Gürcüstan, Tbilisi, 3 iyul /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanda ədalət hökm sürməlidir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü mətbuat konfransında Gürcüstanın Baş naziri Bidzina İvanişvili Samtatskaro kəndində pravoslav və müsəlmanlar arasında baş vermiş qarşıdurma ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
İvanişvili qeyd edib ki, Konstitusiyaya əsasən, bütün dini azlıqların öz dini ayinlərini keçirmək hüququ var: "İlk növbədə, Samtatskaro sakinlərinə müraciət edərək demək istəyirəm ki, qanuna riayət etsinlər. Biz danışıqlarla yerli müsəlmanların ibadət etmələrinə imkan yaradılmasına nail olacağıq, əgər buna danışıqlar yolu ilə müvəffəq olmasaq, qanunun gücündən istifadə edəcəyik".
Onun sözlərinə görə, Gürcüstanda heç vaxt məscidin tikintisi ilə bağlı problem olmayıb.
Baş nazir bildirib ki, mayın 17-də baş verən hadisələr süni olaraq yaradılıb: "İstintaq davam edir və ilk dəfə iki din xadimi məsuliyyətə cəlb edilib. Polis çox ləyaqətlə hərəkət edib. Hər şey daha pis ola bilərdi".