...

Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Siyasət Materials 21 May 2012 19:02 (UTC +04:00)
Dünyanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevin "Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı bazar ertəsi keçirdikləri mətbuat konfransında söylədiyi fikirlərə geniş yer ayırıb.
Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir M.Əliyev/

Dünyanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevin "Eurovision 2012" mahnı müsabiqəsi ilə bağlı bazar ertəsi keçirdikləri mətbuat konfransında söylədiyi fikirlərə geniş yer ayırıb.

Trend-in məlumatına görə, Rusiyanın İTAR-TASS agentliyi Əli Həsənovun müsabiqə ərəfəsində Azərbaycanda görülmüş təhlükəsizlik tədbirləri barədə məlumatlarını başlığa çıxararaq, bu kontekstdə ev sahibi ölkəyə qarşı aparılan təbliğata da yer ayırıb. Rusiyanın dövlət agentliyi PA şöbə müdirinə istinadən müsabiqə üçün xərclənən vəsaitin həcmini də qeyd edib.

Rusiyanın ən çox izlənilən internet saytlarından olan lenta.ru mətbuat konfransı ilə bağlı yaydığı məlumatda Əli Həsənova istinadən "Eurovision"la gey-parad arasındakı fərqdən yazıb. Məlumatda qeyd olunur ki, bu kimi xəbərləri yayanlar Azərbaycana qarşı qısqanclıqla yanaşan qüvvələrdir.

Rusiyanın "RİA Novosti" agentliyi də PA rəsmisinin gey-paradla bağlı səsləndirdiyi açıqlamalara geniş yer ayırıb. Agentlik Əli Həsənovun "Biz "Eurovision" keçiririk, gey-parad deyil" sitatını yazıb.

Bu gün Bakıda keçirilən mətbuat konfransı Avropa mətbuatının da diqqət mərkəzində olub.

Almaniyanın "dpa" agentliyinin diqqətini, ilk növbədə, Azərbaycan hökumətinin təhlükəsizliklə bağlı verdiyi təminat cəlb edib. "Azərbaycan "Eurovision" yarışmasının təhlükəsizliyinə təminat verir" sərlövhəli yazıda ölkənin bunun üçün bütün imkanlarının olduğu vurğulanır. Məqalə müəllifi qeyd edir ki, müsabiqə postsovet ölkəsi olan Azərbaycanın müasirliyini və Avropanın bir hissəsi olmasını nümayiş etdirəcək.

Böyük Britaniyanın nüfuzlu BBC dərgisi Azərbaycan rəsmilərinin müsabiqəyə sərf olunan vəsaitlə bağlı açıqlamalarına geniş yer verib. BBC "Eurovision 2012" müsabiqəsinə 63 milyon dollara yaxın vəsaitin xərcləndiyini qeyd edib. BBC Əli Həsənova istinadən Bakıda evləri dövlət ehtiyacları üçün sökülən insanlara yüksək həcmdə kompensasiya verildiyini və on minlərlə köçürülmüş insandan yalnız 3-4 nəfərin narazı olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti