...

Azərbaycanda Silahlı Qüvvələrin 95 illiyi ilə bağlı yeni medal təsis olunur

Siyasət Materials 10 Oktyabr 2012 14:35 (UTC +04:00)
Milli Məclisdən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalının təsis edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb və parlametə təqdim olunub.
Azərbaycanda Silahlı Qüvvələrin 95 illiyi ilə bağlı yeni medal təsis olunur

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda Silahlı Qüvvələrin 95 illiyi ilə bağlı yeni medal təsis olunur.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalının təsis edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb və parlametə təqdim olunub.

"Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna ediləcək dəyişikliklərdə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı haqqında Əsasnamə"nin və medalın təsvirinin təsdiq edilməsi nəzərdə tutulur.

Parlamentə təqdim olunan əsasnamədə qeyd olunur ki, bu medalla 2013-cü il iyunun 26-dək Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabit, gizir, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə Silahlı Qüvvələrdən ehtiyata, yaxud istefaya buraxılmış, Silahlı Qüvvələrin qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabitlər təltif edilirlər.

Yubiley medalı ilə yuxarıda qeyd olunan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Bu medal döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" medalından sonra taxılır.

Yubiley medalı milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmiş ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suya çəkilmiş, dairəvi, diametri 35 mm olan lövhədən ibarətdir.

Medalın ön tərəfinin sağında onu yarımdairə şəklində yuxarıdan aşağı iki hissəyə bölən və dövlət bayrağının rəngləri ilə boyanmış lent təsvir edilib.

Lentin fonunun yuxarı hissəsində Silahlı Qüvvələrin emblemi, aşağı hissəsində isə "95 il" sözləri yazılıb və bu sözlər dəfnə budağı ilə haşiyələnib.

Lentin sol tərəfində yuxarıda ulu öndər Heydər Əliyevin barelyefi həkk edilib, barelyefin altında "1918", aşağıda isə "2013" yazılıb.

Emblemdə dəfnə budağı, barelyef, sözlər və rəqəmlər relyeflidir. Gümüşü rəngli qılınclar, ağ rəngli aypara və ulduz, mavi, qırmızı və yaşıl mina ilə örtülmüş lent və ağ mina ilə örtülmüş "95 il" sözləri istisna olmaqla, digər elementlər qızılı rəngdədir.

Medalın arxa tərəfinin ortasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yazılmış və aşağı hissəsində milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilib. Ulduz, aypara, sözlər, ornament relyefli və qızılı rəngdədir.

Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti