Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2011-ci ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Fərmana əsasən, 1993-cü ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2011-ci ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır.
"Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci ilin yanvarın 1-dən 30-dək ehtiyata buraxılırlar.
Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanları bu Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək tapşırılıb.