...

Hərbi fəaliyyət olarsa, Ermənistan separatçı Dağlıq Qarabağın müstəqilliyini de-yure tanımağa məcbur olacaq - prezident

Siyasət Materials 10 Dekabr 2010 16:53 (UTC +04:00)

Azərbaycan tərəfdən hərbi fəaliyyət olarsa, Ermənistan separatçı Dağlıq Qarabağın müstəqilliyini de-yure tanımağa və Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üzrə tədbirlər görməyə məcbur olacaq. Bu barədə cümə günü Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində Ermənistan Prezidenti Serj Sarkisyan bəyan edib. Məlumatı RİA Novosti yayıb.

"Ermənistan problemin hərbi yolla həllinin qəti əleyhinədir və Azərbaycan tərəfdən yeni hərbi fəaliyyət başlayarsa, Ermənistanın Dağlıq Qarabağ respublikasını de-yure tanımaq və onun təhlükəsizliyini hər vasitə ilə təmin etməkdən başqa seçimi qalmayacaq", - Sarkisyan bəyan edib.

Bu gün Moskvada tərkibinə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammiti keçirilir.

Bu, 2010-cu ildə KTMT ölkələri prezidentlərinin artıq üçüncü iclasıdır. Mayda Moskvada və avqustda İrəvanda liderlərin rəsmi qərarların qəbul olunmadığı qeyri-formal görüşləri keçirilib. Ötən rəsmi sessiya 2009-cu ilin iyununda keçirilmişdi.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti