Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev/
Azərbaycanda 2011-ci il dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri üçün ayrılan vəsait 70 milyon manat (9,9%) artırılaraq 783,3 milyon manat təşkil edəcək. Trend-in məlumatına görə, bu, "Azərbaycan Respublikasının 2011-ci dövlət büdcəsi haqqında" qanuna təklif olunan dəyişikliklərdə qeyd olunur.
Dəyişikliklərdən ibarət qanun layihəsində qeyd olunur ki, 2011-ci ildə məhkəmə hakimiyyəti üzrə xərclər 311 min manat, hüquq-mühafizə üzrə 65 milyon manat, prokurorluq üzrə beş milyon manatadək artırılacaq.
Qanun layihəsində qeyd olunur ki, xərclərin artımı cari ildə hüquq-mühafizə orqanlarının və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin müasir tələblərə cavab verən silah, sursat, ərzaq, geyim və digər maddi-texniki vasitələrlə təchizatı, tikinti-quruculuq işlərinin davam etdirilməsi, bu orqanlarda çalışanların əməkhaqlarının artırılmasına yönələcək.
Qanun layihəsi mayın 27-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.