...

Elmar Məmmədyarov: ATƏT/DTİHB təşkilata üzv dövlətlərə qarşı təzyiq göstərilməsi vasitəsinə çevrilməkdən çəkinməlidir

Siyasət Materials 8 Noyabr 2013 17:31 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) mandatına uyğun olaraq, seçkilərin müşahidəsinin azad, qərəzsiz və peşəkar qiymətləndirilməsini təmin etməli və ATƏT-in üzv dövlətlərinə qarşı təzyiq göstərilməsi vasitəsinə çevrilməkdən çəkinməlidir.
Elmar Məmmədyarov: ATƏT/DTİHB təşkilata üzv dövlətlərə qarşı təzyiq göstərilməsi vasitəsinə çevrilməkdən çəkinməlidir

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir S.Əhmədova/

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) mandatına uyğun olaraq, seçkilərin müşahidəsinin azad, qərəzsiz və peşəkar qiymətləndirilməsini təmin etməli və ATƏT-in üzv dövlətlərinə qarşı təzyiq göstərilməsi vasitəsinə çevrilməkdən çəkinməlidir. Trend-in Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov əsas məruzəçi qismində çıxış etdiyi noyabrın 7-8-də İndoneziyada keçirilən Demokratiya Forumu çərçivəsində "Azad və demokratik seçkilərin keçirilməsi" və "Demokratik təsisatların qurulması və möhkəmləndirilməsi" adlı müzakirələr zamanı bildirib.

E.Məmmədyarov təəssüfləndiyini deyib ki, ATƏT/DTİHB-nin seçkilərin müşahidəsinə dair son qiymətləndirmələri qərəzli tənqid kimi istifadə edilir. Nazir Azərbaycanın Büronun seçkilərin müşahidəsi prosesindəki rolunun və seçki prosesinin qiymətləndirilməsinə dair istifadə etdiyi metodologiyanın nəzərdən keçirilməsi təklifi ilə çıxış etdiyini diqqətə çatdırıb.

XİN rəhbəri Azərbaycanın seçki təcrübəsi haqqında danışaraq, seçkilərin əsasən Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsi ilə tənzimləndiyini qeyd edib. O, seçkilər haqqında qanunvericiliyin təkmilləşdirilməsində Avropa Şurası və ATƏT ilə yaxından əməkdaşlıq edildiyini və bu təsisatların təklif etdiyi bir sıra qabaqcıl təcrübənin qanunvericiliyə daxil edildiyini bildirib.

E.Məmmədyarov 9 oktyabr tarixində keçirilmiş prezident seçkilərində 5492 seçki məntəqəsinin fəaliyyət göstərdiyi və bu məntəqələrin 37-nin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində təşkil olunduğu, avtomatlaşdırılmış dövlət informasiya sistemi vasitəsilə məntəqələrlə Mərkəzi Seçki Komitəsi arasında bağlantının qurulduğu və məntəqələrin əksəriyyətində veb-kameraların quraşdırıldığı barədə məlumat verib.

Seçkilərin 52 min yerli və 100 ölkəni, eləcə də Avropa Şurası Parlament Assambleyası (AŞ PA), Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və bir sıra başqa beynəlxalq təşkilatları təmsil edən 1300 əcnəbi müşahidəçi tərəfindən izləndiyini deyən E.Məmmədyarov seçkilərin azad, ədalətli, şəffaf və demokratik şəraitdə keçməsinin beynəlxalq müşahidəçilər tərəfindən də təsdiq olunduğunu diqqətə çatdırıb.

Nazir AŞ PA və Avropa Parlamentinin müşahidə missiyasının birgə bəyanatında seçki prosesinin azad, ədalətli və şəffaf olduğunun və seçki prosedurlarının seçki ərəfəsində və seçki günündə peşəkar və dinc şəraitdə həyata keçirildiyinin qeyd edildiyini vurğulayıb.

Aparılan müzakirələr çərçivəsində xarici işləri naziri Azərbaycanın seçki təcrübəsi haqqında forum iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Bu müzakirələrdə E.Məmmədyarov ilə yanaşı, əsas məruzəçilər qismində Avstraliyanın xarici işlər naziri Juli Bişop, Liberiyanın xarici işlər naziri Auqustin Kepehe Nqafuan və Filippin Prezidentinin sözçüsü və hökumət ofisinin üzvü Edvin Lasierda çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti