Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir Səbinə Əhmədova/
Azərbaycan tolerantlıq ölkəsidir. Bunu Trend-ə eksklüziv müsahibəsində İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz bildirib.
Səfir deyib: "Azərbaycanda böyük yəhudi icması var. İsraildə isə Azərbaycan əsilli böyük icma yaşayır. Yəhudilər burada hər zaman rahat yaşayıblar".
Onun sözlərinə görə, İsrail Azərbaycanı yəhudi icmasına münasibətinə görə dünyanın bütün ölkələri üçün tolerantlıq nümunəsi kimi yüksək qiymətləndirir.
R.Harpaz qeyd edib ki, İsrail və Azərbaycan arasında bütün sahələrdə gözəl əlaqələr mövcuddur. Buna misal olaraq, səfir Azərbaycan Prezidenti İlham Əliyevin İsrailin Baş naziri Benyamin Netanyahu ilə Davosda görüşünü, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və kənd təsərrüfatı naziri Heydər Əsədovun İsrailə səfərlərini və bu yaxınlarda İsrailin xarici işlər naziri Aviqdor Libermanın Bakıya səfərini xatırladıb.
Türkiyə və İsrail arasındakı hazırkı münasibətlərə toxunan səfir bildirib ki, Türkiyə çox vacib ölkədir: "Biz hazırda əlaqələrin normallaşdırılması prosesindəyik".
Diplomatın sözlərinə görə, dünyada bir çox problem mövcuddur və Türkiyə ilə İsrailin ortaq maraqları var.
R.Harpaz qeyd edib ki, hər iki ölkədə ticarət və turizm sahəsi ötən il ərzində xeyli dərəcədə inkişaf edib. Onun sözlərinə görə, "Türk Hava Yolları" hazırda İsraildə ən böyük xarici aviaşirkətdir.
Səfirin sözlərinə görə, aralarındakı narazılıqları aradan qaldırmaq üçün hər iki vacib ölkənin bir çox ümumi maraqları var.
Qeyd edək ki, Türkiyə ilə İsrail arasında münasibətlər 2010-cu ilin mayında İsrailin Hərbi Dəniz Qüvvələrinin İsrail Silahlı Qüvvələri tərəfindən blokadaya alınmış Qəzza bölgəsinə humanitar yardım aparan "Azadlıq Donanması"nın altı gəmisini saxlamasından sonra kəskin şəkildə pisləşib. İsrail SQ-nin hücumu nəticəsində Türkiyənin "Mavi Mərmərə" gəmisində 9 sülhməramlı həlak olub. İsrail hökuməti israrla hərbi əməliyyatın özünümüdafiə xarakteri daşıdığını bildirir. 2011-ci ilin sentyabrında Türkiyə və İsrail öz səfirlərini geri çağırıblar.
Rafael Harpaz həmçinin qeyd edib ki, gələn il keçiriləcək İlk Avropa Oyunları üçün böyük həyəcan var. Səfirin sözlərinə, İsrail bu oyunların keçirilməsində Azərbaycanı dəstəkləyir və oyunlara özünün ən güclü nümayəndə heyətini göndərəcək: "Biz hesab edirik ki, bu, Azərbaycanı Avropaya açmaq üçün böyük imkandır və biz buna çox şadıq".
Qeyd edək ki, Bakı 2015 ilk Avropa Oyunları gələn il iyunun 12-28-də keçiriləcək.