...

Bundan sonrakı illərdə də Azərbaycanın uğurlu inkişafı təmin olunacaq – Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 10 Mart 2011 02:48 (UTC +04:00)
Ölkəmizdə aparılan geniş quruculuq işləri hamımızı sevindirir. Ölkəmiz inkişaf edir, güclənir. Bu, özünü həm statistik göstəricilərdə göstərir, eyni zamanda, biz bu müsbət dəyişiklikləri gündəlik həyatda görürük. Həm Bakı şəhərində, həm də bütün şəhər və rayonlarımızda çox böyük quruculuq və abadlıq işləri aparılır, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirdiyi müşavirədə bildirib, Prezidentin rəsmi saytı məlumat yayıb.
Bundan sonrakı illərdə də Azərbaycanın uğurlu inkişafı təmin olunacaq – Prezident İlham Əliyev (ƏLAVƏ OLUNUB)

Dövlət başçısının yekun nitqi əlavə olunub (ilk xəbər 9 mart 23:30-da yayılıb)

Ölkəmizdə aparılan geniş quruculuq işləri hamımızı sevindirir. Ölkəmiz inkişaf edir, güclənir. Bu, özünü həm statistik göstəricilərdə göstərir, eyni zamanda, biz bu müsbət dəyişiklikləri gündəlik həyatda görürük. Həm Bakı şəhərində, həm də bütün şəhər və rayonlarımızda çox böyük quruculuq və abadlıq işləri aparılır, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirdiyi müşavirədə bildirib, Prezidentin rəsmi saytı məlumat yayıb.

"Son illərdə Azərbaycan iqtisadiyyatı dünyanın ən yüksək templəri ilə inkişaf etmişdir. Bu sahədəki nailiyyətlər dünya birliyi tərəfindən də qiymətləndirilir. Nüfuzlu beynəlxalq maliyyə qurumları Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirirlər.
Bir sözlə, sürətli inkişaf bizə imkan verdi ki, ölkəmizin hərtərəfli yüksəlişi üçün əlavə imkanlar yaradılsın. Şübhəsiz ki, bu inkişafın təməlində uğurlu iqtisadi və siyasi islahatlar, Azərbaycanda aparılan uğurlu neft siyasəti dayanır. Bu siyasət bizə imkan verdi ki, böyük maliyyə resursları yaradaq və onları çox böyük səmərə ilə iqtisadiyyata yönəldək ki, həm insanların rifah halı yaxşılaşsın, həm də ölkəmizin inkişafı uğurlu və uzunmüddətli olsun" İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda son yeddi il ərzində iqtisadiyyat təxminən 3 dəfə, büdcə xərcləri 12 dəfə artmışdır, yoxsulluq 4,5 dəfə, işsizlik kəskin şəkildə azalıb. Yəni, hər bir ölkənin iqtisadi və sosial göstəricilərini nümayiş etdirən əsas rəqəmlər bizim inkişafımızı əyani şəkildə sübut edir.
"Əminəm ki, bundan sonrakı illərdə də Azərbaycanın uğurlu inkişafı təmin olunacaqdır. Çünki hazırda qəbul edilmiş və icra olunan proqramlar, layihələr bu məqsədə çatmaq üçün bizə şərait yaradacaqdır. Bu yaxınlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının növbəti ilinin yekunlarını geniş müzakirə etdik. Yeni, inkişaf strategiyamızın həyata keçirilməsi üçün əlavə tədbirlərin görülməsi haqqında fikir mübadiləsi apardıq. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi imkan verdi ki, bütün regionlarda sürətli inkişaf getsin, bütün regionlar güclənsin və beləliklə ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin.
Bununla bərabər, biz Bakı şəhərinin inkişafına da çox böyük diqqət göstəririk. Bakı bizim paytaxtımızdır, dünyanın ən gözəl şəhərlərindən biridir və əlbəttə, Bakıya göstərilən diqqət və qoyulan vəsait şəhərimizin inkişafı üçün müsbət rol oynamışdır. Ancaq məqsədimiz ondan ibarət idi ki, rayonlarla Bakı arasındakı fərqi azaldaq və biz buna müəyyən dərəcədə nail ola bilmişik. Əgər bu gün də hələ ki, bu fərq kifayət qədər böyükdürsə bunun səbəbi onda deyil ki, regionlar inkişaf etmir. Bunun səbəbi ondadır ki, Bakı şəhəri son bir neçə il ərzində çox sürətlə inkişaf etmişdir.
Ancaq biz bu siyasəti davam etdirəcəyik. Regionlarda hazırda icrada olan layihələr əminəm ki, bütün bölgələrdə həm sosial, həm sənaye infrastrukturunun gücləndirilməsinə xidmət göstərəcəkdir. Elə etməliyik ki, hər bir bölgədə, hər bir rayonda, hər bir kənddə normal yaşamaq, işləmək üçün bütün şərait yaradılsın. Bir daha demək istəyirəm ki, bu məqsədlə çox genişmiqyaslı işlər görülür. Yenə də deyirəm, bu yaxınlarda regionların inkişafına dair müşavirədə bu barədə geniş müzakirələr aparıldı, təkrarlamağa ehtiyac yoxdur.
Bugünkü iclasda biz daha çox Bakı qəsəbələrinin inkişaf istiqamətlərini müzakirə edəcəyik və yeni proqramları müəyyənləşdirəcəyik" Prezident giriş nitqində bildirib.

İlham Əliyev bird aha vurğulayıb ki, Bakının inkişafına çox böyük diqqət göstərilir. Bakının müasir meqapolisə, böyük şəhərə çevrilməsi səylərimiz öz nəticəsini verməkdədir. Şəhərimizdə həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm infrastruktur layihələri icra edilir.
"Bir daha demək istəyirəm ki, Bakı bu gün sözün əsl mənasında dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bu, mənim qəti fikrimdir.
Əlbəttə ki, şəhər böyüyür, Azərbaycan əhalisi artır. Vaxtilə Bakıda infrastruktur layihələrinin həyata keçirilməsi daha az əhaliyə hesablanmışdır. Bu gün əhali artıb və biz elə etməliyik ki, bütün infrastruktur, bütün kommunal xidmətlər, bütün nəqliyyat imkanlarımız böyüyən şəhərə uyğun olsun. Son illər ərzində şəhərimizdə bu məqsədlə genişmiqyaslı işlər aparılmışdır. Xüsusilə, yol-nəqliyyat sektorunda çox ciddi tədbirlər görülmüşdür. O tədbirlər vaxtlı-vaxtında görülmüşdür. Çünki əgər o tədbirlər görülməsəydi, bu gün Bakıda şəhər nəqliyyatı iflic vəziyyətinə düşə bilərdi. Biz bəzi böyük şəhərlərin problemləri ilə tanışıq. Görürük ki, o şəhərlərdə bəzi hallarda yol hərəkəti dayanır, bir neçə saat iflic vəziyyətə düşür. Bunun qarşısının alınması üçün bir neçə il bundan əvvəl şəhərimizdə geniş yol-tikinti layihələri icra edilməyə başlamışdır.
Deyə bilərəm ki, son bir neçə il ərzində şəhərimizdə 23 yol ötürücüsü, körpülər, tunellər istifadəyə verilmişdir, yolların genişləndirilməsi layihələri icra edilmişdir. Harada ki, yollar yox idi bir çox hallarda orada yeni yollar salınmışdır. Elə bil yeni damarlar açılmışdır ki, yol hərəkəti daha da rahat olsun.
Bununla bərabər, şəhərimizdə 32 piyada keçidi tikilmişdir. Əvvəlki illərdə tikilmiş bütün keçidlər bərpa olunmuşdur və bu keçidlər bu gün memarlıq əsərləridir. Bəzilərində eskalatorlar quraşdırılıb ki, insanların rahatlığı üçün şərait yaradaq. Bütün piyada keçidlərimiz ən yüksək standartlara cavab verir. Piyada keçidlərinin inşası davam etdirilir. Həm şəhərin mərkəzində, həm də yeni yolların salınması ilə əlaqədar bu piyada keçidlərinin tikintisinə daha da böyük ehtiyac yarandı. Çünki yollar genişləndikcə, əlbəttə ki, insanların o yollardan rahat keçməsi üçün əlavə şərait yaradılmalı idi.
Bakıda bu il Nəqliyyatın İntellektual İdarə Edilməsi Mərkəzi istifadəyə veriləcəkdir. Bu mərkəz də dünya standartları səviyyəsində qurulur və bizə imkan verəcək ki, yol hərəkətini tənzimləmək üçün ən qabaqcıl texnologiyalardan istifadə edək. Beləliklə, şəhərdə tıxac problemlərinin həlli üçün əlavə imkanlar yaranacaqdır.
Şəhərə çoxsaylı yeni, müasir avtobuslar gətirilmişdir, yaxın zamanlarda yeni taksi maşınları gətiriləcəkdir. Yəni, biz nəqliyyat infrastrukturunun inkişafına kompleks şəkildə yanaşırıq. Hələ ki, Bakıda görüləsi işlər çoxdur. Yeni layihələr icra edilir və bütün bu layihələr bir məqsədi güdür ki, şəhərimizdə müasir tələblərə uyğun şəkildə nəqliyyat infrastrukturu yaradılsın. Deyə bilərəm ki, biz işlərin böyük hissəsini görmüşük. Növbəti illərdə qalan hissələr də təmin ediləcəkdir.
Şəhərimizdə infrastruktur layihələrinin icrası böyük səmərə verir. Xüsusilə elektrik enerjisi ilə təchizatda son illərdə böyük və əsaslı dönüş yaranmışdır, yarımstansiyalar tikilmişdir, transformatorlar təzələnmişdir və bu proses davam etdirilir. Şəhərimizi etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün bu il və gələn illərdə hələ çox işlər görülməlidir. Yenə də deyirəm ki, şəhərimizin əhalisi artır və bütün infrastruktur layihələri bu artıma uyğun olmalıdır, onu qabaqlamalıdır" Prezident çıxışında söyləyib.

Dövlət başçısı qeyd edib ki, şəhərimizdə qəsəbələr daxil olmaqla qazlaşdırma prosesi uğurla gedir.
"Hazırda Bakı şəhərinin 97 faizi qazlaşdırılıbdır. Ancaq biz elə etməliyik ki, yaxın illərdə 100 faiz qazlaşdırmaya nail olaq. Eyni zamanda, xüsusilə qəsəbələrdə qazın təzyiqi bəzi hallarda lazımi səviyyədə deyildir. Onu da yaxşılaşdıraq ki, bu məsələ də tam şəkildə öz həllini tapsın.
Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində əminəm ki, yaxın zamanlarda Bakının su ilə təminatı kəskin şəkildə yaxşılaşdırılacaqdır. Yaxın zamanlarda bu kəmər tam gücü ilə çalışacaq və şəhərimizin əhalisinin 70 faizi keyfiyyətli içməli su ilə təmin ediləcək, suyun davamlı verilməsi təmin olunacaqdır. Şəhərimizin qalan hissəsinin içməli su ilə təmin edilməsi üçün əlavə tədbirlər görülməlidir. Bu gün biz bu barədə danışacağıq.
İstiliklə təmin etmə üçün bir neçə il bundan əvvəl "Azəristilik" Birliyi yaradılmışdır və hər il o qurum tərəfindən müəyyən işlər aparılır, yeni evlərə, məktəblərə, digər obyektlərə istiliyin verilməsi prosesi gedir. Yaxın zamanlarda şəhərimizin və qəsəbələrin inkişafına dair qəbul ediləcək yeni proqram çərçivəsində bu məsələlər də öz həllini tapmalıdır. Burada əsas problem ondan ibarətdir ki, - Bakı sakinləri bunu yaxşı bilir, - vaxtilə istilik kəsildiyi dövrdə bəzi evlərdə, mənzillərdə istilik batareyaları kəsilib atılmışdır və indi onları bərpa etmək üçün müəyyən problemlər yaranır. Ancaq bu məsələyə də diqqətlə yanaşmalıyıq. Beləliklə, bu vacib məsələ öz həllini tapacaqdır.
Şəhərimizin abadlaşdırılması üçün son illərdə çox böyük işlər görülmüşdür. İlk növbədə, biz tarixi binaları bərpa etdik. Şəhərimizin mərkəzində demək olar ki, bütün tarixi binalar ən yüksək keyfiyyətlə, böyük zövqlə bərpa edildi. Deyə bilərəm ki, hər bir binanın bərpası xüsusi diqqət altında olmuşdur. Bu işlərə mütəxəssislər, bu işi bilən adamlar cəlb edilmişdir. Yəni, Bakının tarixi binaları bizim milli sərvətimizdir. O binaların bərpası prosesi çox uğurla başa çatdı və bu gün sanki bu binalar yenidən canlandı, onlara yeni həyat verildi. Bərpa işləri təkcə xarici görüntü ilə məhdudlaşmadı, binaların təməli də daxil olmaqla, bərpa işləri aparıldı. Binaların içində olan kommunikasiyalar, liftlər təzələndi. Binaların damları yenidən quruldu. Yəni, bu proses bu gün davam etdirilir və hazırda nəinki şəhərin mərkəzində, kənar yerlərdə də əvvəlki illərdə tikilmiş binalar bərpa olunur. Bu məqsədə çatmaq üçün böyük vəsait ayrılır və biz bunu etməliyik. Birinci, binaların tarixi görünüşünü onlara qaytarmalıyıq. Digər tərəfdən, vaxtilə tikilmiş və müddəti keçmiş binaların bərpası prosesi çox böyük əhəmiyyət daşıyır.

Şəhərimizin demək olar ki, əsas parkları yenidən quruldu. Bu parklar bu gün göz oxşayır. Həm istirahət etmək üçün gözəl şərait yaradılıbdır, həm də orada müasir standartlara uyğun xidmət göstərilir. Şəhərin mərkəzində yerləşən bütün parklar böyük zövqlə yenidən qurulub, bəzi hallarda təmir edilib, bəzi hallarda isə tamamilə yenidən qurulmuşdur. Onunla bərabər, yeni parklar salınıbdır. O yerlərdə ki, vaxtilə yararsız vəziyyətə düşmüş binalar, yaxud da hansısa obyektlər yerləşirdi. Onlar şəhərin görüntüsünü pozurdu, korlayırdı. Onlar oradan köçürüldü və yerlərində yeni parklar salındı. Xüsusilə Bakının sənaye zonalarında yeni parklar salınmış və insanların xidmətinə verilmişdir. Bu proses davam etdiriləcəkdir. Çünki vaxtilə şəhərin mərkəzində tikilmiş sənaye müəssisələrinin böyük əksəriyyəti işləmir, yaxud işləyirsə də, səmərəsi çox aşağı səviyyədədir. Biz onları tədricən köçürürük və köçürəcəyik. Şəhərin mərkəzində sənaye müəssisələri olmamalıdır. Onların yerində yeni parklar, yaşayış binaları, istirahət üçün yerlər, ictimai məna daşıyan yerlər yaradılır və bu proses uğurla gedir. Bu məsələ daim planlarımızda dayanır və növbəti illərdə yeni parkların salınması işləri aparılacaqdır.
Şəhərimizdə abadlıq quruculuq işləri çox geniş vüsət almışdır. Şəhərdə demək olar ki, bütün əsas teatrlar, bütün muzeylər əsaslı təmir edildi. Yeni muzeylər, nadir memarlıq abidəsinə çevriləcək Xalça Muzeyi tikilir və mədəni həyatımızı zənginləşdirən digər tarixi binalar ya təmir olunur, ya da təmir olunubdur. Növbəti illərdə təmirə ehtiyacı olan bütün şəhər mədəniyyət ocaqları əsaslı təmir olunacaqdır. Şəhərimizdə möhtəşəm Heydər Əliyev Mərkəzi tikilir. Bu mərkəz artıq dünya memarlıq xəzinəsinə daxil edilibdir. Hələ ki, tikinti gedir, ancaq bu mərkəzin görüntüləri artıq ən mötəbər kataloqlarda da öz əksini tapır. Yəni bu, dünya miqyasında nadir memarlıq abidəsi olacaqdır. Eyni zamanda, mərkəzin böyük funksional mənası vardır. İndi bəziləri artıq xatırlamır ki, o yerdə vaxtilə böyük zavod yerləşmişdi. O zavodun əvvəlki adı "Şmidt", sonra "Səttarxan" idi. Artıq yararsız vəziyyətə düşmüş zavodun ərazisində on hektarlarla torpaq sahəsi var idi. O zavod oradan köçürüldü və orada böyük bir park salınır. Şəhərin girişində müasir Azərbaycanın memarlıq simvoluna çevrilmiş Heydər Əliyev Mərkəzinin ətrafında doqquz hektar sahədə gözəl park salınır. Orada istirahət üçün gözəl yerlər olacaqdır. Biz bütövlükdə şəhərimizdə yeni parkların salınması ilə nəinki estetik məqsədə çatırıq, eyni zamanda, bu, şəhərimizin "ağciyərləridir". Biz indi müəyyən layihələr üzərində işləyirik ki, şəhərin mərkəzində yeni meşə zolaqları salaq. O yerlərdə ki, vaxtilə tikilmiş və yararsız vəziyyətə düşmüş ya sənaye müəssisələri, ya yaşayış binaları yerləşir. Oradan köçürülmə işləri aparılacaqdır. Əgər yaşayış binalarıdırsa, kompensasiya ödəniləcəkdir və bazar qiyməti ilə ödəniləcəkdir. Necə ki, bu vaxta qədər bütün kompensasiyalar bazar qiyməti ilə ödənilib və onların yerində yeni parklar, meşə zolaqları yaradılacaqdır ki, şəhərimizin ekologiyasına müsbət təsir göstərsin.

Ekoloji məsələlərin həlli üçün kompleks tədbirlər görülür. Biz artıq "Avro-2" standartına keçmişik. Ancaq bu, birinci addımdır. "Avro-3", "Avro-4" standartlarına da keçməliyik və beləliklə, şəhərimizin ekoloji vəziyyəti daha da yaxşılaşdırılacaqdır. Balaxanı poliqonundan şəhəri bürüyən tüstülər daha qalxmır, o, artıq yoxdur. Biz həmin zibilxananı təmizlədik, indi onun yerində böyük park salınır. Məişət tullantıları zavodu tikilir. Bu, böyük vəsait tələb edir. Bu layihə dövlət büdcəsi tərəfindən maliyyələşdirilir və yəqin ki, 1-2 ilə bu zavod da istifadəyə veriləcəkdir. Bu da dünya səviyyəsində bir zavod olacaqdır. Şəhərimizdə təkcə keçən il 3 milyon ağac əkilmişdir. İndi biz gərək o ağaclara yaxşı qulluq edək. Çünki bəzi hallarda ağaclar təbii olaraq quruyur. Ona görə suvarma işləri, ağaclara xidmət etmək üçün xüsusi tapşırıqlar verilib ki, bu proses daim nəzarətdə olsun. Bu il, ondan sonrakı illərdə bu proses davam etdiriləcəkdir. Şəhərimizdə ağacəkmə prosesi sürətlə gedəcəkdir. Mən xüsusi göstəriş vermişəm ki, boş yerlərdə, görkəmli yerlərdə yeni ağaclar əkilsin. Bayıl yamacında böyük bir meşə zolağı yaradılacaqdır. Bakını əhatə edən bu dağlar indi quru dağlardır. Amma o dağlar meşə ilə örtüləcəkdir və həm ekoloji vəziyyət yaxşılaşdırılacaq, həm də gözoxşayan bir mənzərə yaradılacaqdır" Prezident bildirib.

İlham Əliyev xatırladıb ki, Bakının simvollarından biri olan Dənizkənarı Bulvar da əsaslı təmir edilib.
"Bulvarın 100 il tarixi vardır. Hesab edirəm ki, bu 100 il ərzində bu cür əsaslı yenidənqurma və təmir işləri ilk dəfə aparılmışdır. Bulvar genişləndi - biz bulvarı dənizə qədər genişləndirdik. İndi insanlar lap dənizin kənarına çıxa bilərlər. Orada da gəzinti üçün gözəl yerlər vardır. Xüsusilə yaz-yay aylarında on minlərlə Bakı sakini bulvardadır və biz bulvarı Bakı sakinlərinə qaytardıq. Çünki hamımız yaxşı xatırlayırıq ki, bir neçə il bundan əvvəl bulvarda gəzintiyə çıxmaq üçün çox az adam tapılardı. Çünki infrastruktur bərbad, xidmət çox aşağı səviyyədə idi, zülmət, qaranlıq, bir dənə də işıq yanmırdı, dirəklər köhnəlmişdi, paslanmışdı. Adam bulvara çıxanda, sözün düzü, xəcalət çəkirdi və beləliklə, biz onu itirirdik. Şəhər sakinləri daha çox - Fəvvarələr bağına, başqa yerlərə üz tuturdular. Ancaq bu gün biz bulvarı şəhərə qaytardıq. Elə şəkildə qaytardıq ki, bu bulvar dünyada bir nömrəli bulvardır. Dəniz kənarında yerləşən başqa şəhərlərdə dənizkənarı bulvarlar vardır. Amma heç bir yerdə bu gözəllikdə, bu genişlikdə bulvar yoxdur. Bax, bu gün bulvarın uzadılması layihəsini icra edirik - bulvar həm sağ, həm sol tərəfə uzadılacaqdır. Artıq Dəniz Ticarət Limanının köçürülməsi prosesi başlanılmışdır. Biz indi Ələtdə yeni ticarət limanı yaradırıq. İndiki ticarət limanının ərazisində artıq parklar salınır və salınacaqdır və bulvar uzadılacaqdır. Eyni zamanda, bulvar Bayraq Meydanına qədər uzadılacaqdır. Orada gəmi təmiri zavodu və köhnədən qalan digər zavodlar yerləşibdir. İndi onların köçürülməsi ilə məşğuluq və hazırda Əl Oyunları Sarayından ta Bayraq Meydanına qədər möhtəşəm, gözəl, yeni bulvar tikiləcəkdir. Beləliklə, - hazırda bulvarın uzunluğu haradasa 4 kilometrə yaxındır, - bulvarın uzunluğu 10 kilometr, bəlkə ondan da çox olacaqdır" dövlət başçısı deyib.

Prezident bildirib ki, Bayraq Meydanı isə nadir memarlıq abidəsidir, müstəqilliyimizin rəmzidir. Dünyanın ən hündür və ən böyük bayrağıdır.
"Bu layihəyə xüsusilə böyük diqqət göstərilmişdir. Keçən ilin sentyabrında Azərbaycanda Bayraq Meydanı böyük təntənə ilə açıldı. Orada həm də muzey fəaliyyət göstərir. İndi meydanın ətrafında böyük quruculuq, abadlıq işləri aparılır. Bayraq Meydanı özü haradasa 6 hektar ərazini əhatə edir. Onun ətrafında olan yerlər 60 hektar ərazini əhatə edir və burada böyük quruculuq işləri aparılır - parklar, bulvar, istirahət, gəzinti üçün yerlər salınır. Bu layihə ümid edirəm ki, bu ilin sonuna qədər başa çatacaqdır. Ondan sonra Bayraq Meydanına gedən bütün yollar tikiləcək, yeni yollar çəkiləcək və gəzinti üçün böyük və möhtəşəm bir meydan, əgər belə demək mümkünsə, bəlkə də dünyanın ən böyük meydanı yaradılacaqdır.
Bununla bərabər, İçərişəhərdə gedən abadlıq-quruculuq işləri də hər bir Bakı sakinini sevindirir. Vaxtilə işlərin düzgün şəkildə qurulmaması ucbatından milli sərvətimiz olan İçərişəhər YUNESKO-nun dünya mədəni irsi siyahısından silinirdi. Biz orada böyük işlər gördük, yeni qurum yaradıldı, İçərişəhərdə təmir-bərpa işləri aparıldı. Biz nail olduq ki, İçərişəhər dünya mədəniyyət incisi kimi YUNESKO-nun siyahısına yenidən daxil edilsin. Bu gün həm Bakı sakinləri, həm şəhərimizə gələn qonaqlar İçərişəhərlə tanış olarkən Azərbaycanın qədim mədəniyyətini, tarixini öz gözləri ilə görürlər. İndi orada görülən işlər ən yüksək səviyyədədir. Özü də mən sizə deyim ki, dünyada köhnə şəhərlər, tarixi abidələr o qədər də çox deyildir. Onlar daha çox Avropa şəhərlərində vardır. Onların arasında mən deyə bilərəm ki, İçərişəhər öz gözəlliyi, səliqə-sahmanı və göstərilən xidmətləri ilə fərqlənir. Bu, bizim tariximizə, qədim mədəniyyətimizə olan münasibətimizdir. Eyni zamanda, müasir infrastrukturun yaradılması və şəhərdə quruculuq-abadlıq işlərinin aparılması gələcəyə atılan addımlardır. Bakı bu iki anlayışı özündə birləşdirir: həm qədim tarix, həm də ki, müasirlik. Eyni qaydada ölkəmiz - Azərbaycan öz müstəqil həyatını yaşayır. Dövlətimiz çox möhkəm milli mənəvi dəyərlər üzərində qurulubdur. Ancaq gələcəyə - müasirliyə, inkişafa, tərəqqiyə yönəldilibdir.
Bugünkü iclasın əsas məqsədi Bakı qəsəbələrinin inkişafını müzakirə etmək və yaxın zamanlarda qəsəbələrin inkişafına dair böyük və geniş proqram qəbul etməkdir. Bu binada - şəhər meriyasında 2005-ci ilin sonunda biz buna bənzər iclas keçirmişik. Ondan sonra 2006-cı ildə Bakının kənd və qəsəbələrinin inkişafına dair xüsusi proqram qəbul edilmişdir. O proqram artıqlaması ilə icra edilmişdir. Mən o görüşü yaxşı xatırlayıram. O vaxt Bakı qəsəbələrini təmsil edən nümayəndələr, ağsaqqallar öz fikirlərini, təkliflərini vermişdilər. Bu gün də onlar - nümayəndələr bu salondadırlar. O təkliflər və tövsiyələr əsasında proqram qəbul edildi və qəsəbələrin inkişafı üçün çox işlər görülübdür.

Ancaq yenə də deyirəm, həyat yerində durmur. Bakı şəhəri, bütün bölgələr inkişaf edir. Bölgələrin inkişafı üçün 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən konkret proqramlar vardır. Yəni, biz bilirik o sahədə nə işlər görülməlidir. Konkret icra mexanizmləri var, maliyyə təminatı və layihələr artıq mövcuddur. Bakı qəsəbələrində də buna oxşar proseslər getməlidir. Orada aparılan işlər ölkəmizin bugünkü səviyyəsinə bəzi hallarda uyğun gəlmir. Ona görə bu gün Bakı qəsəbələrinin inkişafına dair xüsusi proqram müzakirə olunacaqdır. Artıq mən tapşırıq vermişəm ki, həm yerlərdən gələn təklifər, tövsiyələr əsasında, həm də indi müvafiq dövlət qurumları təkliflərini irəli sürəcəklər, bu proqram yaxın zamanlarda qəbul edilsin.
Proqramın icrası üçün bu ilin dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulmalıdır. Düzdür, büdcəmiz formalaşıb, ancaq yəqin ki, büdcəyə düzəlişlər ediləcək və beləliklə, bu proqram da orada öz həllini tapmalıdır. Qəsəbələrin inkişafı, sosial infrastrukturun yaradılması, məktəblər, tibb ocaqları, yollar, qəsəbədaxili, qəsəbələrarası yollar, kommunikasiyalar, qazlaşdırma, içməli su layihələri - bütün bu layihələr, eyni zamanda, iş yerlərinin açılması məsələləri proqramımıza əsasən həllini tapmalıdır.
Deyə bilərəm ki, son illərdə Bakı qəsəbələrində bu istiqamətdə işlər görülübdür. Son bir neçə il ərzində 34 məktəb, 18 tibb müəssisəsi tikilib və təmir edilibdir. Qeyd etdiyim kimi, sürətli qazlaşdırma prosesi gedir və biz bu prosesi başa çatdırmalıyıq. Qəsəbələrin inkişafı üçün nə lazımdırsa, biz onu edəcəyik. Çünki Bakının ətrafında yerləşən qəsəbələrdə 800 mindən artıq əhali yaşayır. Bu, özlüyündə böyük bir şəhərdir və bu qəsəbələr şəhər səviyyəsinə gətirilməlidir. Bunu etmək üçün yenə də deyirəm, maliyyə vəsaiti lazımdır - o, bizdə vardır. Siyasi iradə lazımdır - o da bizdə vardır. Artıq bizdə peşəkar kadrlar da vardır. Texnikamız, şirkətlərimiz vardır ki, bütün bu işləri onlar görə bilərlər. Bu, böyük zəhmət tələb edən iş olacaqdır. Bütün dövlət qurumları, yerli icra orqanları, bələdiyyələr, kəndlərdə, qəsəbələrdə yaşayan sakinlər - hamımız burada bir məqsədə xidmət etməliyik ki, istədiyimizə qısa müddət ərzində nail ola bilək.
Mən hesab edirəm ki, biz bu proqramı iki, maksimum üç il ərzində icra etməliyik. Mən yaxşı başa düşürəm ki, çox böyük işdir. Mənim tərəfimdən ilkin tapşırıq veriləndə alınan məlumatlar göstərir ki, əslində biz bu qəsəbələri yenidən quracağıq. Çünki orada bəzi hallarda infrastruktur bərbad vəziyyətdədir, iş yerləri məsələsi vardır. Yəni, biz bu məsələyə də diqqətlə yanaşmalıyıq. Orada orta və kiçik sahibkarlığın inkişafına dəstək verilməlidir. Yəni, 800 min əhalini əhatə edən qəsəbələrin inkişafı proqramının icrası çox böyük işdir. Ancaq biz bu böyük işləri icra etməliyik. Bu gün Azərbaycanın uğurlu inkişafı onu göstərir. Biz son bir neçə il ərzində dünya miqyasında ən sürətli inkişafa nail ola bilmişik. Ən sürətli inkişaf Azərbaycandadır. Dünya miqyasında bunu hamı görür, etiraf edir. Bizi istəməyənlər də məcburdurlar bunu etiraf etsinlər. Bakıya və bölgələrə gələn hər bir vətəndaş, hər bir xarici qonaq bu gözəlliyə, bu abadlığa, bu təmizliyə heyran qalır. Bunu biz yaratmışıq. Ona görə qəsəbələrin problemlərini də özümüz həll edəcəyik. Bugünkü müşavirə, ilk növbədə bu məsələlərlə bağlıdır və bu gün biz müzakirələr aparacağıq" İlham Əliyev giriş nitqində söyləyib.

Sonra Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov paytaxtın və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı əsasında ötən müddətdə həyata keçirilən silsilə tədbirləri diqqətə çatdırdı. Bakı və ətraf qəsəbələrdə reallaşdırılan kompleks yenidənqurma işlərində Heydər Əliyev Fondunun xidmətlərini xüsusi vurğulayan Hacıbala Abutalıbov mövcud problemlərdən də danışdı və həyata keçiriləcək növbəti tədbirlərlə bağlı təkliflərini irəli sürdü.

Sabunçu rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Rasim Ağayev, Qaradağ rayonu Lökbatan bələdiyyəsinin sədri Nizami Namazəliyev, Suraxanı rayon İcra hakimiyyəti başçısının Bülbülə qəsəbəsi üzrə nümayəndəsi Elçin Seyfullayev, Binəqədi bələdiyyəsinin sədri Fəzail Babayev və Xəzər rayonu Şağan qəsəbəsinin sakini Təvəkkül Səlimov ötən illərdə görülən tədbirlərdən danışdılar, sakinlərin arzu və təkliflərini diqqətə çatdırdılar. Onlar Bakı və ətraf qəsəbələrin yenidən qurulmasında yaxından iştirakına görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya xüsusi minnətdarlıqlarını bildirdilər.

Prezident İlham Əliyev yekun nitqində müşavirədə irəli sürülən təkliflər də nəzərə alınmaqla, Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı hazırlanacaq yeni proqramda nəzərdə tutulacaq tədbirlərin 3 il ərzində icra olunması barədə tapşırıqlarını verdi.

"Bugünkü iclasın əminəm ki, çox böyük əhəmiyyəti olacaqdır. Çünki bu iclasda nəinki şəhərdə və qəsəbələrdə görülmüş işlər müzakirə edildi, eyni zamanda, ən əsası ondan ibarətdir ki, gələcək addımlarımız bu yaxınlarda müəyyən olunacaqdır.
Biz yaxşı bilirik ki, ölkədəki vəziyyət necədir, həm bölgələrdə, həm Bakıda, həm Bakının qəsəbələrində hansı problemlər öz həllini gözləyir. Sadəcə olaraq hesab edirəm ki, indiki mərhələdə bütün bu problemləri həll etmək üçün, bir də demək istəyirəm, xüsusi proqram tərtib olunmalı, yaxın zamanlarda qəbul edilməlidir. Burada qaldırılan məsələlər - yollar, içməli su, kanalizasiya, suvarma, evlərin qeydiyyata alınması ilə bağlı qaldırılan məsələlər də bu Proqramda öz həllini tapacaqdır.
Bundan başqa, Proqramda qəsəbələrin bütün problemləri öz həllini tapmalıdır. Hər bir qəsəbə üzrə Proqramda xüsusi bəndlər olacaqdır. Hər qəsəbə üzrə kompleks yanaşma təmin edilməlidir, icra mexanizmləri, icra müddəti, şübhəsiz, müəyyən edilməlidir. Proqramın qəbul olunmasından sonra dövlət büdcəmizdə əlavələr edilməlidir ki, ilin sonuna qədər biz artıq Proqramın icrasına başlayaq. Biz vaxt itirməməliyik. Bu Proqramı, bir də demək istəyirəm ki, biz 2-3 il ərzində icra etməliyik, bunu uzatmamalıyıq. Baxmayaraq ki, burada görüləcək işlər çoxdur və xüsusilə infrastruktur layihələri həm böyük vəsait tələb edəcək, həm onların icrası üçün müəyyən qədər vaxt tələb olunacaqdır. Ancaq hesab edirəm ki, biz 3 il ərzində bu Proqramın icrasına nail olacağıq", İlham Əliyev bildirib.

Onun sözlərinə görə, Proqramda infrastruktur layihələri arasında elektrik enerjisi ilə təchizat məsələləri öz həllini tapır. "Demək olar ki, ölkə üzrə bütövlükdə bu məsələ öz həllini tapmışdır. Son illər ərzində 10 yeni elektrik stansiyası tikilmişdir. Hər bir bölgədə dayanıqlı elektrik enerjisi ilə təchizat məsələləri öz həllini tapır. Xüsusilə Bakı şəhərində bu məsələyə xüsusi diqqət göstərilmişdir. Bakı Elektrik Şəbəkə Şirkəti qurulandan sonra bu sahədə müsbətə doğru çox ciddi dönüş yaranmışdır. Proses davam edir. Dövlət büdcəsindən vəsait ayrılır və növbəti illərdə yeni yarımstansiyaların tikintisi, xətlərin dəyişdirilməsi, transformatorların quraşdırılması nəzərdə tutulur. Əlbəttə ki, Proqramda da hər bir qəsəbə üzrə bu məsələ öz həllini tapmalıdır. Hazırda vəziyyət qənaətbəxşdir. Amma nəzərə alsaq ki, ölkəmiz inkişaf edir, əhali artır, ölkəmizdə böyük sənayeləşmə prosesi gedir. Hazırda Bakıda yeni tikilmiş və tikiləcək binalar, mehmanxanalar, sənaye obyektləri əlavə enerji tələb edəcəkdir.
Biz elə etməliyik ki, daim enerji ilə təminat tələbatımızı qabaqlasın. Bu məqsədlə növbəti illərdə tədbirlər görüləcəkdir. Qazlaşdırma ilə bağlı bizim üçün ən böyük problemlərdən biri də ondan ibarət idi ki, bu məsələ uzun illər ərzində ölkəmizdə lazımi səviyyədə öz həllini tapmamışdır. Bunun səbəbləri təkcə qazın az olmasında deyildir. Hazırda biz qazın istehsalını böyük dərəcədə artırmışıq, yeraltı qaz anbarları tikilmişdir və o anbarlara 3 milyard kubmetr qaz doldurulub. Bir neçə il bundan əvvəl o anbarların gücü cəmi 500 milyon kubmetr idi və əlbəttə ki, qış aylarında müəyyən problemlər yaranırdı. Ancaq problemlər təkcə qazın həcmi ilə deyil, qaz şəbəkəsinin infrastrukturunun lazımi səviyyədə olmaması ilə bağlıdır. Hazırda Dövlət Neft Şirkəti və onun tərkib hissəsi olan "Azəriqaz" qurumu bu məsələ ilə bağlı çox ciddi məşğuldur. Bütün bölgələrdə qazlaşdırma prosesi gedir, ən ucqar bölgələrdə, xüsusilə sərhəd bölgələrində böyük proqramlar icra edilir. Bakı şəhərində və Bakı qəsəbələrində bu Proqram tam şəkildə icra olunmalıdır", dövlət başçısı bildirib.

"Mən giriş sözümdə qeyd etdim ki, hazırda Bakıda qazlaşdırma 97 faiz təşkil edir və qalan 3 faiz də öz həllini tapmalıdır. Yenə də deyirəm, biz xətlərin çəkilişi ilə də məşğul olmalıyıq. Harada təzyiq aşağıdır, təzyiqin qaldırılması və lazımi səviyyəyə çatdırılması üçün əlavə tədbirlər görüləcəkdir.
Burada qaldırılan məsələlərdən biri kanalizasiya və içməli su məsələləridir. Bu məsələlər əfsuslar olsun ki, şəhərimizə bütün dövrlərdə xas olan problemlərdir. Bakını içməli su ilə təmin etmək üçün çox böyük layihələr icra edilir. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi məhz bu məqsədi daşıyırdı. Ondan sonra Bakıda su anbarları tikilir və tikilməlidir, su xətləri yeniləşdirilməlidir. Burada itkilər çox böyük səviyyədədir. Əgər biz o itkiləri aradan götürsək, hətta hazırkı su təchizatı Bakını su ilə təmin etmək üçün artıqlaması ilə kifayətdir.
Biz inkişaf etmiş şəhərlərin su təchizatı ilə bağlı problemlərin necə həll olunmasına yaxşı bələdik. Əgər bəzi inkişaf etmiş şəhərlərin əhalisi ilə müqayisə aparsaq görərik ki, Bakıdan daha da az həcmdə su verilir, ancaq orada təminat 100 faiz təşkil edilir. Bizdə isə bu itkilər və köhnə xətlərin yararsız vəziyyətdə olması məsələləri ilk növbədə həllini tapmalıdır. Biz bu məsələlərə kompleks şəkildə yanaşmalıyıq. Burada yanaşma dünyanın inkişaf etmiş şəhərlərinin səviyyəsində olmalıdır. Bu, böyük vəsait tələb edən məsələdir. Ancaq biz bunu etməliyik və edəcəyik. Onu da qeyd etmək istəyirəm ki, bu layihələr sırf sosial xarakter daşıyır, çünki Azərbaycanda suyun qiyməti çox aşağı səviyyədədir. İnkişaf etmiş şəhərlərlə müqayisədə bəlkə 10 dəfədən aşağıdır. Bölgədə də ən aşağı su tarifləri Azərbaycandadır. Yəni, bu layihələr, yenə də deyirəm, ancaq bir məqsədi güdür ki, Azərbaycan və Bakı sakinləri təmiz içməli su ilə təmin olunsunlar. Mən ümid edirəm ki, bu sahədə aparılan islahatlar tezliklə öz bəhrəsini verəcəkdir. Bakının və qəsəbələrin təmiz içməli su ilə dayanıqlı təminatı üçün qəbul ediləcək bu Proqramda çox ciddi məsələlər və müddət qoyulmalıdır, şübhəsiz ki, maliyyə resursları da təmin edilməlidir.
Qəsəbələrarası yollar problemi vardır. Bu problem tədricən həll olunur. Ancaq mən deyə bilərəm ki, bu məsələnin həlli magistral yolların hesabına baş verir. Bakı-Aeroport avtomobil yolunun genişləndirilməsi və yenidən qurulması müəyyən dərəcədə qəsəbələrarası yolların da inkişafına xidmət göstərir. Ancaq biz bununla bərabər, xüsusilə qəsəbələri birləşdirən yollara fikir verməliyik, əlavə vəsait də nəzərdə tutulacaqdır", İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, Bakı-Aeroport və Aeroport-Zığ istiqamətində tikilmiş yollar əlbəttə ki, qəsəbələrarası yolları da birləşdirir. "Nəzərə alsaq ki, bu yolun indi tikintisi davam edir, o, Sumqayıta qədər uzadılacaqdır. Beləliklə, burada bir neçə qəsəbə bir-biri ilə bağlanacaqdır. Hazırda görülmüş işlər Bülbülə, Binə, Mərdəkan, Buzovna, Bilgəh qəsəbələrini birləşdirir. O yol Bilgəhdən Sumqayıta - Nardaran, Kürdəxanı, Pirşağı, Fatmayi, Novxanı, Masazır və Corata qədər uzadılacaqdır. O yol dünya səviyyəli bir yol olacaqdır. Ancaq yenə də deyirəm, bu, tək sadəcə bir istiqamətdir. Biz bütün qəsəbədaxili və qəsəbələrarası yolları da, o layihələri də bu Proqrama salmalıyıq. Bu məsələ ilə bağlı xüsusi tapşırıqlar veriləcəkdir", ölkəmizin başçısı deyib.

Onun sözlərinə görə, evlərin qeydiyyata alınması problemi vardır. "Biz bu problemi bilirik. Biz bu problemi həll etməliyik. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. Şəxsən məni bu məsələnin həlli ilə bağlı ən çox narahat edən məsələlər məhz bu mənfi hallar və onların mümkünlüyüdür. Çünki, o evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyataalma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər. Ona görə bu mexanizm işlənilməlidir, çox ciddi təftiş aparılmalıdır ki, hansı evlər qeydiyyata alınmalıdır, o evlər necə tikilib. Gələcəkdə bu qanunsuz evlərin tikintisinə yol verilməməlidir. Yoxsa indi sənədsiz, qanunsuz tikilmiş bu evləri qeydiyyata alacağıq, sonra yenə qanunsuz yollarla torpaq sahələri veriləcək və evlər tikiləcəkdir. Bizdə əfsuslar olsun ki, keçmişdə də bu praktika olub. Bir neçə gün ərzində daşları tökürlər, binanı qaldırırlar, sonra da deyirlər ki, mən burada yaşayıram, sənəd verin.
Belə olmaz. Biz axı indi müasir şəhərdə, müasir dövlətdə yaşayırıq. Burada qanunun aliliyi hər yerdə bərqərar olunmalıdır. Bütün bu məsələlər qanun çərçivəsində tənzimlənməlidir. Ona görə çox səmərəli mexanizm hazırlanmalı, işlənilməli və mənə təqdim edilməlidir. O təqdirdə bu məsələ öz həllini tezliklə tapa bilər", Prezident deyib.

Dövlət başçısı qeyd edib ki, qəsəbədaxili yolların tikintisi məsələləri tezliklə öz həllini tapmalıdır. "Deyə bilərəm ki, bu sahədə vəziyyət məni qane etmir. Bilirsiniz, bu məsələni siz yerlərdə həll etməlisiniz. Bu, nə Prezidentin, nə də hətta şəhər icra hakimiyyəti başçısının məsələsi deyildir. Baxmayaraq ki, biz bu məsələlərlə də məşğuluq, bu, yerlərdə həll olunmalıdır. İndi bələdiyyələr vardır, onlar bu işləri görməlidirlər. Əslində bu, onların işidir. Qəsəbədaxili yollar bərbad vəziyyətdədir, bir çox hallarda torpaq yollarıdır, heç asfalt da yoxdur. Yağış, qar yağanda oradan keçmək mümkün deyildir. Dözülməz bir haldır. Bu, Bakı şəhərinin içidir, niyə elə olmalıdır?! Biz bütün yolları, görün, hansı yüksək keyfiyyətlə tikirik. Yol qovşaqları, tunellər tikilir. Bir də demək istəyirəm ki, əgər biz bir neçə il bundan əvvəl bu layihələrə başlamasaydıq, bu gün şəhərdə nəqliyyat dayanardı və iflic vəziyyətinə düşərdi. Amma bu, ola bilməz. Mən görürəm bəzi hallarda magistrala çıxan yollar palçıq, torpaq yollarıdır. Mən Nəqliyyat Nazirliyinə bu barədə dəfələrlə göstəriş vermişəm. Hələ ki, bu məsələ məni qane etmir. Ona görə də burada məsuliyyət bölgüsü aparılmalıdır ki, hansı yolları kim tikməlidir. Onsuz da bu pulların böyük hissəsi dövlət büdcəsindən verilir. İndi bələdiyyənin yığdığı pulla müəyyən işləri görmək olar, amma burada dövlət dəstəyi də olmalıdır.
Bu vəsait Şəhər İcra Hakimiyyətinə, Nəqliyyat Nazirliyinə verilir. Şəhərin mərkəzində yollar indi şəhər meriyası tərəfindən tikilir və hətta ən xırda nüanslara qədər belə çox keyfiyyətlə tikilir. Biz fikir veririk, təzə alınmış lüklər artıq yol hərəkətinə problem yaratmır. Onlar elə qoyulur ki, o lükün üstündən maşın keçəndə heç adam hiss etmir. Amma qəsəbədaxili yollar da bu səviyyədə olmalıdır. Ona görə, Proqramda bu məsələ həll olunacaqdır. Burada nəzarət mexanizmi təşkil edilməlidir.
Burada gərək məsuliyyət və işə normal münasibət olsun. Biz hamımız burada yaşayırıq. Bakıda istər mərkəzdə, istər qəsəbədə, ən ucqar yerdə yaşayan vətəndaş normal yollardan istifadə etməlidir.
Bütün bu məsələlər qısa zamanda təhlil edilməlidir. Proqramda o yolların tikintisi ilə bağlı konkret göstərişlər verilməlidir. Hesab edirəm ki, bu məsələ qısa müddət ərzində, bir ilə öz həllini tapa bilər.
Keçən dəfə bu salonda keçirilən görüşdə qəsəbələrin nümayəndələri məktəb tikintisi ilə bağlı məsələlər qaldırmışdılar. O vaxt o məsələlərə operativ reaksiya verildi, məktəblər tikildi. Bu gün bu məsələ qaldırılmadı, çünki əsas məsələlər öz həllini tapmışdır. Ancaq yenə də məktəb tikintisinə ehtiyac vardır. Bakıda və Bakının qəsəbələrində qəzalı vəziyyətdə məktəblər vardır. Bu məsələ ilə bağlı göstəriş vermişəm ki, ciddi təftiş aparılsın. Bu il biz artıq qəzalı vəziyyətdə olan məktəbləri bərpa etməliyik. Son illər ərzində qəsəbələrdə 34 məktəb tikilib, ancaq hələ ki, tikintiyə ehtiyac vardır.
O cümlədən tibb müəssisələrinin yaradılması, təmiri, bərpası prosesi getməlidir. Son illərdə Bakı qəsəbələrində 11 idman və sağlamlıq ocağı tikilmişdir. İki Olimpiya İdman Kompleksi - biri Şağanda, biri Hövsanda istifadəyə verilmişdir. Bütün qəsəbələrdə idmanla məşğul olmaq üçün şərait - ya idman meydançaları, ya kiçik futbol meydançaları, ya məşq zalları olmalıdır. Bu məsələlərə də diqqət verilməlidir", İlham Əliyev deyib.

Onun sözlərinə görə, ölkəmizdə və xüsusilə Bakıda bütün mədəniyyət ocaqlarının təmiri prosesi gedir. "Mən bu barədə artıq söylədim. Bakıda, şəhərin mərkəzində, İçərişəhərdə, digər yerlərdə tarixi-memarlıq abidələri, məscidlərimiz bərpa olunur, yenidən tikilir. "Qala" tarixi-etnoqrafiya qoruğu yaradılıbdır, açıq səma altında nadir muzey mərkəzidir. Bu, nəinki Bakıda, regionda nadir bir mərkəzdir. Qobustan qoruğu - artıq orada da yeni muzeyin tikintisi layihəsi icra edilir, çünki o da dünya miqyasında nadir mədəniyyət ocağımızdır. O qayaüstü rəsmlər göstərir ki, burada 10 minlərlə il bundan əvvəl insanlar yaşamışlar.
"Atəşgah" tarixi muzey mərkəzinin bərpası və yenidən qurulması layihəsi vardır, yəni, bu məsələlərə daha da ciddi diqqət göstərilməlidir. Bütün dini abidələrimiz bərpa olunmalıdır. Qəsəbələrdə bu proses gedir, məscidlər təmir olunur, yeniləri tikilir. Bu məsələyə də xüsusi diqqət verilməlidir. Şəhər nəqliyyatının vacib hissəsi olan metro tikintisi davam edir, 2008-2009-cu illərdə iki stansiya - "Nəsimi" və "Azadlıq prospekti" stansiyaları istifadəyə verilmişdir. Bu proses gedir, bir müddət bundan əvvəl mənim sədrliyimlə şəhərimizin metro təsərrüfatının inkişafına dair geniş müşavirə keçirildi, proqram hazırlanır və qəbul olunmalıdır. Xarici məsləhətçilər cəlb edilmişdir və ən azı 2015-ci ilə qədər Bakıda yeni altı stansiya istismara verilməlidir. Hazırda stansiyaların sayı iyirmi ikidir. Böyük inkişaf planına əsasən, bu stansiyaların sayı haradasa yetmişə çata bilər. Ancaq bu böyük inkişaf, bəlkə də 30-cu ilə qədər çəkəcəkdir. Hər halda, 15-ci ilə qədər altı stansiya istismara verilməlidir", Prezident bildirib.

Ölkə başçısı qeyd edib ki, ekoloji məsələlərin həlli sahəsində çox yaxşı işlər gedir, xüsusilə magistral yolların kənarında böyük meşə zolaqları salınır.
"Keçən il "Ekologiya ili" olduğuna görə, qeyd etdiyim kimi, Bakıda üç milyondan artıq ağac əkilmişdir. Bu proses davam etdirilməlidir. İndi yaz başlayır. Yaz-payız mövsümlərində bu işə həm Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə daha da böyük təkan verilməlidir. Yenə yerli icra orqanları bu işlərə fəal qoşulmuşlar və mən bu addımları qiymətləndirirəm. Bir daha demək istəyirəm ki, biz şəhərimizin ətrafında və mərkəzində yeni meşə zolaqları yaratmalıyıq. Vaxtilə Aeroportun yanında fəaliyyət göstərən yarmarkanı oradan köçürdük, o da çox böyük məsələ idi. Heç kim inanmırdı ki, biz oranı köçürə bilərik. Ancaq biz köçürdük, onlara yerlər də verildi, orada iş adamları da müasir səviyyədə ticarət obyektlərini tikdilər. Ondan sonra dairəvi yol da ora birləşdi və bu gün xaricdən və bölgələrdən Bakıya alış-veriş üçün gələnlər şəhərin mərkəzinə girmədən şimal istiqamətindən, yaxud da ki, cənub-qərb istiqamətindən birbaşa o ticarət mərkəzinə rahat çata bilirlər. Keçmiş yarmarkanın yerində isə meşə zolağı salındı və əminəm ki, bir neçə ildən sonra orada böyük meşə yaranacaqdır. Bir də demək istəyirəm ki, planlarımızda şəhərin müxtəlif yerlərində yeni parkların, meşə zolaqlarının, bağların salınması da vardır. Şəhər İcra Hakimiyyətinə bu məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib. İndi təhlillər aparılır, hesab edirəm ki, gələn ildən bu məsələ ilə bağlı da biz əməli tədbirlərə başlayacağıq. Qəsəbələrin problemlərinin həlli üçün, yenə də deyirəm, ilk növbədə qaz, işıq, su, kanalizasiya, suvarma, sosial infrastruktur layihələri öz həllini tapmalı, məktəblər, tibb ocaqları tikilməli, abadlıq işləri aparılmalıdır. Bəzi qəsəbələrdə abadlıq işləri lazımi səviyyədə aparılır, bəzi qəsəbələrdə ümumiyyətlə aparılmır. Proqramda bu məsələ ilə bağlı xüsusi maddələr olmalıdır ki, qəsəbələrin xarici görkəmi də gözəl, müasir olsun. Bütün qəsəbələrdə müasir şərait yaradılmalıdır. Bununla bərabər, Bakıətrafı qəsəbələrdə yaşayan vətəndaşların məşğulluq məsələləri də həll olunmalıdır", İlham Əliyev deyib.

Bütövlükdə, Prezidentin sözlərinə görə, ölkəmizdə yüz minlərlə yeni iş yerləri açılmışdır. "Bu iş yerlərinin açılması prosesi daha çox bölgələrdə baş vermişdir. Bu da bizim siyasətimizin tərkib hissəsidir ki, bütün rayonlar, bölgələr inkişaf etsin. Ancaq Bakı qəsəbələrində iş yerlərinin açılması ilə bağlı daha da ciddi tədbirlər görülməlidir.
Mən artıq müvafiq göstərişləri verdim, o cümlədən İqtisadi İnkişaf Nazirliyinə. Çünki biz əsas vəsaiti Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bölgələrə yönəldirik. Mən təklif etdim və indi tapşırıq verdim ki, o vəsaitdən Bakı qəsəbələrinə də kredit şəklində verilməlidir. Yaxud Bakı qəsəbələrinin inkişafı üçün xüsusi bir kredit fondu yaradıla bilər. Biz bu kredit fondundan yalnız kiçik və orta sahibkarlığın inkişafı üçün istifadə etməliyik. Hər halda, indi İqtisadi İnkişaf Nazirliyi bu məsələlərlə bağlı işləyir və hesab edirəm ki, yaxın zamanlarda öz təkliflərini verəcəkdir. Mən hesab edirəm ki, bu gün səslənən və bundan sonra daha çox yerlərdən veriləcək bütün təkliflər təhlil edilməlidir. Elə etməliyik ki, Novruz bayramından sonra bu proqramı təsdiq edək. O vaxt - güman edirəm ki, aprel ayında dövlət büdcəsinə əlavələr ediləcəkdir. Çünki indi maliyyə imkanlarımız genişlənir və biz bu il görülə biləcək işləri gələn ilə saxlamamalıyıq. Ona görə bu proqram da ən uzağı aprel ayında tərtib olunmalıdır ki, dövlət büdcəsində öz əksini tapsın. Mən iş yerlərinin açılması ilə bağlı yerli və xarici investorları da dəvət edirəm ki, Bakı qəsəbələrində investisiya qoysunlar. Çünki buna ehtiyac vardır. Vaxtilə Azərbaycan Dövlət İnvestisiya Şirkətini o məqsədlə yaratdıq ki, xarici investorları cəlb etsin, bizə lazım olan istiqamətlərdə vəsait qoysun. Yəni, İnvestisiya Şirkəti də bu işlərə qoşulmalıdır. Əlbəttə ki, ən böyük yükü Azərbaycan dövləti öz üzərinə götürəcək və biz güzəştli kreditlərin verilməsi ilə və infrastruktur layihələrinin yaradılması sayəsində buna nail olacağıq. İndi qəsəbələrdə əlbəttə ki, bu sahədə müxtəlif işlər gedə bilər. Görüləcək işlərin bəzi istiqamətlərini qeyd etmək istəyirəm. Hesab edirəm ki, zeytunçuluq inkişaf etməlidir. Bunun gözəl ənənələri vardır və təbii iqlim də buna müsaidə edir. Zeytunçuluq təsərrüfatlarının, müasir emal müəssisələrinin yaradılması prosesi sürətlə getməlidir. İndi Azərbaycanda zeytun istehsalı sürətlənir. Bakı qəsəbələrində bunu etmək üçün çox yaxşı imkanlar vardır.
Quşçuluq fabriklərinin yaradılmasına artıq başlanmışdır. Bəzi qəsəbələrdə quşçuluq fabrikləri işə salınır. Bütövlükdə biz hələ ki, quş əti ilə özümüzü təmin etmirik, haradasa 80 faiz səviyyəsində təmin edirik. Mən göstəriş vermişəm ki, quşçuluğun inkişafı üçün əlavə vəsait ayrılsın, o cümlədən Bakı qəsəbələrində biz bu məsələyə baxmalıyıq. Yerli istehsal, eyni zamanda, qiymətlərin sabit vəziyyətdə saxlanmasına da şərait yaradacaq, hər halda yaratmalıdır. Ancaq bu məsələ ilə bağlı bir məqamı da vurğulamaq istəyirəm. Bəzi hallarda biz inhisarçılıqla bağlı mübarizəmizi ancaq idxal olunan malların gətirilməsində görürük. Burada həqiqət və ədalət vardır. Biz inhisarçılıqla bağlı ciddi mübarizəni aparırıq və aparacağıq. Ancaq o da həqiqətdir ki, son illər ərzində ölkəmizdə görülən işlər, qoyulan vəsait və aparılan iqtisadi siyasət nəticəsində bizdə yerli istehsal böyük dərəcədə artıbdır", dövlət başçısı çıxışında söyləyib.

Onun sözlərinə görə, ölkə indi özünü bir neçə əsas ərzaq məhsulları ilə tam şəkildə təmin edir. "O məhsullarla ki, təmin etmirik biz onu da bilirik, yaxın zamanlarda onu da təmin edəcəyik. Ancaq ölkə daxilində istehsal olunan məhsulların qiyməti bəzi hallarda əsassız və süni şəkildə artırılır. Bu yaxınlarda yumurtanın qiyməti kəskin şəkildə artmışdır. Mən göstəriş verdim ki, araşdırsınlar. Biz özümüzü yumurta ilə təmin edirik. Yumurta Azərbaycanda istehsal edilir, demək olar ki, idxal olunmur. Nə üçün onda qısa müddət ərzində yumurtanın qiyməti bir neçə dəfə qalxdı? İndi iyirmi qəpikdən artıqdır. Kim bunu edir? Araşdırırıq bu məsələni. Burada sırf inhisarçılıq, istehsal sahəsində inhisarçılıq vardır. Buna dünyada "Kartel sövdələşməsi" deyirlər. Bu, sırf "Kartel sövdələşməsi"nin təzahürüdür. Mən dərhal göstəriş verdim ki, yumurtanın qiymətini süni şəkildə şişirdənlər məsuliyyətə, cinayət məsuliyyətinə cəlb olunsunlar. Cinayət işi açılıbdır və bunu edənlər öz cəzasını alacaqlar.
Biz sahibkarlığı dəstəkləyirik. Mən dəfələrlə demişəm ki, sahibkarlıq inkişaf etməlidir. Nə qədər kreditlər verilib. Dövlət kreditlər verməsəydi, onlar o pulu haradan götürüb fermaları tikə bilərdilər? Dövlət onlara dəstək olmasaydı, infrastruktur yaratmasaydı, elektrik xətləri çəkməsəydi, haradan bu sahibkarlıq inkişaf edə bilərdi? Mən nə qədər deyirəm ki, sahibkarlıq inkişaf etməlidir. Burada oturan icra başçılarına nə qədər deyirəm ki, əl dəyməyin bunlara, icazə verin işləsinlər, mane olmayın, kömək göstərin və bir çox hallarda biz bunu görürük. Yerli icra orqanları sahibkarlığın inkişafına dəstək verirlər. Amma sahibkarlar da məsuliyyətli olmalıdırlar. Bu nə deməkdir, niyə qiymətin süni şəkildə qaldırılması ilə məşğul olurlar?! Yumurta indi sadəcə bir məhsul növüdür, bayram ərəfəsində başqa sahələrdə də qiymətlər qalxır. Nə üçün? Bilirsiniz, məsuliyyət və bir də vicdan olmalıdır. Bunlar yerində olmayanda cəza tədbirləri görüləcəkdir. Bu gün özlərini vicdansızcasına aparan sahibkarlar, süni şəkildə qiyməti artıran bir neçə yumurta istehsalçısı görəcək ki, dövlətin onlara qarşı cəza tədbiri nədən ibarət olacaqdır. Qoy o birilərə də dərs olsun. Kim burada qiymətin süni şəkildə artımı ilə məşğul olmaq istəyirsə, özü üçün nəticə çıxarsın və fikirləşsin ki, onu hansı aqibət gözləyir. Qiymət Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri əsasında tənzimlənir, ancaq biz də bilirik dünya qiymətləri nədir, Azərbaycanda qiymətlər necədir?!
İndi dünyada neftin qiyməti bahalaşıb, şübhəsiz, idxal olunan məhsullara öz təsirini göstərəcəkdir. Bəlkə dərhal olmayacaq, bu proses bir müddətdən sonra hiss ediləcəkdir. Bunu biz bir neçə il bundan əvvəl də görmüşük, neftin qiyməti qalxandan bir neçə ay sonra burada idxal olunan məhsulların qiyməti qalxdı. Ancaq yerli məhsulların qiyməti niyə qalxmalıdır? Biz özümüzü ətlə, meyvə-tərəvəzlə, başqa məhsullarla demək olar ki, təmin edirik, ixrac da edirik. Nə üçün o qiymət qalxmalıdır? Kim bundan istifadə edir? Bax kim istifadə edir, hələ ki gec deyil, düz yola dönsün, yoxsa cəza tədbirlərimiz çox güclü və təsirli olacaqdır", İlham Əliyev bildirib.

Prezident bildirib ki, Bakı qəsəbələrində sahibkarlığın inkişafı üçün yeni çörəkbişirmə sexləri yaradılmalıdır. Bütövlükdə, bu sahəyə ölkə miqyasında daha da böyük diqqət göstərilməlidir.
"Ölkəmizdə indi müasir emal fabrikləri, konserv zavodları, süd kombinatları, ət kəsim fabrikləri, ət kombinatları tikilib, hamısı müasir səviyyədə. Ancaq son illərdə çörək istehsalına o qədər də fikir verilməmişdir, bu proses hələ də köhnə, elə dədə-baba üsulla gedir. Mən İqtisadi İnkişaf Nazirliyinə göstəriş vermişəm ki, çörəkbişirmə sexlərinin yaradılmasını kreditlərlə stimullaşdırsınlar və xüsusilə Bakıda və Bakının qəsəbələrində bu proses daha da sürətlə getməlidir.
Görüləcək işlər arasında biz müasir texnologiyalar əsasında fəaliyyət göstərən istixanalar yaratmalıyıq. Bu istixanalarda həm faraş tərəvəz yetişdirilə, həm gülçülük inkişaf etdirilə bilər. Bu, Bakı qəsəbələri üçün demək olar ki, ənənəvi bir sahədir. Bunu biz daha da gücləndirməliyik. Hazırda Bakıda və başqa yerlərdə müasir texnologiyalarla işləyən istixanalar vardır və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu prosesə daha da böyük təkan verilməlidir. Yerli icra orqanları da bu istixanaları yaratmaq istəyən sahibkarlara kömək göstərməlidirlər. Bununla bağlı, bütün müvafiq, qərarlar qəbul ediləcəkdir. Bakı qəsəbələrinin inkişafına tam şəkildə nail olunmalıdır. Burada qaldırılan məsələlər öz həllini gözləyir. Amma bu, ancaq məsələlərin bir hissəsidir. Biz Bakı qəsəbələrinin inkişafına tam şəkildə nail olmalıyıq. Yenə də deyirəm, biz burada həm infrastruktur, həm sənayeləşmə, iş yerləri, yollar, kommunal sahə - bütün bu məsələlərə kompleks şəkildə yanaşmalıyıq. Bu proqram, bir də demək istəyirəm ki, çox böyük proqramdır. Bu proqram yeni şəhərin infrastrukturunun yaradılmasına bərabər bir proqramdır. Bu proqramın icrası nəticəsində əminəm ki, Bakıda və Bakı qəsəbələrində bütün işlər ən yüksək səviyyədə görüləcəkdir", İlham Əliyev söyləyib.

Prezident qeyd edib ki, paytaxtın inkişafı davam edir. "Bakımızın inkişafı davam edir, şəhərimiz gözəlləşir, abadlaşır. Hazırda yeni böyük layihə icra edilməyə başlamışdır - "Ağşəhər" layihəsi. Bu layihənin də çox böyük rəmzi mənası vardır. Çünki tarixi "qaraşəhər" adlandırılan ərazidə yeni inkişaf layihəsi təqdim edilibdir. Beynəlxalq sərgilərdə "Ağşəhər" layihəsi təqdim olunur. Böyük bir yaşayış mərkəzi olacaqdır. Kiçik bir şəhərə bərabər inkişaf layihəsi olacaqdır. Yəni, əslində Bakının içində ekoloji cəhətdən ən yararsız yerlərdə, neftlə, neft tullantıları ilə çirklənmiş torpaqlarda müasir, ekoloji təmiz, gözəl yeni bir tikinti layihəsi icra ediləcəkdir. Orada yaşayış, ofis binaları, ticarət mərkəzləri, istirahət parkları tikiləcək, dənizə çıxışı olacaq yeni bulvar salınacaqdır. Yəni, çox böyük vəsait tələb edən layihədir və bu layihəni biz həm dövlət tərəfindən maliyyələşdirəcəyik, həm də ki, əsas yükü özəl sektor öz üzərinə götürəcəkdir. Azərbaycanda özəl sektorun inkişafı, xarici sərmayələrin qorunması üçün bütün lazımi tədbirlər görülüb. "Ağşəhər" layihəsinin icrası, mən hesab edirəm ki, şəhərimizin, ölkəmizin, yeni inkişaf strategiyamızın təzahürü kimi də dünya şəhərlər xəritəsində öz yerini tutacaqdır. Bu layihə, yenə deyirəm ki, daha çox özəl vəsait hesabına icra olunmalıdır. Ona görə biz investorları, o cümlədən xarici investorları cəlb etməliyik və ümid edirəm ki, buna nail olacağıq.
Bu gün verilən tapşırıqlar növbəti illərdə icra olunmalıdır. Şəhərimizdə bütün işlər yüksək səviyyədə görülməlidir, sakinlərin rahatlığı üçün bütün şərait yaradılır, yaradılacaqdır. Bakı şəhərinin qəsəbələrinin yeni inkişaf Proqramının qəbul olunmasından sonra qəsəbələrə yeni həyat gələcək, güclü təkan veriləcəkdir. Bütün dövlət qurumları, yerlərdəki nümayəndələr bu proqramın icrasında fəal iştirak etməlidirlər. Bakı bizim paytaxtımızdır, doğma, əziz şəhərimizdir. Elə etməliyik ki, Bakı şəhərində bütün işlər yüksək səviyyədə görülsün. Sağ olun", İlham Əliyev nitqində söyləyib.

Xəbər lenti

Xəbər lenti