Azərbaycan, Bakı, 17 may /Trend, müxbir M.Əliyev/
Bu gün İranın Bakıdakı səfirliyinin binası qarşısında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM), Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP), Beynəlxalq Diaspor Mərkəzi və DAK-ın fəalları, eləcə də bir çox nüfuzlu ictimai və diaspor təşkilatlarının birgə piket-mitinqi keçirilib.
Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, piket-mitinqdə son vaxtlar İranın Azərbaycana qarşı apardığı antitəbliğat kampaniyası pislənib. Piketdə, həmçinin Cənubi Azərbaycandakı soydaşlarımızın hüquqlarının bərpasının təmin olunması tələb edilib, ermənilərə dəstək pislənilib.
Piketdə "Türk dilində mədrəsə olmalıdır hər hər kəsə", "Erməni ilə dostluq edən fars şovinizminə ar olsun!", "Edamlara son!", "Azərbaycan var olsun, istəməyən kor olsun!" şüarları səsləndirilib.
Etiraz aksiyasının sonunda bəyanat səsləndirilib, səfirliyin binasının qarşısında qara çələng qoyulub.