...

İƏT XİNŞ qurumun Parlament Assambleyasının yaradılması təşəbbüsünü dəstəkləyib

Siyasət Materials 16 Oktyabr 2012 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir S.Əliyev/

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurası (XİNŞ) qurumun Parlament Assambleyasının yaradılması təşəbbüsünü dəstəkləyib.

Trend-in məlumatına görə, çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İƏT dövlət və hökumət başçılarının sammitində XİNŞ iclası çərçivəsində görülən işlər haqqında hesabat təqdim edib.

Onun sözlərinə görə, Şura quruma üzv olan ölkələr arasında əməkdaşlığın perpektivlərini müzakirə edib.

"Biz təşkilatın fəaliyyətinin sonrakı inkişafı üzrə, xüsusilə də ticarət, nəqliyyat, kommunikasiyalar, energetika, sənaye, kənd təsərrüfatı, ekologiya və səhiyyə kimi sahələrdə müxtəlif təşəbbüsləri nəzərdən keçirdik", - o deyib.

Nazir bildirib ki, XİNŞ, həmçinin daha əvvəl qəbul edilmiş razılaşmaların həyata keçirilməsinin gedişinə, həmçinin regional təşkilatlarla İƏT əməkdaşlığı məsələlərinə baxıb. Şura İƏT-in İstanbulda keçirilmiş əvvəlki sammitindən sonra əldə olunmuş ciddi irəliləyişi qeyd edib.

Xarici İşlər Nazirləri Şurası həmçinin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına İƏT-də müşahidəçi statusu verib. XİNŞ görkəmli xadimlər qrupunun, eləcə də Nümayəndələr Şurasının işini, onların İƏT-in effektivliyinin və dinamikliyinin artımına yönəldilmiş tövsiyələrini yüksək qiymətləndirib.

Məmmədyarovun sözlərinə görə, həmçinin İƏT ölkələrinin Poçt Şurası yaradılıb. Şura, habelə sammitin yekunları üzrə qəbul edilmiş Bakı bəyannaməsinin layihəsini nəzərdən keçirib. Orada dövlətlərin İƏT-in dinamikliyinin yüksəlməsinə yönəldilmiş sadiqliyi öz əksini tapıb.

"Biz Tacikistanın İƏT-in növbəti sammitinin bu ölkədə keçirilməsi təklifini də qəbul etdik", - Məmmədyarov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti