Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir M.Əliyev/
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq müşahidəcilər missiyası Qırğızıstanda keçirilən parlament seçkiləri ilə bağlı rəyini açıqlayıb.
TÜRKPA Beynəlxalq müşahidəçilər missiyası Qırğızıstanda keçirilən parlament seçkilərini rəsmən tanıdığını bəyan edir və formalaşacaq Qırğızıstan parlamentinin yenidən TÜRKPA-dakı fəaliyyətini bərpa edəcəyinə inamını ifadə edir. Bu barədə qurumun çərşənbə axşamı yaydığı məlumatda qeyd edilib.
Oktyabrın 10-da keçirilmiş parlament seçkilərində TÜRKPA Beynəlxalq müşahidəçilər missiyası 40-a yaxın seçki məntəqəsinə baş çəkib, seçkilərin gedişi ilə yaxından tanış olub.
TÜRKPA müşahidəçiləri səfər çərçivəsində Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri, xarici işlər naziri və Baş nazirin birinci müavini ilə görüşlər keçirib.
TÜRKPA Beynəlxalq müşahidəçilər missiyasına Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət komitəsinin sədri, Azərbaycanın TÜRKPA-dakı nümayəndə heyətinin üzvü Nizami Cəfərov rəhbərlik edib. Nümayəndə heyətinin tərkibində Qazaxıstan və Türkiyənin millət vəkilləri, həmçinin TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşları iştirak edib.
Qırğızıstanda keçirilən parlament seçkisində seçicilərin 56,5 faizi iştirak edib.