Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir E.Mehdiyev/
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində YUNESKO-nun Baş Qərargahında təşkilatın baş direktoru İrina Bokova ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-YUNESKO münasibətləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
E.Məmmədyarov ölkəmizin YUNESKO ilə əməkdaşlığa xüsusi önəm verdiyini və ötən il iyulun 18-də Azərbaycan ilə YUNESKO arasında imzalanmış əməkdaşlıq haqqında Çərçivə Sazişinin bu münasibətlərin daha da gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
İ.Bokova Azərbaycanın YUNESKO-ya göstərdiyi diqqətə görə minnətdarlığını bildirərək, ölkəmizin YUNESKO-nun qlobal missiyasına dəstək verməsinin və onun işinə daha fəal cəlb olunmasının təqdirəlayiq hal olduğunu qeyd edib. O, YUNESKO ilə əlaqələrimizin inkişaf etdirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müstəsna rolunu vurğulayıb.
Görüş əsnasında E.Məmmədyarov və İ.Bokova Azərbaycan və YUNESKO arasında Gənc Peşəkar Əməkdaş Proqramının təsis edilməsi haqqında saziş imzalayıblar.
Saziş Azərbaycanın gənc mütəxəssislərinin YUNESKO Katibliyində çoxtərəfli mühitdə fəaliyyət göstərməsinə və beynəlxalq təcrübə toplamasına imkan yaradacaq.