Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın müxalif Müsavat Partiyasının qurultayının gecikməsinin səbəbləri açıqlanıb.
"Bəzi şəhər və rayon təşkilatlarının sədrləri qurultaya hazırlıq konfranslarının keçirilməsi məsələsinə məsuliyyətsiz yanaşırlar", Trend-in məlumatına görə, bu barədə Müsavat Partiyasının bazar günü keçirilən Məclis toplantısında məruzə edərkən Partiyanın başqan müavini Tofiq Yaqublu deyib.
"Bu günə qədər 17 rayon təşkilatında konfrans keçirilib, qurultaya nümayəndələr seçilib. Bir neçə rayon təşkilatı gələn həftə ərzində konfranslarını keçirəcəklər. Bununla belə, Sədərək, Ordubad, Culfa, Qazax, Ağstafa, Yevlax, Xaçmaz, İmişli, Sumqayıt və digər təşkilatlarda konfransların keçirilməsi məsələsində passivlik müşahidə olunur" - Yaqublu əlavə edib.
Partiya funksioneri qurultaya hazırlıq konfranslarının keçirilməsinə ciddi yanaşılması ilə bağlı Məclis adından rayon-şəhər təşkilatlarının sədrlərinə müraciət ünvanlanmasını təklif edib.
"Rayon-şəhər təşkilatlarının sədrlərinin bu işə diqqətsiz yanaşması ümumi işə və Müsavatın nüfuzuna ziyan vurur. Biz Müsavatın 100 illiyində Qurultayı mütləq keçirməliyik" - Yaqublu qeyd edib.
Yaqublu Xankəndi, Xocalı, Samux və Daşkəsən rayonları təşkilatlarının seçkili orqanlarının buraxıldığını da diqqətə çatdırıb.