...

Azərbaycanın səfirliyi Tbilisidəki Milad yarmarkasında iştirak edib

Siyasət Materials 7 Dekabr 2010 11:29 (UTC +04:00)
Azərbaycanın Gürcüstandakı səfirliyi "Şeraton Metexi Palas" mehmanxanasında diplomatik korpusların nümayəndələrinin və yerli əhalinin iştirakı ilə keçirilən Milad xeyriyyə yarmarkasında iştirak edib. Bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir.
Azərbaycanın səfirliyi Tbilisidəki Milad yarmarkasında iştirak edib

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

Azərbaycanın Gürcüstandakı səfirliyi "Şeraton Metexi Palas" mehmanxanasında diplomatik korpusların nümayəndələrinin və yerli əhalinin iştirakı ilə keçirilən Milad xeyriyyə yarmarkasında iştirak edib. Bu barədə diplomatik nümayəndəliyin məlumatında deyilir.

Milad yarmarkası ildə bir dəfə keçirilir və bu zaman diplomatik missiyaların nümayəndələri öz ailə üzvləri ilə birgə qonaqlara öz ölkələrində istehsal olunan suvenirlər, xatirə hədiyyələri, qida məhsulları və içkilər satmaq üçün piştaxtaların arxasında dayanırlar. Yarmarkada Tbilisi sakinləri ildə bir dəfə eyni vaxtda müxtəlif ölkələrin suvenir və digər mallarını almaq üçün nadir imkana malik olurlar. Bu il Azərbaycanla yanaşı Ukrayna, Latviya, Litva, Estoniya, ABŞ, Fransa, Niderland, Almaniya, İsveçrə, Bolqarıstan, İtaliya, Yaponiya, Çin, Çexiya və Böyük Britaniya səfirlikləri öz milli məhsullarını yarmarkaya çıxarıblar.

Azərbaycanın ekspozisiyası ən populyar ekspozisiyalardan biri olub. Satışa milli suvenirlər: xalçalar, milli musiqi alətləri, baş örtükləri, süfrələr, saxsı nimçələr, poçt markaları, xatirə sikkələri, miniatür kitablar, eləcə də milli şirniyyatlar - şəkərbura və paxlava çıxarılıb. Bundan əlavə, xüsusi olaraq yarmarka üçün ən yaxşı növ Azərbaycan şərabları və brendləri gətirilib. Yarmarkaya gələnlərə "Bakı" jurnalı paylanılıb.

Azərbaycan mağazası yarmarkada iştirak edən bütün səfirlərin eyni vaxtda qeyri-formal görüş yeri olub. Məlumatda deyilir ki, qonaqlara milli şirniyyatların və Azərbaycandan gətirilən içkilərin dadına baxmaq imkanı verilib.

Məhsulların satışından əldə olunan vəsait xeyriyyə layihələrinin həyata keçirilməsinə sərf ediləcək.

Xəbər lenti

Xəbər lenti