...

Əli Əhmədov: Azərbaycan iqtisadiyyatının güclənməsi Ermənistanı narahat edən gerçəklikdir

Siyasət Materials 19 Mart 2012 16:59 (UTC +04:00)
Ermənistanda narahatçılıq doğuran səbəblər ondan ibarətdir ki, Azərbaycan həqiqətən güclənir və beləliklə də Azərbaycan və Ermənistan arasında fərqlər işğalçı ölkənin ziyanına sürətlə artmaqdadır.
Əli Əhmədov: Azərbaycan iqtisadiyyatının güclənməsi Ermənistanı narahat edən gerçəklikdir

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir E.Mehdiyev/

Ermənistanda narahatçılıq doğuran səbəblər ondan ibarətdir ki, Azərbaycan həqiqətən güclənir və beləliklə də Azərbaycan və Ermənistan arasında fərqlər işğalçı ölkənin ziyanına sürətlə artmaqdadır.

Trend-in məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov YAP-ın rəsmi saytına müsahibəsində Ermənistan Prezidenti Serj Sarkisyanın Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı rəsmiləri ilə görüşlərində Azərbaycandan şikayət etməsinə münasibət bildirərkən deyib.

"Azərbaycanın əhalisi 9 milyonu örtüb və bir neçə ildən sonra bu rəqəm 10 milyona çatacaq. Ermənistanın əhalisi isə sürətlə azalmaqdadır. Bu gün Ermənistanın əhalisinin real sayının 2 milyon civarında olduğu etiraf olunur və bu ölkənin rəhbərliyi də bir neçə il bundan əvvəl bu gerçəkliyi gizlətməsinə baxmayaraq, artıq onun gizlədilməsinin mümkün olmadığını dərk etməkdədir. Bu, təbiidir ki, Ermənistanda böyük narahatçılıq yaradır", - Əhmədov qeyd edib.

O vurğulayıb ki, Azərbaycanın iqtisadiyyatının güclənməsi, bunun əsasında insanlarındakı yüksək əhval-ruhiyyə Ermənistanı narahat edən gerçəklikdir.

Əhmədov deyib ki, işğalçı ölkədəki çox acınacaqlı iqtisadi durum Ermənistan vətəndaşlarının öz hakimiyyətindən razılıq indeksini minimuma endirib. Ermənistanda ictimai-siyasi sabitliyin qorunması müşkül bir məsələyə çevrilib.

"Əgər insanlar kütləvi şəkildə öz yaşayışlarından narazıdırlarsa, onlar heç zaman hakimiyyətdən razı ola bilməzlər. Azərbaycanda isə əksinə proseslər baş verir. Ölkənin iqtisadi durumu və bunun üzərində formalaşan sosial durum insanların öz həyatından məmnun və razı olmalarını təmin edib. Bu, ölkənin ictimai-siyasi durumunun möhkəmliyini, davamlılığını təmin edir. Ermənistanda isə başqa bir ictimai-siyasi durum və mənəvi-psixoloji vəziyyət mövcuddur. Narahatçılığı yaradan səbəblər və Ermənistanın Azərbaycandan narahatçılığı həm də bununla əlaqədardır", - Əhmədov bildirib.

O həmçinin qeyd edib ki, digər bir məsələ, Azərbaycanın hərbi qüdrətinin artmasıdır.

Əhmədov vurğulayıb ki, bu gün Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən əhəmiyyətli dərəcədə çoxdur və illər keçdikcə, bu fərq də Ermənistanın ziyanına böyüməkdədir. Bu da Ermənistan tərəfini vahiməyə salan gerçəklik və reallıqdır.

"Və nəhayət, Azərbaycanın bütün bu sadaladığım səbəblərlə əlaqədar olaraq, dünyada, dünya birliyində mövqeyinin, rolunun artmasını da ayrıca qeyd etmək istərdim. İstər, Avropa istiqamətində, istər daha geniş beynəlxalq aləmdə olsun, Azərbaycanın əlaqələri möhkəmlənib. İndi Azərbaycanı daha güclü, daha perspektivli bir dövlət kimi tanıyırlar", - Əhmədov bildirib.

O, hesab edir ki, Ermənistan tərəfi Azərbaycandan şikayət etmək əvəzinə, yaranmış bütün bu təhlükələrin qarşısını almağın yeganə bir yolu haqqında düşünsə, daha yaxşı olardı.

"Bu da işğal etdikləri, bu günə qədər işğal altında saxladıqları Azərbaycan torpaqlarını geri qaytarmaq, beləliklə, Azərbaycan tərəfindən yaradılmış bütün bu təhlükələrin qarşısını almaqdır. Əgər, münaqişəni yaradan səbəb aradan götürülərsə, Azərbaycanın işğal altındakı torpaqları azad edilərsə, Azərbaycanın sürətli inkişafı Ermənistan üçün hər hansı bir hədə deyil, əksinə cəlbedici bir faktora çevrilər. Azərbaycanın investisiyaları, digər geniş imkanları Ermənistan üçün xilasedici bir faktora çevrilə bilər", - Əhmədov deyib.

Xəbər lenti

Xəbər lenti