ın Dağlıq Qarabağa dair apardığı siyasətə narazılıqlar artmışdı.

Həsənov deyib ki, Azərbaycan ATƏT-in Həmsədrlər İnstitutunun Dağlıq Qarabağ məsələsinin həllində irəliləyişə nail olmaq baxımından fəaliyyətindən narazıdır.

"Neçə illərdir, Dağlıq Qarabağ məsələsi ölü nöqtədən tərpənmir, Ermənistan bir görüşdə razılaşdığını ikinci görüşdə təkzib edir. Düşünürük, artıq ortaya iradə qoymağın vaxtıdır", - Həsənov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti