...

Artur Rasi-zadə Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Siyasət Materials 8 May 2014 15:16 (UTC +04:00)
Mayın 8-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Draqo Lovriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Artur Rasi-zadə Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir İ.İzzət/

Mayın 8-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Draqo Lovriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanla Xorvatiya arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın inkişaf etdiyini məmnunluqla vurğulayan Baş nazir Artur Rasi-zadə bu səfərin hərbi-texniki sahədə də əməkdaşlığın genişlənməsinə kömək edəcəyinə əminliyini bildirib.

Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal altında qaldığını, soydaşlarımızın yurd-yuvasından didərgin düşdüyünü, münaqişə zonasında sosial-mədəni obyektlərin və infrastrukturun tamamilə dağıdıldığını xatırladaraq, münaqişənin həlli prosesində müşahidə olunan ikili standartların yolverilməzliyini nəzərə çatdırıb.

Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Draqo Lovriç Bakıda keçirdiyi görüşlər və apardığı danışıqlar barədə ətraflı məlumat verərək bildirib ki, azərbaycanlı həmkarları ilə hərbi hazırlıq, təlim-təhsil, hərbi-sənaye kompleksi, ekspertlər səviyyəsində təcrübə mübadiləsi və digər əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.

Regionda sülhə təhlükə yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, ölkəmizin ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacib olduğu fikrini dəstəkləyən Draqo Lovriç çıxışının sonunda səfərin yüksək səviyyədə təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Qəbul zamanı Azərbaycan və Xorvatiya arasında əməkdaşlığın perspektivinə dair tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti