Azərbaycan, Bakı, 20 may /Trend, müxbir M.Əliyev/
Bakıda Azərbaycanın siyasi partiyalarının nümayəndələri tərəfindən Avropa Parlamentinin prezidenti Yerji Buzekin diqqətinə çatdırılıb ki, aprelin 2-də Bakıdakı hadisələr haqqında məlumat ona şişirdilmiş və qeyri-adi şəkildə təqdim olunub. Bu barədə Trend-ə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı cümə günü siyasi partiyaların nümayəndələrinin Avropa Parlamentinin prezidenti ilə görüşünü şərh edərkən bildirib.
Aprelin 2-də bir neçə müxalifət partiyasını birləşdirən İctimai Palata adlı qurum Fəvvarələr meydanında icazəsiz mitinq keçirməyə cəhd göstərib. Polis bu aksiyanın qarşısını alıb.
Ağamalının sözlərinə görə, görüşdə Azərbaycanda insan haqları və söz azadlığının təmin olunması üzrə kifayət qədər işlərin görüldüyü qeyd olunub. "Azərbaycandakı dövri mətbuatın statistikası söz azadlığının təmin olunması səviyyəsindən xəbər verir", - Ağamalı bildirib.
Avropa Parlamenti mayın 12 -də Azərbaycanda insan haqları və demokratiya ilə bağlı vəziyyəti tənqid edən qətnamə qəbul edib.
"Buzekin diqqətinə çatdırıldı ki, Azərbaycanda bu sahədə hələ də bəzi problemlər mövcuddur, lakin onlar Avropa Parlamentinin ölkədə insan haqları ilə bağlı vəziyyət haqqında xüsusi qətnamə qəbul etməsi üçün o qədər də böyük deyil", - Ana Vətən Partiyasının sədri bildirib.
Ağamalı deyib ki, Avropa Parlamentinin rəhbəri Azərbaycanı Avropanın bir hissəsi gördüyünü bildirib.
Cümə günü Avropa Parlamentinin prezidenti Yerji Buzekin Bakıya səfəri başlayıb.
Bundan başqa, siyasi partiyaların nümayəndələri Yerji Buzeklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.