...

Azərbaycan Ermənistanda tikiləcək yeni AES-in fəaliyyətinə təminat verən beynəlxalq sənədlər tələb edir

Siyasət Materials 1 İyun 2011 16:53 (UTC +04:00)
Ermənistanda tikilməsi nəzərdə tutulan yeni atom elektrik stansiyasının (AES) ətraf mühitə təsiri Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspertləri tərəfindən qiymətləndirməli və onun nəticələri sərhədyanı ölkələrə təqdim edilməlidir.
Azərbaycan Ermənistanda tikiləcək yeni AES-in fəaliyyətinə təminat verən beynəlxalq sənədlər tələb edir

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İ.İsabalayeva/

Ermənistanda tikilməsi nəzərdə tutulan yeni atom elektrik stansiyasının (AES) ətraf mühitə təsiri Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspertləri tərəfindən qiymətləndirməli və onun nəticələri sərhədyanı ölkələrə təqdim edilməlidir. Bunu çərşənbə günü Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun (RPİ) direktoru Adil Qəribov deyib.

Onun sözlərinə görə, artıq RPİ bu prosesin həyata keçirilməsi təklifi ilə Nazirlər Kabinetinə müraciət edib. Azərbaycan hökuməti isə öz növbəsində bu təklifi BAEA-ya bildirəcək.

Qəribov deyib ki, həm Azərbaycan, həm də Ermənistan Sərhədlərarası kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Konvensiyasının (Espo Konvensiyası) üzvüdür.

"Azərbaycan Konvensiyaya üzv dövlət kimi tələb edir ki, bizə ətraf mühitin qiymətləndirilməsi üzrə hesabat göndərilməli, biz də ona öz fikrimizi bildirməliyik. Biz həm də stansiyanın qəzalı şəraitdə necə işləyəcəyi ilə bağlı məsələ qaldırmışıq. Bilmək istəyirik ki, stansiya təkcə normal şəraitdə deyil, qəza şəraitində necə işləyəcək? Stansiyanın qəza şəraitində işləyən zaman hansı hadisələrin baş verə biləcəyi barədə də bizə məlumat verilməlidir", - Qəribov deyib.

İnstitut direktoru əlavə edib ki, ekoloji qiymətləndirməni BAEA ekspertləri Ermənistanın sifarişi ilə etməlidirlər.

"Nüvə enerjisindən istifadə etmək Ermənistanın suveren hüququdur. Amma Azərbaycan özünə lazım olan beynəlxalq sənədləri almaq istəyir. Bunlar qiymətləndirmə və reaktorun işləyə bilməsinə təminat verən sənədlər olmalıdır. Bu təminat ekspertlərin nəticəsi əsasında verilməlidir",- Qəribov əlavə edib.

Ermənistan "Metsamor" AES-dən güclü olacaq yeni AES tikməyi planlaşdırır. Layihənin təxminən 1 milyard dollara başa gələcəyi güman edilir.

Xəbər lenti

Xəbər lenti