...

ABŞ-ın Nyu-Meksiko ştatında Azərbaycanın fəxri konsulunun təyin olunması təntənəli şəkildə qeyd olunub

Siyasət Materials 15 Dekabr 2010 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir S.Ağayeva/

Nyu-Meksiko ştatının paytaxtı Santa Fe şəhərində Azərbaycan fəxri konsulluğunun açılışı ilə bağlı tədbirlər keçirilib. Bunlardan biri məşhur amerikalı politoloq, Stratfor Analitik Mərkəzinin banisi Corc Fridmanın bu hadisə ilə bağlı çıxışı olub. Bu barədə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.

Santa Fe şəhərinin beynəlxalq münasibətlər üzrə Şurası ilə birgə təşkil olunmuş təqdimatda Corc Fridman Azərbaycanın ABŞ-ın milli maraqları nöqteyi-nəzərindən geostrateji vacibliyini, Avropanın energetika təhlükəsizliyinin təminatına ölkənin töhfəsi, həmçinin rəsmi Bakının Azərbaycan dövlətinin möhkəmlənməsinə ölçüb-biçilmiş, praqmatik yanaşmasını vurğulayıb. Fridmanın fikrincə, ölkənin müstəqil inkişafı və suverenliyi Bakı üçün aparıcı prioritetdir və bu da öz növbəsində Azərbaycanı Türkiyə ilə birgə etibarlı regional tərəfdaş edir. O, Vaşinqton tərəfindən regiona diqqətin kifayət qədər olmamasından təəssüfləndiyini billdirərək, ABŞ-ın daha aydın xarici siyasət qurmasının vacibliyini qeyd edib.

Emmit Riçard Art MakHaffinin Azərbaycanın fəxri konsulu seçilməsi şərəfinə Los-Ancelesdə baş konsulluğun dəstəyi ilə keçirilən rəsmi qəbulda Elin Süleymanov çıxış edib. Fəxri konsul MakHaffi öz növbəsində ölkə rəhbərliyinə ona göstərilən inam və etibara görə minnətdarlığını bildirib və Azərbaycanda keçirdiyi illər haqqında danışıb.

Səfər zamanı baş konsul Elin Süleymanov, vitse-konsul Ramil Qurbanov və fəxri konsul Emmit Riçard Art MakHaffi Nyu-Meksiko ştatının qubernatoru Bill Riçardson və Santa Fe şəhərinin meri Devid Kossla görüşüblər. Görüşlərdə fəxri konsul MakHaffi həmsöhbətlərinə konsulluq şəhadətnaməsinin surətini təqdim edib və ümidlə bildirib ki, onun təyin olunması Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin genişlənməsinə öz töhfəsini verəcək.

Şimali Koreyaya ABŞ-ın xüsusi elçisi kimi fövqəladə səfərlə göndərilən qubernator Riçardson dünyada böhran və potensial olaraq partlayış təhlükələrinin qarşısını almaq üçün diplomatiyaya fəal yanaşmanın vacibliyini vurğulayıb. Bill Klintonun prezidentliyi dövründə energetika naziri vəzifəsini icra edən Riçardson Azərbaycana səfərləri və ümummilli lider Heydər Əliyevlə görüşlər barədə xoş xatirələri bölüşüb. Qubernatora Xəzərin enerji resurslarının hazırlanması üzrə Azərbaycan-ABŞ əməkdaşlığına verdiyi töhfəyə görə minnətdarlığını bildirən azərbaycanlı diplomatlar Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyətinə həsr olunmuş "Azərbaycanın sərvəti" adlı kitabı təqdim ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu il oktyabrın 25-də Emmit Riçard Art MakHaffi Nyu-Meksiko ştatının Santa Fe şəhərində Azərbaycanın fəxri konsulu təyin olunub. Nyu-Meksiko Los-Ancelesdə Baş Konsulluğun konsul dairəsinə daxil olan 13 ştatdan biridir.

Xəbər lenti

Xəbər lenti