...

Albaniya Azərbaycan üçün vacib tərəfdaşdır - səfir

Siyasət Materials 7 Fevral 2012 14:55 (UTC +04:00)
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı vacib rol və Albaniyanın tranzit imkanları diqqətə alınmaqla iki ölkənin enerji sahəsində əməkdaşlığı ikitərəfli münasibətlərdə ön plana çıxır.
Albaniya Azərbaycan üçün vacib tərəfdaşdır - səfir

Azərbaycan, Bakı, 7 fevral /Trend müxbir E.Tariverdiyeva/

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı vacib rol və Albaniyanın tranzit imkanları diqqətə alınmaqla iki ölkənin enerji sahəsində əməkdaşlığı ikitərəfli münasibətlərdə ön plana çıxır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanın Albaniyadakı səfiri Rəhman Mustafayev Albaniyanın populyar ingilisdilli həftəlik "Tirana Times" nəşrinə müsahibəsində bildirib.

Səfirin müsahibəsi Albaniyanın Baş naziri Sali Berişanın Azərbaycana rəsmi səfəri ərəfəsində dərc edilib. Səfər fevralın 9-10-na nəzərdə tutulub. Bu barədə bazar ertəsi Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

Səfər zamanı Azərbaycanın rəsmi şəxsləri ilə ikitərəfli əməkdaşlığın aktual məsələlərinin müzakirəsi gözlənilir.

"İki ölkə arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrında qurulub və həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə siyasi dialoqa və əməkdaşlığa, ticari-iqtisadi fəallığa, investisiya və mədəni əməkdaşlığa əsaslanır", - səfir qeyd edib.

Mustafayevin sözlərinə görə, Albaniya parlamentinin sədri Jozefina Topallinin 2010-cu ilin iyununda və Baş nazirin müavini, xarici işlər naziri Edmond Hacinastonun 2011-ci ilin martında Azərbaycana rəsmi səfərləri iki ölkənin qarşılıqlı anlayış və prioritetlərinin yaxşılaşmasına, ikitərəfli dialoq və əməkdaşlığın möhkəmlənməsinə kömək edib. "Bundan başqa, biz müxtəlif beynəlxalq təşkilatlar - BMT, ATƏT, İƏT, QDİƏT çərçivəsində səmərəli əməkdaşlıq edirik", - səfir deyib.

Mustafayev vurğulayıb ki, Azərbaycanın Albaniyadakı səfirliyinin fəaliyyətinin əsas prioritetləri Azərbaycan Prezidentinin qarşıya qoyduğu tapşırıqla müəyyənləşdirilir. Prezidentin tapşırığına görə, Azərbaycan Albaniyanın Cənubi Qafqazda və Mərkəzi Asiyada əsas tərəfdaşı olmalıdır. Bu kontekstdə hazırda ikitərəfli münasibətlərdə önəmli vəzifə Azərbaycan-Albaniya əməkdaşlığının hərtərəfli inkişafı üçün möhkəm və geniş müqavilə-hüquq bazasının yaradılmasıdır.

"Biz albaniyalı həmkarlarımızla ticarət və iqtisadiyyat, enerji, təhsil və elm, mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında saziş layihələri üzərində işləyirik", - Mustafayev qeyd edib.

Qafqaz Albaniyasının tarixi və mədəni irsinə toxunan səfir qeyd edib ki, ikitərəfli humanitar əməkdaşlıq sahəsində əsas vəzifə iki ölkə və xalqın ümumi alban keçmişi ilə bağlı məsələlərin diqqətlə öyrənilməsidir.

Azərbaycan səfirinin müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə böyük yer verilib. Mustafayev münaqişənin nizamlanma prosesinin indiki vəziyyəti, həmçinin bu məsələdə Azərbaycanın mövqeyi haqqında ətraflı məlumat verib. O, habelə qeyd edib ki, Azərbaycan Albaniyanın ölkəmizin suverenliyi və ərazi bütövlüyü məsələsində prinsipial mövqeyini yüksək qiymətləndirir.

Müsahibənin yekununda səfir qeyd edib ki, Bakıda ikitərəfli münasibətlər tarixində Albaniyanın Baş nazirinin Azərbaycana ilk səfərini səbirsizliklə gözləyirlər.

"Azərbaycan tərəfi bu səfərin səmərəli və uğurlu keçməsi üçün hər şey etməyə hazırdır. Biz əminik ki, Albaniyanın Baş naziri və bu ölkənin demokratik yolla seçilən ilk Prezidenti (1992-1997-ci illər) Sali Berişanın səfəri Azərbaycan-Albaniya münasibətləri tarixində yeni səhifə açacaq" , - səfir Mustafayev vurğulayıb.

Azərbaycanın Yunanıstan və Albaniyadakı fövqəladə və səlahiyyətli səfirinin müsahibəsinin tam mətni ilə səfirliyin azembassy.gr. saytında tanış olmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti