...

Gürcüstan azərbaycanlı hərbçilərin Saçxeri Dağ hazırlığı məktəbində hazırlıq keçməsini təklif edir

Siyasət Materials 29 May 2014 17:11 (UTC +04:00)
Gürcüstan Azərbaycana Saçxeri Dağ hazırlığı məktəbində azərbaycanlı hərbçilərin hazırlıq keçməsini təklif edir.
Gürcüstan azərbaycanlı hərbçilərin Saçxeri Dağ hazırlığı məktəbində hazırlıq keçməsini təklif edir

Gürcüstan, Tbilisi, 29 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Azərbaycana Saçxeri Dağ hazırlığı məktəbində azərbaycanlı hərbçilərin hazırlıq keçməsini təklif edir. Belə bir təkliflə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya bu gün azərbaycanlı həmkarı Zakir Həsənovla görüşü zamanı çıxış edib.

Z.Həsənovun Gürcüstana rəsmi səfəri çərçivəsində Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib. Gürcüstan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Hərbi-texniki sahədə təcrübə mübadiləsinə, eləcə də hərbi polis və təhsil sahəsinə diqqət ayrılıb.

Gürcüstanın müdafiə naziri İ.Alasaniya general-polkovnik Z.Həsənovu nazirliyin müdafiə sahəsində həyata keçirdiyi islahatlarla tanış edib.

Görüşdə Gürcüstanın NATO-ya daxil olması perspektivinə, eləcə də gürcü hərbçilərin Əfqanıstandakı beynəlxalq missiyasına da toxunulub. Tərəflər regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.

İ.Alasaniya Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

Görüş başa çatdıqdan sonra nazirlər mətbuata bəyanatlarla çıxış ediblər.

İ.Alasaniya qeyd edib ki, Azərbaycan Gürcüstanın təkcə tarixi qonşusu deyil, həm də regiondakı strateji tərəfdaşıdır: "Bugünkü səfər Gürcüstanın və Azərbaycanın, xalqlarımızın, hökumətlərimizin bir-birilərinə etibar etməsinin və ikitərəli əlaqələrin dövlət maraqlarımıza uyğun inkişaf etdiyinin daha bir sübutudur".

Onun sözlərinə görə, bu gün Z.Həsənovla ikitərəfli hərbi əməkdaşlığın detallarını müzakirə ediblər: "Hərbi sənaye formatında əməkdaşlıq, eləcə də təcrübə və informasiya mübadiləsi müzakirə edildi. Biz, həmçinin üçtərəfli - Gürcüstan, Azərbaycan və Türkiyə formatında əməkdaşlığın gələcəkdə dərinləşdirilməsinə toxunduq".

O, əlavə edib ki, bir neçə həftə əvvəl Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan rəhbərlərinin iştirakı ilə sammit keçirildi və orada üç ölkənin bütün sahələrdə, o cümlədən hərbi sahədə üçtərəfli əməkdaşlığın dərinləşdirilməsi üzrə siyasi iradəsi bir daha təsdiqləndi: "Biz bu gün hərbi sahədə hərtərəfli münasibətlərin dərinləşəcəyini təsdiq edirik. Qeyd etmək istəyirəm ki, bu yalnız ölkələrimizin milli təhlükəsizliyinin müdafiəsinə yönəlib".

Z.Həsənov qəbula görə Gürcüstan tərəfinə təşəkkürünü bildirib: "İki ölkə arasında kifayət qədər dərin əlaqələr mövcuddur. Gürcüstanın və Azərbaycanın iqtisadi əlaqələri əhəmiyyətlidir. Deyə bilərik ki, münasibətlər bütün istiqamətlər üzrə inkişaf edir. Beynəlxalq arenada Azərbaycanın və Gürcüstanın maraqları üst-üstə düşür. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə Gürcüstana təşəkkür edirik. Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Rəhbərliyimizdən göstəriş alınıb ki, hərbi sahədə əməkdaşlıq səmərəli olsun. Bu sahədə - hərbi, hərbi-texniki və təhsil planında kifayət qədər geniş imkanlar mövcuddur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti