Gürcüstan, Tbilisi, 10 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Cümə günü Gürcüstan parlamentinin plenar iclasında Teymuraz Şaraşenidze Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təsdiq edilib. Ona deputatların 87-si səs verib, əleyhinə isə olmayıb.
Trend-ə təyinatından sonra Şaraşenidzenin dediyinə görə, onun əsas vəzifəsi Gürcüstan-Azərbaycan münasibətlərinin dinamikliyini saxlamaq olacaq. "Gürcüstan-Azərbaycan münasibətləri dinamikliyi ilə xarakterizə olunur, bu da iki ölkə liderinin nailiyyətidir və mənim vəzifəm münasibətlərin bu dinamikasını saxlamaqdır, çünki ölkələrimiziin çoxlu ümumi maraqları var", - o qeyd edib.
Şaraşenidze hesab edir ki, nəqliyyat və energetika sahəsində qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirmək lazımdır.
O, əvvəllər İstanbulda baş konsul vəzifəsində çalışıb və təcrübəli diplomatdır.
Gürcüstanın Azərbaycandakı sabiq səfiri Nikoloz Nadbiladze öz vəzifəsini 2009-cu ilin noyabrında tərk edib.
Son il ərzində Gürcüstan parlamenti Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə iki namizədi - Vano Noniaşvili və İrakli Kavtaradzeni təsdiq edib, lakin onlardan heç biri Bakıda işə başlaya bilməyiblər.
Gürcüstan parlamenti bu gün İsveçrədə Zurab Çiaberaşvili (84 səs lehinə), Polşada Nikolay Nikolozişvili (84 lehinə), Slovakiyada Aleksandr Nalbandov (88 lehinə), İsveç Krallığında Konstantin Kavtaradze (86 səs lehinə), Portuqaliyada Georgi Qorqiladze (88 səs lehinə), Misir Ərəb Respublikasında Arçil Dzuliaşvilini (84 səs lehinə) təsdiq edib. Avropa Şurasında daimi səfir vəzifəsinə Mamuka Jqenti (87 səs lehinə) təsdiq edilib.
Parlamentin ötən plenar iclasında Gürcüstanın Ermənistanda, Braziliya Federativ Respublikasında və Meksika Birləşmiş Ştatlarında səfirləri təyin olunub.