Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir R.Hafizoğlu/
Ankara Mosuldakı konsulluğa hücum barədə xəbərdar idi. Bu sözləri Türkiyə Baş nazirinin müavini Bülənt Arınc jurnalistlərə açıqlamasında bildirib. Trend xəbər verir ki, məlumatı "TRT Haber" telekanalı yayıb.
Arınc bildirib ki, Ankara real vəziyyəti nəzərə alaraq konsulluq işçilərinə müqavimət göstərməməyi tələb edib: "Sadəcə türk filmlərində 40 nəfər 1000 nəfərə qarşı mübarizə apararaq qalib gələr bilir. Real həyatda isə bu, mümkün deyil".
Qeyd edək ki, iyunun 11-də Mosuldakı Türkiyə konsulluğunun əməkdaşları hazırda yaraqlıların nəzarəti altında olan şəhəri tərk edə bilməyiblər. Bundan sonra Türkiyə hökuməti bəyan edib ki, konsulluğa hücum olunub və diplomatik missiyanın 48 əməkdaşı yaraqlılar tərəfindən girov götürülüb.
Dünən isə konsulluq işçiləri sərbəst buraxılıb və hazırda Mosul valiliyinin binasındadırlar.
Son məlumatlara görə, Mosul və Tikriti ələ keçirən "İraq və Şam İslam Dövləti" terror təşkilatının yaraqlıları Bağdadı tutmağı planlaşdırırlar.