...

Mərkəzi Seçki Komissiyasında görüş keçirilib

Siyasət Materials 17 Dekabr 2013 15:45 (UTC +04:00)
Azərbaycan Milli Məclisi və MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası (PA) tərəfindən təşkil edilmiş "MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası" mövzusunda beynəlxalq seminarın iştirakçıları bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər.
Mərkəzi Seçki Komissiyasında görüş keçirilib

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Milli Məclisi və MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası (PA) tərəfindən təşkil edilmiş "MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası" mövzusunda beynəlxalq seminarın iştirakçıları bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər.

Komissiyadan Trend-ə verilən məlumata görə, qonaqları salamlayan MSK sədri Azərbaycanda seçicilərin iradəsini yüksək səviyyədə reallaşdırmağa imkan verən mükəmməl qanunverici bazanın olduğunu söyləyib.

Seçki Məcəlləsinin 2003-cü ildə qəbul olunduğunu diqqətə çatdıran M.Pənahov bu normativ-hüquqi aktın Avropa Şurasının Venesiya Komissiyası tərəfindən yüksək rəy aldığını bildirib.

O, qeyd edib ki, Milli Məclis tərəfindən Seçki Məcəlləsinə bir neçə dəfə dəyişiklik edilib və bu sənəd daha da təkmilləşdirilib: "Dövlətimizin başçısı seçki sahəsində hüquqi bazanın möhkəmləndirilməsi və seçki praktikasının daha da təkmilləşdirilməsi istiqamətində müstəsna əhəmiyyətə malik addımlar atıb".

Komissiya sədri Azərbaycan Prezidenti tərəfindən imzalanan sərəncamlar barədə görüş iştirakçılarına məlumat verib.

Seçki qanunvericiliyinin formalaşdırılması istiqamətində MSK tərəfindən görülən işlər barədə söz açan sədr qurumun qəbul etdiyi normativ xarakterli sənədlər barədə də danışıb.

O, bütün yeniliklərin, o cümlədən informasiya-kommunikasiya sahəsində nailiyyətlərinin seçkilərdə tətbiqinin də ölkə rəhbərinin siyasi iradəsinin təzahürü olduğunu vurğulayıb.

Son prezident seçkilərində tətbiq olunan yeniliklər barədə danışan M.Pənahov veb-kameralar quraşdırılmış seçki məntəqələrinin sayının ötən seçkilərə nisbətən iki dəfə artırılaraq 1000-ə çatdırıldığını, Azərbaycan və dünya praktikasında ilk dəfə olaraq veb-kameralar quraşdırılmış seçki məntəqələrində baş verən proseslərin mobil telefonlar vasitəsilə izlənməsinin mümkün olduğunu, hərəkət qabiliyyətində məhdudiyyətlər olan şəxslərin əlil arabaları ilə səsverməyə gələ bilmələri üçün 1200-ə yaxın məntəqədə pandusların quraşdırıldığını nəzərə çatdırıb.

Görüşdə seçici siyahıları üzərində iş, seçki subyektlərinin maarifləndirilməsi və digər məsələlər barədə də qonaqlara məlumat verilib.

Səmimi qəbula görə görüş iştirakçıları adından təşəkkürünü bildirən MDB PA Şurasının baş katibi Aleksey Sergeyev Azərbaycanın son 10 ildə seçki praktikasının təkmilləşdirilməsi sahəsində başqa ölkələrə nümunə ola biləcək nailiyyətlərə imza atdığını bildirib və həm qanunvericilik, həm də praktiki nöqteyi-nəzərdən Azərbaycanın bu sahədəki təcrübəsinin öyrənilməsinin vacib olduğunu vurğulayıb.

Görüşdə iştirak edən digər seminar iştirakçıları da Azərbaycanın seçki sahəsində qazandığı təcrübənin digər MDB ölkələrində yayılmasının vacibliyini qeyd ediblər.

Görüşdən sonra Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzində son prezident seçkilərində tətbiq olunmuş informasiya-kommunikasiya yeniliklərini özündə əks etdirən təqdimat keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti