Qətnamənin mətni əlavə olunub (ilk xəbər 11:50-də yayılıb)
Azərbaycan, Bakı, 9 fevral /Trend, müxbir M.Əliyev/
Bakıda İranın Azərbaycandakı səfirliyi qarşısında İslam Respublikasının rəsmi şəxslərinin Azərbaycan hörmətsizliyi və İranın Ermənistanla yaxınlaşmasına etiraz məqsədilə aksiya keçirilib. Bu barədə Trend-in müxbiri hadisə yerindən xəbər verir.
Aksiyanı Beynəlxalq Diaspor Mərkəzi təşkil edib.
İlkin qiymətləndirmələrə görə, tədbirdə təxminən 100 nəfər iştirak edir.
Aksiya iştirakçıları "Azərbaycanın daxili işlərinə qarışmayın!", "İran müsəlmanların düşməninin dostudur!", "İşğalçıya köməyi dayandırın!" şüarları səsləndirilib.
Səfirliyin əməkdaşları etirazçıların təqdim etdiyi qətnaməni qəbul etməkdən imtina ediblər.
Qətnamədə bildirilir ki, özünü Azərbaycanın dostu kimi təqdim etməyə çalışan İran İslam Respublikasının bəzi qüvvələri İslam dəyərlərini qorumaq adı altında beynəlxalq hüququn prinsiplərinə və dostluq əlaqələrinə zidd açıqlamalar verməkdən çəkinmirlər.
"Özünü müsəlman dünyasına İslam təəssübkeşi kimi təqdim etmək istəyən İran Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, 30 mindən çox müsəlmanı qətlə yetirmiş Ermənistanla strateji ortaqlıq əlaqələri qurmaqdan çəkinmir. Azərbaycanda dini etiqad azadlığının pozulduğunu iddia edən bu qüvvələr nəyə görəsə 1 milyondan çox azərbaycanlının hüququnu, azadlığını unudur, işğal olunmuş torpaqlarda məscidlərin, dini məbədlərin dağıdılması haqqında danışmaq belə istəmir. İranın yüksək vəzifəli şəxslərinin Azərbaycan torpaqlarını işğal etmiş, minlərlə insanı qətlə yetirmiş, yüz minlərlə azərbaycanlını öz yurdundan sürgün etmiş Ermənistanla iş birliyindən əl çəkməsini, həmçinin 30 milyondan artıq azərbaycanlının bütün milli hüququna hörmətlə yanaşmasını, onların ana dilində təhsil almalarına, öz milli-mənəvi dəyərlərini yaşatmalarına şərait yaratmaqlarını tələb edirik", - qətnamədə bildirilir.
Polis mitinqi dağıdıb, aksiyada dörd nəfər BDM fəalı saxlanılıb, bir nəfər isə səhhəti pisləşdiyi üçün yaxınlıqdakı xəstəxanaya çatdırılıb.