...

Elmar Məmmədyarov Çinin Beynəlxalq Tədqiqatlar İnstitutunda çıxış edib

Siyasət Materials 2 İyul 2014 19:10 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasına (ÇXR) rəsmi səfəri çərçivəsində bu gün Çin Beynəlxalq Tədqiqatlar İnstitutunda “Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətləri” mövzusunda təşkil edilmiş tədbirdə çıxış edib.
Elmar Məmmədyarov Çinin Beynəlxalq Tədqiqatlar İnstitutunda çıxış edib

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasına (ÇXR) rəsmi səfəri çərçivəsində bu gün Çin Beynəlxalq Tədqiqatlar İnstitutunda "Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqamətləri" mövzusunda təşkil edilmiş tədbirdə çıxış edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Çinin aparıcı elmi tədqiqat müəssisələrinin tədqiqatçıları və mütəxəssisləri iştirak ediblər.

E.Məmmədyarov çıxış edərək, ölkəmizin xarici siyasətinin prioritet istiqamətləri, uğurlu iqtisadi inkişaf modeli, həyata keçirilən siyasi, iqtisadi və sosial islahatlar və icra edilən infrastruktur layihələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Ölkəmizin coğrafi mövqeyinin strateji əhəmiyyəti barəsində danışan nazir coğrafi mövqeyin, geoloji və geostrateji amillərin ölkəmizin xarici siyasətinin istiqamətlərinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.

O, ölkəmizin təşəbbüsü ilə regionda həyata keçirilən nəqliyyat, infrastruktur və kommunikasiya layihələri barədə danışaraq, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin əhəmiyyətini qeyd edib və bu layihənin mal dövriyyəsinin artırılması və regionda yaşayan xalqların rifahının yaxşılaşdırılması üçün əlverişli imkanlar yaradacağına əminliyini ifadə edib.

Azərbaycanın davamlı iqtisadi inkişaf göstəricilərinə malik olduğunu deyən E.Məmmədyarov Beynəlxalq Valyuta Fondu, Dünya Bankı kimi maliyyə təsisatlarının hesabatlarında Azərbaycanın iqtisadiyyatının sabit və sağlam şəkildə xarakterizə olunduğunu qeyd edərək, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası haqqında məlumat verib.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçı siyasətinin nəticələri barəsində danışaraq, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan tərəfindən hələ də icra olunmadığını vurğulayıb.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın region ölkələri və Avropa İttifaqı ilə münasibətləri, Yaxın Şərq və Mərkəzi Asiya regionundakı vəziyyət və qlobal və regional proseslərlə bağlı ölkəmizin mövqeyinə dair tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti