...

Azərbaycan Prezidenti və xanımı II Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində iştirak ediblər (FOTO)

Siyasət Materials 4 Oktyabr 2012 11:53 (UTC +04:00)
Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində İkinci Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
Azərbaycan Prezidenti və xanımı II Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində İkinci Bakı Beynəlxalq Humanitar Forumu işə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak etmişlər.

Bakı Beynəlxalq Humanitar Forumu XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Forumun iştirakçıları beynəlxalq ictimai-siyasi fikri formalaşdırmaq iqtidarında olan tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları, mötəbər beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri, dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələridir.

Forumun həmtəsisçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putindir.

Budəfəki Bakı Beynəlxalq Humanitar Forumunda 60-dan çox ölkəni və yeddi mötəbər beynəlxalq təşkilatı təmsil edən 700-dək nümayəndə iştirak edir. Bununla da daim sülhü dəstəkləyən, dünyada sabitliyə və qlobal problemlərin həllinə öz töhfəsini verən Azərbaycan bu cür tədbirləri keçirməklə terrorizm və ekstremizm ilə mübarizəyə, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa nə qədər böyük önəm verdiyini nümayiş etdirir.

Azərbaycan Prezidenti İlham Əliyev İkinci Bakı Beynəlxalq Humanitar Forumunda çıxış etmişdir.

Forumda iştirak edən qonaqları salamlayan dövlətimizin başçısı birinci forumdan keçən dövr ərzində bir çox uğurların əldə olunduğunu vurğuladı. Prezident İlham Əliyev bütün dünya xalqlarının bir yerdə olması, qarşılıqlı anlaşma meyillərinin güclənməsi, dini-milli zəmində qarşıdurmalara yol verilməməsi üçün Forumun qarşıya qoyduğu məqsədlərin vacib olduğunu qeyd etdi.

2008-ci ildə başlayan Bakı prosesinin multikulturalizmin inkişafına güclü təkan verdiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, bu sahədə ideyaların təbliği üçün Azərbaycan təcrübəsi vacibdir. "Multikulturalizm bizim həyat tərzimizdir", - deyən dövlətimizin başçısı Azərbaycanda heç vaxt milli-dini zəmində qarşıdurmanın olmadığını, multukulturalizmin gələcəyinə inandığını qeyd etdi, bu sahədə meyillərin gücləndirilməsinin Bakı Beynəlxalq Humanitar Forumunun əsas məqsədlərindən biri olduğunu diqqətə çatdırdı.

Mövcud problemlərin aradan qaldırılmasında təhsilin böyük rol oynadığını deyən Prezident İlham Əliyev bu gün Azərbaycanda bu sahənin inkişafına böyük diqqətin göstərildiyini, ölkəmizdə təbii resursların insan kapitalına çevrilməsi üçün proqramların qəbul edildiyini, iqtisadi-siyasi islahatların aparılması istiqamətində mühüm addımların atıldığını bildirdi.

Mədəniyyətin inkişafı ilə bağlı Azərbaycanda mühüm işlərin görüldüyünü deyən Prezident İlham Əliyev vurğuladı ki, xalqımız hər zaman milli xüsusiyyətlərini, dəyərlərini qoruyub saxlamışdır.

Humanitar sahənin inkişafında siyasətçiləri daha məsuliyyətli olmağa çağıran Prezident İlham Əliyev bildirdi ki, belə olan halda dünyada gərginlik azalar.

Dövlətimizin başçısı ölkəmizin 20 ildir humanitar fəlakətlə üzləşdiyini, Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun ermənilər tərəfindən işğal olunduğunu, bir milyondan çox insanın doğma torpaqlarına qayıda bilmədiyini də diqqətə çatdırdı.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bölgədə sabitləşdirici faktordur. Elə buna görə də Azərbaycan bölgədə yenidən münaqişənin alovlanmasını istəmir. Bu problemə baxmayaraq, Azərbaycanın müstəqillik dövründə böyük inkişaf yolu keçdiyini deyən dövlətimizin başçısı qeyd etdi ki, son 7-8 ildə ölkədə iqtisadiyyat üç dəfə artmış, yoxsulluğun səviyyəsi 49 faizdən 7 faizə düşmüşdür. Bu ilin altı ayında qeyri-neft sektorunda 10 faiz artım müşahidə olunmuşdur.

"Bizim bütün planlarımızın təməlində insan amili dayanır", - deyən Prezident İlham Əliyev bu istiqamətdə ölkəmizdə böyük uğurların əldə edildiyini, Azərbaycan vətəndaşlarının azad cəmiyyətdə yaşadığını və ölkənin inkişafına töhfə verdiklərini bildirdi.

"Biz qitələr arasında körpüyük, bununla belə humanitar sahədə də körpü rolunu oynayırıq", - deyən Prezident İlham Əliyev çıxışına yekun vurdu.

Rusiya Federasiyası Prezidenti Vladimir Putinin forum iştirakçılarına təbrik məktubunu Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy oxudu.

UNESCO Baş Konfransının prezidenti, Macarıstanın UNESCO yanında daimi nümayəndəsi xanım Katalin Boqyay bu Forumun dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına doğru addımların atılması üçün əla fürsət olduğunu dedi.

Sonra UNESCO-nun baş direktoru xanım İrina Bokovanın Forumun iştirakçılarına videomüraciəti təqdim olundu. Müraciətdə baş direktor humanitar sahədə dünyanı narahat edən problemlərin müzakirə olunduğu Forumun keçirilməsində verdikləri dəstəyə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkürünü bildirdi.

Daha sonra çıxış edən İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakı Beynəlxalq Humanitar Forumunun dünyada dialoq və beynəlxalq təhlükəsizliyə töhfə verən mühüm platformanın olmasına inandığını dedi.

İkinci Bakı Beynəlxalq Humanitar Forumun açılış mərasimi Azərbaycan haqqında filmin nümayişi ilə başa çatmışdır.

Forum işini plenar iclaslarla davam etdirmişdir.

Xəbər lenti

Xəbər lenti