Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.Mehdiyev/
Abxaziyanın daxilində baş verənlərlə bağlı neqativ informasiyaların və təfsirlərin sayı artıb. Bu prosesdə əsasən ermənilərə yaxın mətbu orqanları və ekspertlər iştirak edirlər. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
M.Əhmədoğlu hesab edir ki, Volqoqraddakı terror hadisələri ilə eyni vaxtda Abxaziya ilə bağlı belə neqativ informasiyaların sayının artmasını diqqətdən kənarda saxlamaq mümkün deyil: "Soçi olimpiadasının təhlükəsizliyi Rusiya üçün vacib məsələdir. Hətta bu məqsədlə o çərkəz fəalların profilaktik həbsini də reallaşdırmışdır. Ermənistan Prezidenti Serj Sarkisyan Şimali Qafqazda təhlükəsizlik məsələlərini uzun müddət Qərb liderləri ilə müzakirə etmişdi. Şimali Qafqazla heç bir coğrafi, etniki və dini əlaqəsi olmayan Ermənistan Prezidentinin bu müzakirələrdə iştirakı diqqəti çəkir. Ermənistan rəhbərliyi Abxaziyada sabitliyi pozmaqla, Abxaziya ilə Rusiya arasında gərginlik yaratmaqla gürcü-abxaz dəmiryolunun açılacağına ümid yaratmaq istəyir".
Politoloq qeyd edib ki, bu dəmiryolun fəaliyyətinin qeyri-mümkünlüyü barədə indi hətta Rusiya Strateji Tədqiqatlar İnstitutunun şöbə müdiri Y.Amelina kimi ermənipərəst ekspertlər danışırlar.
Politoloq qeyd edib ki, Rusiya Ermənistanı Gömrük İttifaqına təkidlə dəvət edir: "Bu, Rusiya ilə Ermənistan arasında dəmiryol əlaqəsinin bərpasını zəruri edir. Gürcü-abxaz yolunun açılmaması Rusiyanın Meğri dəmiryolu məsələsini gündəliyə gətirməsi deməkdir. Meğri dəmiryolunun açılması isə Dağlıq Qarabağın işğaldan azad olunması deməkdir. Ermənistan Dağlıq Qarabağı işğaldan azad etmək məqsədində olmadığı üçün Abxaziyada vəziyyəti gərginləşdirməklə ümumilikdə Qafqaz regionunda təhlükəsizliyə ciddi təhlükə yaratmış olur. Hadisələrin belə dönəmini Türkiyənin xeyrinə, Rusiyanın ziyanına başa düşmək olar".