...

XİN: İranda saxlanılan azərbaycanlı şairlərin ailə üzvləri ilə görüşməsi barədə razılıq əldə edilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 İyul 2012 11:17 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (Birinci xəbər saat 10:56-da yayılıb)

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Təbrizdəki Baş konsulluğunun və Tehrandakı səfirliyinin göstərdiyi səylər nəticəsində İranda saxlanılan azərbaycanlı şairlərin ailə üzvləri ilə görüşməsi barədə razılıq əldə olunub. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə günü XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev bildirib.

"Azərbaycanın Təbrizdəki baş konsulu bu barədə Şərqi Azərbaycan vilayətinin qubernatoru ilə razılığa gəlib", - Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda İran tərəfi ilə şairlərin öz ailə üzvləri ilə qarşıdakı görüşünün detalları müzakirə olunur.

"İndiyədək İran tərəfi şairlərə elan olunan ittiham barədə daha ətraflı məlumat verməyib. Azərbaycan tərəfi İrandan məlumat gözləyir", - XİN-in nümayəndəsi bildirib.

Onun sözlərinə görə, əldə olunan razılaşma diplomatiyanın böyük uğurudur.

Qeyd edək ki, poeziya festivalında iştirak etmək üçün İrana səfərə yollanmış gənc şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə Bakıya qayıtmalı olduqları gün - mayın 2-də İranda həbs olunublar. Onlar casusluqda ittiham edilirlər.

Xəbər lenti

Xəbər lenti