...

Azərbaycan və İsrail səfirləri ABŞ-da nəyi müzakirə etdilər? (FOTO)

Siyasət Materials 15 Sentyabr 2014 09:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

ABŞ-dakı yəhudi icmasını təmsil edən ən mühüm təşkilatlardan biri olan Amerika Yəhudi Komitəsi tərəfindən sentyabrın 14-də İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun iştirakı ilə tədbir keçirilib.

Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyindən Trend-ə verilən məlumata görə, ABŞ-ın Merilend ştatında yerləşən Bet Şolom Sinaqoqunda baş tutmuş toplantıya bu ştatın yəhudi icmasının fəal nümayəndələri və eləcə də burada yaşayan Azərbaycan icmasının təmsilçiləri qatılıblar.

İştirakçılar qarşısında çıxış etmiş İsrail və Azərbaycan səfirləri ilk növbədə xalqlarımız və ölkələrimiz arasında uzun illərdən bəri davam edən dostluq münasibətləri və ildən-ildən genişlənib, inkişaf edən məhsuldar əməkdaşlıq haqqında fikirlərini bölüşübşlər. Onlar möhkəm dayaqlara malik olan bu münasibətlərin bir çox aspektlər baxımından nümunəvi xarakter daşıdığını bəyan edib, münasibətlərin yüksələn dinamikasına nəzər salınıb və o cümlədən, iki ölkənin rəhbər rəsmilərinin qarşılıqlı səfərlərinin bu prosesə verdiyi töhfəni qeyd ediblər. Bu mənada, yalnız bir neçə gün əvvəl İsrailin müdafiə nazirinin Azərbaycanın müstəqillik illərində ilk dəfə ölkəmizə səfər etdiyi misal gətirilib.

Məruzəsi əsnasında səfir Rafael Harpaz toplantının baş tutduğu gündə İsrail tərəfindən ölkələrimiz arasında diplomatik və xidməti pasport sahibləri üçün viza prosedurlarının asanlaşdırılmasına dair sazişin ratifikasiya edilməsi barədə məlumat verib. O, həmçinin Azərbaycan cəmiyyətində hökm sürən dini tolerantlığı təqdir etmiş və müxtəlif dinlərə mənsub şəxslərin sərbəst və təhlükəsiz bir şəraitdə yaşadıqlarını göstərib. İsrail diplomatı ölkəmizdə antisemitizm hallarına rast gəlinmədiyini xüsusi olaraq vurğulayıb və Azərbaycanın 30 minə yaxın yəhudi icmasının qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığını önə çəkib.

Səfir Elin Süleymanov öz növbəsində dünyəvi bir dövlət olan Azərbaycanda din və vicdan azadlığının təmin edilməsi və dini-mədəni müxtəliflik və tolerantlığın qorunması və təşviqinə toxunaraq, Azərbaycan dövlət başçısının bu istiqamətdə müəyyən etdiyi mütərəqqi siyasət barədə danışıb.

Məruzələrin ardınca natiqlər İsrail-Azərbaycan münasibətləri, Avrasiya regionunda cərəyan edən hadisələr və ABŞ ilə çoxşaxəli əməkdaşlıq haqqında sualları cavablandırıblar.

Hazırda ABŞ-da səfərdə olan səfir Rafael Harpazın qarşıdan gələn günlərdə Vaşinqton, Filadelfiya və Nyu-York şəhərlərində İsrail-Azərbaycan münasibətlərindən bəhs edən bir sıra birgə tədbirlərdə iştirak etməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti