...

Britaniya İranı pisləməkdənsə, insan haqları ilə bağlı problemlərini həll etməlidir - XİN

Siyasət Materials 1 May 2012 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.Tarıverdiyeva, T.Cəfərov/

Böyük Britaniyanın əvvəlcə insan haqları ilə bağlı problemlərini həll etməsi lazımdır, daha sonra isə İranda belə hallardan danışa bilər. Bunu İran XİN-in rəsmi nümayəndəsi Ramin Mehmanpərəst Tehranda mətbuat konfransında deyib. Bu barədə Trend Press TV-yə istinadən məlumat verir.

"Britaniya başqa ölkələrin işlərinə qarışmamalıdır, çünki onun özündə insan haqlarının pozulması ilə bağlı məsələlərlə məşğul olmaq lazımdır. "Uoll-Striti zəbt et" hərəkatından olan nümayişçilərə qarşı zorakılıq göstərir ki, orada insan haqları ilə bağlı vəziyyət yaxşı deyil və biz onlara bu məsələlərlə məşğul olmağı məsləhət görürük", - Mehmanpərəst deyib.

İranla BAEA arasında qarşıdakı danışıqlara toxunan Mehmanpərəst deyib ki, Tehran bütün anlaşılmazlıqların danışıqların bu mərhələsində həll olunacağını gözləyir.

"Bizim fəaliyyətimiz şəffafdır. Biz görüşü səbirsizliklə gözləyir və İranla BAEA arasında əməkdaşlığın möhkəmləndirilməsinə yardım edəcək istənilən addımı alqışlayırıq", - Mehmanpərəst deyib.

"F-22 Raptor" qırıcılarının regionda yerləşdirilməsi məsələsinə gəldikdə, Mehmanpəeəst deyib ki, xarici qüvvələr regiondakı vəziyyəti gərginləşdirməyə çalışırlar.

"Regionun bütün ölkələri problemləri xarici qüvvələrin müdaxiləsi olmadan həll etməlidirlər. Region ölkələri Fars körfəzindəki təhlükəsizliyi təmin etmək üçün bir-biri ilə işləməlidirlər", - Mehmanpərəst deyib.

Xəbər lenti

Xəbər lenti