...

Səfir Rafael Harpaz: Dünyanın yəhudi icması Azərbaycanın beynəlxalq aləmdə oynadığı rola yüksək dəyər verir (MÜSAHİBƏ)

Siyasət Materials 2 Noyabr 2012 10:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir E.Mehdiyev/

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazın Trend-ə müsahibəsi

- İkitərəfli əməkdaşlıqda hansı sahələrin inkişafı sizin Azərbaycanda fəaliyyətiniz dövründə proritet təşkil edəcək?

- Əvvəla onu deyim ki, Azərbaycanda özümü evdəki kimi hiss edirəm. İsrail xalqı Azərbaycanı çox sevir. Azərbaycanda yəhudi icması mövcuddur, eləcə də İsraildə Azərbaycandan olan yəhudilərin icması var. Bu baxımdan Azərbaycan mənə sanki İsraili xatırladır. Burada insanlar mülayim və mehribandırlar.

İsraillə Azərbaycan arasında çox gözəl əlaqələr var. Bu əlaqələr mərhum prezident Heydər Əliyevin dövründə başlayıb, indi isə Prezident İlham Əliyev bu əlaqələri davam etdirir. İsrail rəsmiləri, o cümlədən Prezident Şimon Peres, Baş nazir Benyamin Netanyahu, xarici işlər naziri Aviqdor Liberman Azərbaycana səfər ediblər və onların Azərbaycan rəhbərliyi ilə yaxın və dayanıqlı əlaqələri var.

İsraillə Azərbaycan arasında əlaqələr çox yaxşı və çoxşaxəlidir və mən Bakıda səfir olduğum müddətdə bu əlaqələrin, o cümlədən investisiyaların qoyuluşu, informasiya texnologiyaları, kənd təsərrüfatı, tibb avadanlıqları, turizm, suvarma, mədəniyyət, gənclər və digər sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə və genişlənməsinə çalışacağam. Enerji sahəsi də mühüm əhəmiyyət kəsb edir və biz bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm veririk.

- Siz iki ölkə arasında hazırkı münasibətləri necə dəyərləndirisiniz və ikitərəfli əlaqələrin gələcək inkişafını necə görürsünüz?

- Əlaqələr çox yaxşı, çox yaxındır, daim inkişaf edir və hər iki tərəf bundan məmnundur. Bir çox sahələr var ki, biz bu istiqamətlərdə əməkdaşlığı daha da inkişaf etdirə bilərik. İsrail, həmçinin Azərbaycanın enerji sahəsində təcrübəsindən yararlana bilər. İsrailin enerji sahəsində Azərbaycan qədər təcrübəsi yoxdur. İsrail də öz növbəsində yüksək texnologiyalar, sənayenin inkişafı, tibb texnologiyaları və digər sahələrdə təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Bütün bunlar mühüm sahələrdir və biz bu sahələri daha da inkişaf etdirməliyik.

Azərbaycan İsrail və yəhudi icması ilə tarixi əlaqələrə malikdir. Bu vacib bir məsələdir. Yəhudilər burada təhlükəsiz və sülh şəraitində yaşayırlar. Həm İsrail yəhudiləri, həm də bütün dünyada olan yəhudi icması Azərbaycanın beynəlxalq aləmdə oynadığı rola yüksək dəyər verir və Azərbaycan bu dəyərə layiq ölkədir.

- İsrail və Azərbaycan regionda sülhün və sabitliyin yaradılması üçün hansı birgə səyləri göstərə bilər?

- Həm İsrail, həm Azərbaycan problemlər olan bir mühitdə yaşayır. Ümid edirik ki, qonşularımızla olan münaqişələr sülh yolu ilə həll olunacaq və eyni zamanda ümid edirik ki, Dağlıq Qarabağ məsələsi də sülh yolu ilə öz həllini tapacaq. Bildiyiniz kimi, İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunula yanaşı münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır, bu istiqamətdə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.

- Azərbaycan şirkətləri xarici ölkələrdə investisiya qoyuluşları edirlər. İsraildə Azərbaycan investisiyalarına maraq varmı?

- Əlbəttə, var. Bu, qarşılıqlıdır. İsrail şirkətləri Azərbaycana investisiya qoyur və burada biznes qururlar. Eyni zamanda, Azərbaycan şirkətləri İsraildə biznes qururlar. Azərbaycan biznes sahəsində əməkdaşlıq üçün əlverişli ölkədir. Həmçinin, İsrailin özəl sektoru Azərbaycana böyük maraq göstərir, çünki Azərbaycan çox sürətlə inkişaf edir, iqtisadiyyatı irəli gedir, ölkədə infrastruktura, yol sisteminə, kənd təsərrüfatına və digər sahələrə böyük investisiyalar qoyulur. Biz öz iqtisadiyyatını diversifikasiya etməkdə Azərbaycana kömək etmək və Azərbaycan ilə təcrübə mübadiləsi aparmaqda maraqlıyıq. Eyni zamanda, İsrail də Azərbaycan şirkətlərinin fəaliyyəti üçün əlverişli ölkədir.

- İsrail ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı necə dəyərləndirirsiniz?

- Birincisi, qeyd edim ki, İsrail Azərbaycandan neft idxal edir. Bundan əlavə, Azərbaycanın qazma sahəsində və bununla bağlı digər işlərdə çoxillik təcrübəsi var. İsrailin isə bu qədər təcrübəsi yoxdur. İsraildə böyük qaz ehtiyatları tapılıb və indi qazın ixrac edilib-edilməməsi, hansı həcmdə ixrac edilməsi, bunun üçün hansı texnologiyalardan istifadə edilməsi, gələn gəlirin idarə edilməsi haqında İsraildə böyük müzakirələr gedir. İsraildə də Azərbaycanın Dövlət Neft Fondu kimi enerji sahəsində yeni bir fond yaradılıb. Bu, bizim üçün yenidir və bu istiqamətdə Azərbaycanın təcrübəsindən istifadə etmək istərdik.

Bundan əlavə, İsrail ilə Azərbaycan alternativ və bərpa olunan enerji sahəsində də müzakirələrə başlayıb. Bu sahənin də inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti