...

Avropa İttifaqı ilə Azərbaycan QHT-ləri arasında saziş imzalanıb

Siyasət Materials 8 Fevral 2012 10:43 (UTC +04:00)
Avropa İttifaqı ilə Azərbaycan QHT-ləri arasında 16 yeni layihənin maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb.
Avropa İttifaqı ilə Azərbaycan QHT-ləri arasında saziş imzalanıb

Azərbaycan, Bakı, 8 fevral / Trend müxbir E.Mehdiyev/

Avropa İttifaqı ilə Azərbaycan QHT-ləri arasında 16 yeni layihənin maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb.

Trend-in məlumatına görə, Avropa İttifaqı Nümayəndəliyi Demokratiya və İnsan Hüquqları üzrə Avropa Aləti (DİHAA) və Qeyri-Dövlət İştirakçıları (QDİ) proqramları çərçivəsində maliyyələşdirilmə üçün seçilmiş layihələri elan edib.

16 yeni layihənin maliyyələşdirilməsi üçün Aİ 2,7 milyon manatdan artıq vəsait ayıracaq.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Roland Kobia bildirib ki, bu layihələr əlil uşaqlar və ya kor insanlar kimi əhalinin zəif qrupları üçün daha yaxşı imkanların təmin edilməsindən tutmuş, əsas məsələlərin müstəqil mediada işıqlandırılması, vətəndaş cəmiyyəti üzrə kampaniya iştirakçılarının tədbirlərinin dəstəklənməsi və ya ətraf mühitin qorunması baxımından olan ehtiyaclar barədə məlumatlandırmanın təşviq edilməsinədək geniş çeşidli sahələri əhatə edir.

"Biz qürur duyuruq ki Avropa İttifaqı Azərbaycanda ən böyük donordur. Bu, Azərbaycanda vətəndaş cəmiyyətinin dəstəklənməsi baxımından da belədir. 16 yeni layihənin icrası bütün Azərbaycan xalqına fayda gətirəcək", - o deyib.

Bu 16 yeni layihə 2007-2010-cu illər ərzində Azərbaycanda DİHAA və QDİ alətləri çərçivəsində maliyyələşdirilmiş 20-dən artıq layihədən və ayrılmış 4,7 milyon avrodan artıq vəsaitdən əlavə olaraq maliyyələşdiriləcək.

Demokratiya və İnsan Hüquqları üzrə Avropa Alətinin (DİHAA) məqsədi demokratiya və qanunun aliliyinin inkişafına və möhkəmlənməsinə, bütün insan hüquqları və fundamental azadlıqlara hörmətin artmasına töhfə verməkdir. DİHAA Avropa İttifaqından və sənayesi ən çox inkişaf etmiş ölkələrdən başqa bütün dünya ölkələrində tətbiq olunur.

Qeyri-Dövlət İştirakçıları (QDİ) alətinin məqsədi davamlı inkişaf kontekstində yoxsulluğun azaldılmasına töhfə vermək, o cümlədən Qeyri-Dövlət İştirakçılarının siyasətin hazırlanması prosesinə cəlb olunması və əhalinin ən yoxsul qruplarına baza xidmətlərinin göstərilməsi üçün onların qabiliyyətinin artırılması məqsədilə Qeyri-Dövlət İştirakçılarının potensial quruculuğu ilə Minilliyin İnkişaf Məqsədlərini və beynəlxalq səviyyədə razılaşdırılmış digər hədəfləri izləməkdir.

Xəbər lenti

Xəbər lenti