...

Mehriban Əliyeva: Azərbaycan bu gün Cənubi Qafqaz bölgəsində aparıcı dövlətdir (FOTO)

Siyasət Materials 16 Sentyabr 2011 23:50 (UTC +04:00)
Mehriban Əliyeva: Azərbaycan bu gün Cənubi Qafqaz bölgəsində aparıcı dövlətdir
Mehriban Əliyeva: Azərbaycan bu gün Cənubi Qafqaz bölgəsində aparıcı dövlətdir (FOTO)

Azərbaycan bu gün Cənubi Qafqaz bölgəsində aparıcı dövlətdir. Ölkəmiz yüksək sürətlə inkişaf edir və bu inkişaf bütün sahələrdə hiss olunur. İqtisadi artım sürətinə görə Azərbaycan bir neçə ildir ki, dünyanın ən qabaqcıl ölkələrindən biridir. Cənubi Qafqaz dövlətlərinin ümumi iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. Regionda həyata keçirilən bütün irimiqyaslı layihələr Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşır. AzərTAc dövlət informasiya agentliyinin yaydığı məlumata görə, bunu sentyabrın 15-də Parisin 7-ci rayonunun meriyasının binasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycana həsr olunmuş sərginin açılışında çıxışı zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva deyib.

"Təbii ehtiyatlarımız, neft və qaz kəmərlərimiz, qeyri-neft sektorunun yüksəlişi, yeni irimiqyaslı infrastruktur layihələri inkişafımızı təmin edir. Neft sektorunun gəlirləri sosial problemlərin həllinə də yönəldilir. 2003-cü ildən bəri ölkəmizdə 900 mindən çox yeni iş yeri açılıb, 2 mindən çox yeni məktəb binası inşa olunub, yoxsulluğun səviyyəsi 49 faizdən 9 faizə düşüb", - Mehriban Əliyeva bildirib.

Birinci xanımın sözlərinə görə, bu il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünü qeyd edir.

"1991-ci ildən ölkəmiz dünya birliyinə, demokratiya və aşkarlıq məkanına inteqrasiya etməyə başlayıb. Bu seçimi edərkən biz tarixi ənənələrimizə əsaslanmışdıq. Hələ 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik parlament respublikası olmuşdur. Həmin dövrdə - XX əsrin əvvəllərində o zaman üçün çox mütərəqqi, qabaqcıl olan ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Azərbaycan qadınları səsvermə hüququ qazanmışdır, müsəlman qızları üçün ilk dünyəvi məktəb açılmışdır, ölkədə çoxlu partiyanı və milli azlıqları təmsil edən parlament fəaliyyətə başlamışdır. Şərqin ilk opera və baleti yazılmışdır. Baxmayaraq ki, Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi, bu ənənələr Azərbaycanın müasir tarixində də öz təsirini göstərir", - Azərbaycanın birinci xanımı bildirib.

Əliyeva deyib ki, müstəqilliyimizin ilk illərindən Azərbaycan və Fransa arasında dostluq və əməkdaşlıq münasibətləri qurulub. Həm dövlət, həm qeyri-dövlət qurumları arasında, biznes sektorunda işgüzar əlaqələr yaradılıb.

"Fransanın irimiqyaslı şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Bu yaxınlarda "Total" və "Gas de France" şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda yeni qaz yatağı aşkar edib. Bu, həm Azərbaycanın enerji potensialını gücləndirəcək, həm də Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcəkdir.

Azərbaycanın ən ağır problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Fransa artıq 20 ilə yaxındır ki, Minsk qrupu çərçivəsində öz səylərini göstərir. Əfsuslar olsun ki, münaqişə hələ ki, öz həllini tapmayıb, Azərbaycan torpaqları işğal altındadır, ölkədə qaçqınlar və məcburi köçkünlər mövcuddur. Ümidvarıq ki, bu münaqişə yaxın gələcəkdə beynəlxalq hüquq normalarına əsasən öz həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, bütün insanlar doğma yurdlarına qayıdacaqlar. Bu, həm Azərbaycanda, həm də bütövlükdə regionda sülhü və təhlükəsizliyi gücləndirəcək", - Mehriban Əliyeva deyib.

Mehriban Əliyeva bildirdi ki, ölkələrimiz arasında təhsil və mədəniyyət sahələrində çox uğurlu əməkdaşlıq qurulub.

"Ölkəmizdə mütəmadi şəkildə Frankofoniya günləri keçirilir. Bu il paytaxtımızda fransız məktəbinin inşasına başlanılacaqdır. Gələn il Azərbaycanın paytaxtında - Bakıda Fransanın incəsənətini əks etdirən "Le plaisir de France" sərgisinin keçirilməsi nəzərdə tutulmuşdur. Fransanın paytaxtında və digər şəhərlərində Azərbaycanın mədəniyyətini təqdim etmək üçün müxtəlif konsertlər, sərgilər və festivallar keçirilir. Bu yaxınlarda Parisin mərkəzində Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaq.

Biz hamımız yaxşı bilirik ki, mədəniyyət xalqların ünsiyyət, anlaşma quruluşunda müstəsna rol oynayır. Mədəniyyət insanları dini və milli mənsubiyyətindən asılı olmayaraq bir araya gətirir, birləşdirir. Bu isə bizim bugünkü mürəkkəb dünyamızda ən vacib amillərdən biridir. Mən ümidvaram ki, bugünkü axşam da həmin amillərə xidmət edir.
Biz azərbaycanlılar öz mədəniyyətimizlə, qədim tariximizlə fəxr edirik. Eyni zamanda, dünya mədəni irsinə çox böyük hörmətlə yanaşırıq. Fransa dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Fransanın incəsənəti, ədəbiyyatı, musiqisi, rəssamlıq məktəbi, tarixi və memarlıq abidələri əsrlər boyu yüksək mədəniyyətin, humanizmin, gözəlliyin və mənəvi dəyərlərin rəmzi olub. Bu ümumbəşəri dəyərlər əbədidir. Fikrimcə, hər bir cəmiyyət ilk növbədə bu dəyərlər əsasında qurulub yaşamalıdır", - Mehriban Əliyeva deyib.

Sonda Azərbaycanın birinci xanımı ölkəmizlə daha yaxından tanış olmaq üçün tədbir iştirakçılarını Azərbaycana dəvət etdi.

Xəbər lenti

Xəbər lenti