...

Qazaxıstanın spikeri TÜRKPA-nın baş katibi ilə qurumun beynəlxalq əlaqələrinin möhkəmləndirilməsini müzakirə edib

Siyasət Materials 27 Mart 2012 13:13 (UTC +04:00)
Qazaxıstan parlamentinin sədri Nurlan Niqmatulin TÜRKPA baş katibi Ramil Həsənovla qurumun işinin gücləndirilməsi, beynəlxalq əlaqələrinin möhkəmləndirilməsini müzakirə edib.
Qazaxıstanın spikeri TÜRKPA-nın baş katibi ilə qurumun beynəlxalq əlaqələrinin möhkəmləndirilməsini müzakirə edib

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir M.Əliyev/

Qazaxıstan parlamentinin sədri Nurlan Niqmatulin TÜRKPA baş katibi Ramil Həsənovla qurumun işinin gücləndirilməsi, beynəlxalq əlaqələrinin möhkəmləndirilməsini müzakirə edib.

TÜRKPA-dan çərşənbə axşamı Trend-ə bildiriblər ki, Ramil Həsənov Qazaxıstan spikeri ilə Almatı şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi Parlament Asambleyası Şurasının 20 illiyinə həsr olunmuş xüsusi sessiya çərçivəsində görüşüb.

TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan parlamentinin spikeri Nurlan Niqmatulin görüşdə TÜRKPA-nın fəaliyyətinə xüsusi önəm verdiyini, təşkilatın türkdilli dövlətlər arasında müxtəlif sahələrdə körpü rolunu oynadığını qeyd edib. O qurumun işinin gücləndirilməsi, beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həm sədrlik etdiyi dövrdə, həm də gələcəkdə təşkilatın və Katibliyin fəaliyyətinə Qazaxıstan Parlamenti tərəfindən hərtərəfli dəstəyin davam etdiriləcəyini vurğulayıb.

Həsənov görüşdə Qazaxıstan spikerinə TÜRKPA-nın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən layihələr, daimi komissiyaların iclasları və onların qəbul etdiyi qərarlar, TÜRKPA-nın Bişkekdə keçirilməsi nəzərdə tutulan III Plenar Sessiyasına hazırlıq prosesi və nəzərdə tutulan layihələr barədə qısa məlumat verib.

TÜRKPA-nın əsas məqsədlərinin üzv ölkələr arasında parlament diplomatiyası vasitəsilə parlamentlərarası əməkdaşlığı inkişaf etdirmək, regionda və qlobal səviyyədə təhlükəsizlik, sülh və demokratiyanı gücləndirmək, bütün beynəlxalq təşkilatlarla qarşılıqlı hörmət əsasında hərtərəfli əməkdaşlığa dəstək vermək olduğunu qeyd edən baş katib bu istiqamətdə təşkilatın fəaliyyətinin davam etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti