...

Azərbaycanın Misirdəki səfirliyi vətəndaşlarımızı diqqətli olmağa çağırıb - səfir

Siyasət Materials 9 Aprel 2011 16:27 (UTC +04:00)
Azərbaycanın Misirdəki səfirliyi ölkədəki son iğtişaşlarla əlaqədar vətəndaşlarımızı diqqətli olmağa çağırıb.
Azərbaycanın Misirdəki səfirliyi vətəndaşlarımızı diqqətli olmağa çağırıb - səfir

Azərbaycan, Bakı, 9 aprel/ Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Misirdəki səfirliyi ölkədəki son iğtişaşlarla əlaqədar vətəndaşlarımızı diqqətli olmağa çağırıb.

Azərbaycanın Misirdəki diplomatik missiyası bu ölkədə müvəqqəti olan soydaşlarımızı Qahirə və digər böyük şəhərlərdəki son iğtişaşlarla əlaqədar mümkün təhlükə barədə xəbərdarlıq edib və diqqətli olmağa çağırıb. Bu barədə Trend-ə şənbə günü Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev deyib.

Diplomatik missiya Misirdəki bütün Azərbaycan vətəndaşlarına SMS-bildiriş göndərib və onları insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa və ehtiyatlı olmağa çağırıb, - səfir bildirib.

Şənbə gününə keçən gecə Qahirənin mərkəzində Misir hərbçilərinin nümayişçilərlə toqquşması baş verib. Nümayişçilər keçmiş ölkə prezidenti Hüsnü Mübarəkin və digər hakimiyyət nümayəndələrinin məhkəməyə verilməsini tələb ediblər.

Toqquşmalar yerli vaxtla saat 07:00-dək davam edib.

Fevralda məlum səbəblərdən ölkəni tərk edən Azərbaycan vətəndaşları artıq Misirə qayıdıblar.

Azərbaycan öz vətəndaşlarını keçmiş prezident Mübarəkə qarşı hökumət əleyhinə kütləvi çıxışlar zamanı Misirdən çıxaran ilk ölkələr sırasında olub.

Fevralın 11-də ölkədə davam edən kütləvi iğtişaşlar nəticəsində Misir prezidenti Hüsnü Mübarək istefaya getmək məcburiyyətində qalıb. Mübarək o vaxtdan ailəsi ilə birlikdə Şarm-əl-Şeyxdə yaşayır. Fevralın 28-də Baş Prokurorluq keçmiş dövlət rəhbəri və onun ailə üzvlərini ölkəni tərk etməyi qadağan edərək, Mübarəkin bütün bank hesablarına həbs qoyub. Hazırda eks-prezidentin aidiyyəti ola biləcəyi korrupsiya işləri ilə bağlı araşdırmalar aparılır, lakin hələ ki ona qarşı hər hansı rəsmi ittiham irəli sürülməyib.

Xəbər lenti

Xəbər lenti