...

Sinqapurda keçirilmiş yeniyetmələrin birinci Olimpiya Oyunlarında qazanılmış inamlı qələbə Azərbaycan idmanının təntənəsidir – Prezident İlham Əliyev (YENİLƏNİB)

Siyasət Materials 30 Avqust 2010 23:14 (UTC +04:00)
Sinqapurda keçirilmiş yeniyetmələrin birinci Olimpiya Oyunlarında qazanılmış böyük və inamlı qələbə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, həqiqətən böyük qələbədir, Azərbaycan idmanının təntənəsidir, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri ilə görüşündə çıxışı zamanı bildirb.
Sinqapurda keçirilmiş yeniyetmələrin birinci Olimpiya Oyunlarında qazanılmış inamlı qələbə Azərbaycan idmanının təntənəsidir – Prezident İlham Əliyev (YENİLƏNİB)

RED: əlavəsi: Prezident İlham Əliyevin çıxışının tam mətni əlavə olunub

Sinqapurda keçirilmiş yeniyetmələrin birinci Olimpiya Oyunlarında qazanılmış böyük və inamlı qələbə münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu, həqiqətən böyük qələbədir, Azərbaycan idmanının təntənəsidir, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri ilə görüşündə çıxışı zamanı bildirb.

"Bildiyiniz kimi, bu oyunlarda 204 ölkə öz idmançıları ilə təmsil olunmuşdur və Azərbaycan idmançıları bu gərgin yarışda komanda hesabında 11-ci yeri tuta bilmişlər. Bu, həqiqətən böyük və tarixi nailiyyətdir. Azərbaycan artıq dünyanın aparıcı idman ölkələrinin sırasındadır. Bu qələbə onu göstərir ki, Azərbaycanda idmanın inkişafı üçün çox böyük işlər görülmüşdür. İdman hərtərəfli inkişaf edir. Həm kütləvilik artır, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılmışdır" İlham Əliyev deyib.
Dövlət başçısının sözlərinə görə, gənclərimiz, yeniyetmələrimiz idmana böyük həvəslə yanaşırlar.
"İdman bölmələrinə axın çox güclüdür. Bu, Azərbaycanda idman sahəsində aparılmış köklü islahatların nəticəsidir. Mən çox şadam və çox sevinirəm ki, idmançılarımız bu böyük qələbəni qazandılar. Bu oyunlar tarixdə qalacaqdır. Hər bir Olimpiya oyunları idman sahəsində tarixi bir mərhələdir. Bu oyunlar isə yeniyetmələrin birinci oyunlarıdır. Siz artıq öz adlarınızı bu şanlı tarixə yazdırmısınız. Siz birinci oyunlarda qələbələr qazanmısınız. Komandamız oyunlarda cəmi 12 idmançı ilə iştirak edirdi. On iki idmançıdan səkkizi medal qazanmışdır. Beş qızıl, üç gümüş medal böyük və tarixi qələbədir. Mən sizi bu böyük nailiyyət münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, siz gələcəkdə də, artıq böyüklər arasında keçiriləcək Olimpiya oyunlarında ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz" Prezident bildirib.
 
İlham Əliyev bildirib ki, Azərbaycanın dövlət himni Sinqapurda beş dəfə səslənmişdir, səkkiz dəfə bayrağımız orada ucalmışdır.
"Bu, böyük iftixar hissi oyadan bir hadisədir. Azərbaycan sürətlə, çox dinamik inkişaf edən ölkədir. Azərbaycanda bütün sahələrdə quruculuq işləri aparılır, islahatlar keçirilir, ölkəmiz dünyadakı mövqelərini möhkəmləndirir, dünyada böyük və müsbət imicə malikdir. İdman elə bir sahədir ki, ölkələri dünya miqyasında təqdim edir. İndi o yekun nəticələr dərc olunandan sonra hər kəs görəcək ki, aparıcı ölkələrin sırasına öz gəncləri, öz idmançıları ilə Azərbaycan da daxildir" dövlət başçısı qeyd edib.
 
Prezident bildirib ki, Azərbaycanın çox şanlı və gözəl idman tarixi vardır.
"İdmançılarımız Olimpiya oyunlarında böyük qələbələr qazanmışlar. Hər dəfə medalların sayı artır. Birinci dəfə biz Atlanta Olimpiya Oyunlarında müstəqil ölkə kimi iştirak etmişdik. Orada bir medal qazanıldı. Ondan sonra Sidneydə 3, Afinada 5, Pekində 7 medal qazanıldı. Əminəm ki, iki ildən sonra keçiriləcək London Olimpiya Oyunlarında da idmançılarımız Vətənimizi ləyaqətlə təmsil edəcəklər.
Sizin qələbəniz onu göstərir ki, Azərbaycanda idmanın inkişafı çox düşünülmüş və məqsədyönlü şəkildə təmin edilir. Çünki gənc nəslin yetişməsi idman qələbələrinin əsas şərtidir. Əgər gənc nəsil idmançılar yetişmirsə, onda gələcək idman uğurlarından söhbət aparıla bilməz. Siz idmanımızın ümidlərisiniz. Bir daha demək istəyirəm ki, siz artıq adlarınızı idman tarixinə yazdırmısınız. Ancaq bununla bərabər, sizin böyük gələcəyiniz vardır və elə etməlisiniz ki, bu qələbələr sizin üçün bir mərhələ olsun. Sizin üçün elə bir stimul olsun ki, əldə edilmiş bu gözəl nailiyyətlə kifayətlənməyəsiniz. Yəni bu, sizi arxayın etməməlidir. Siz daim peşəkarlığınızı artırmalısınız, daim məşq etməlisiniz, nizam-intizama tabe olmalısınız, məşqçilərin sözlərinə qulaq asmalısınız ki, gələcəkdə, bundan sonra uzun illər Azərbaycanı ləyaqətlə təmsil edəsiniz.
Mən, eyni zamanda, bu qələbənin əldə olunmasında iştirak etmiş bütün insanları da - idmançıların məşqçilərini, idman mütəxəssislərini təbrik etmək, onlara minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycanda idmanla məşğul olan bütün qurumlar vahid mexanizm, vahid komanda kimi fəaliyyət göstərir. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, idman cəmiyyətləri, klublar - idmana cavabdehlik daşıyan bütün bu qurumlar məqsədyönlü və əlaqəli şəkildə təşkil olunmuş fəaliyyətlə uğurlarımızı təmin edirlər" Prezident çıxışında vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Azərbaycan nadir ölkələrdəndir ki, burada bütün idman qurumları bir-biri ilə sıx əlaqədədir.
"Heç bir qarşıdurma, heç bir qısqanclıq yoxdur, ola da bilməz. Çünki hamımız bir məqsədə qulluq edirik ki, o da Azərbaycanın idman şöhrətini ucaltmaq və daim beynəlxalq yarışlarda qələbə qazanmaqdır.
Sizin fəaliyyətiniz Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir və bu qələbə layiqincə qiymətləndiriləcəkdir. Bu gün bu qələbənin təşkilində və əldə olunmasında iştirak etmiş bütün insanlar - həm idmançılar, həm onların məşqçiləri mükafatlandırılacaqlar. Bu da Azərbaycan dövlətinin sizə olan münasibətidir. Əlbəttə bu münasibət ancaq mükafatlarla, maddi amillərlə ölçülmür. Baxmayaraq ki, bu da çox vacibdir. Bilməlisiniz ki, Azərbaycan dövləti sizi daim dəstəkləyəcəkdir. Azərbaycan dövləti ölkədə idmanın inkişafı üçün bütün lazımi tədbirləri görür və gələcəkdə də görəcəkdir" Prezident bildirib.

İdmançılara yeni qələbələr arzulayan Prezident İlham Əliyev görüş iştirakçılarını bir daha təbrik etdi və tövsiyələrini verərək dedi:
 
"Doğrudan da Azərbaycanda son illər tikilmiş, istifadəyə verilmiş olimpiya kompleksləri həm idmanın inkişafı, həm də kütləviliyin artırılması üçün böyük rol oynamışdır. Artıq bütün bölgələrdə gözəl, müasir olimpiya kompleksləri tikilibdir, bəzi rayonlarda tikinti davam etdirilir, bəzi rayonlarda isə növbəti illərdə olimpiya kompleksləri tikiləcəkdir. Çünki Azərbaycanın bölgələrində çox böyük idman istedadları vardır. Sadəcə olaraq onları idman bölmələrinə cəlb etmək və yaxşı şərait yaratmaq lazımdır.
Bildiyimə görə, qaliblərin sırasında bölgələrdən olan idmançılar da vardır. Bu da çox gözəl göstəricidir və onu göstərir ki, təkcə paytaxtda deyil, bölgələrdə də artıq gözəl idmançılar, gənc idmançılar yetişir. Əminəm ki, gələcəkdə bu meyillər daha da güclənəcəkdir.
İdman komplekslərinin tikintisi Azərbaycanda 2000-ci ildən başlanmışdır. On il ərzində artıq 30-a yaxın olimpiya kompleksi vardır və 10 kompleks tikilir. Şübhəsiz ki, bu təşəbbüs artıq öz gözəl nəticələrini göstərmişdir.
Bir məsələni də vurğulamaq istəyirəm. Sevindirici haldır ki, idmançılarımız bu medalları müxtəlif idman növlərində qazanmışlar. Bu medallar həm sərbəst güləş, yunan-Roma güləşi, həm də ağırlıqqaldırma və boks üzrə yarışlarda qazanıldı. Yəni bu da gözəl göstəricidir. Onu göstərir ki, Azərbaycanda bütün idman növləri inkişafdadır. Bizim üçün ənənəvi olan güləş idman növü ilə bərabər, digər idman növləri də inkişafdadır. Bunu həm yeniyetmələrin bu Olimpiya Oyunları göstərmişdir, eyni zamanda son illər ərzində müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında Azərbaycan idmançılarının uğurlu çıxışları da təsdiq edir. Bu, onu bir daha göstərir ki, Azərbaycanda hər bir sahədə olduğu kimi, idman sahəsində də inkişaf çoxşaxəlidir. Həm bölgələrdə inkişaf görünür, eyni zamanda, müxtəlif olimpiya və qeyri-olimpiya növlərində gözəl idmançılar yetişir.
Mən sizi bir daha ürəkdən təbrik edirəm. Bu qələbəni Azərbaycan xalqına bəxş etdiyinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Bir daha demək istəyirəm ki, biz sizdən yeni qələbələr gözləyirik. Sizin adlarınız artıq tarixdədir. Azərbaycan xalqı da artıq sizi yaxşı tanıyır. Siz elə etməlisiniz ki, daim ölkəmizi bütün yarışlarda ləyaqətlə təmsil edəsiniz. Bir daha sizi təbrik edirəm"

Görüşdən sonra xatirə şəkli çəkdirilmişdir.

Xəbər lenti

Xəbər lenti