Azərbaycan, Bakı, 22 avqust /Trend/
Liviya üsyançıları Bab əl-Əziziyyə hökümət məhəlləsi istisna olmaqla paytaxt Tripolini tamamilə ələ keçirib, bu barədə Trend-in xarici KİV-lərə istinadən məlumat verir.
Əl-Cəzirə telekanalının məlumatına əsasən, şəhərdə döyüşlər başa çatıb, paytaxt müdafiəçilərinin əksəriyyəti artıq silahı yerə qoyub.
Üsyançı qüvvələr bazar günü axşam saatlarında qərb istiqamətindən paytaxt Tripoliya daxil olub. Yerli sakinlər üsyançı qoşunları sevinclə salamlayırdı.
Ölkənin başçısı Müəmmər Qəzzafinin oğlu Seyf əl-İslam üsyançılar tərəfindən həbs olunub. Digər oğul - Məhəmməd, üsyançılara təslim olub.
Eyni zamanda, Müəmmər Qəzzafinin şəxsi qvardiyası da üsyançı qoşunlara təslim olub.
Liviya hökümətinin rəsmi təmsilçisi Musa İbrahim mətbuat konfransında bildirib ki, bazar günü döyüşlərdə 1,3 min nəfər həlak olub.