Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/
ABŞ-da Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirən xeyli insan var. Bunu İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Trend-ə müsahibəsində bildirib.
Səfir qeyd edib ki, bu yaxınlarda ABŞ-a səfərinin məqsədi də məhz Azərbaycan haqqında həqiqətləri çatdırmaq olub: "ABŞ-a səfər çox mühüm idi. Biz Vaşinqtonda Konqresdə və Dövlət Departamentində, yəhudi təşkilatlarında, iqtisadi şirkətlərdə, Filadelfiya və Nyu York şəhərlərində olduq. Səfərin məqsədi bizim xüsusi və gözəl əlaqələrimizi vurğulamaq və Azərbaycanın xüsusilə də yəhudi icmasına münasibətdə tolerantlıq nümunəsi olmasından bəhs etmək idi".
Onun sözlərinə görə, Birləşmiş Ştatlarda Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirən xeyli insan var: "Hesab edirəm ki, məni ABŞ-a aparan bizim gözəl əlaqələrimizdir".
R.Harpaz həmçinin deyib ki, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da işini çox gözəl görür. Səfirin sözlərinə görə, səfər çərçivəsində bir çox məsələlər müzakirə olunub: "Azərbaycan və İsrail arasında siyasi, iqtisadi, ticarət, mədəni və kənd təsərrüfatı sahələrində xüsusi əlaqələr barədə müzakirələr aparıldı. Müzakirə mövzularından biri də tolerantlıq idi. Azərbaycan tolerantlıq nümunəsidir. Bunu ən yaxşı biz bilirik. Belə ki, yəhudi icması burada sülh şəraitində yaşayır".
Diplomat vurğulayıb ki, səfər çərçivəsində müxtəlif tədbirlər və görüşlər baş tutdu.
İsrailin müdafiə naziri Moşe Yaalonun Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX-2014" sərgisində iştirak etmək üçün ölkəmizə səfər etməsinə toxunan səfir bildirib ki, bu çox vacib bir səfər idi: "Biz çox məmnunuq. Bu səfər hər iki ölkə arasında olan gözəl münasibətləri nümayiş etdirdi. Səfər çərçivəsində müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyev, müdafiə naziri Zakir Həsənov, müdafiə sənayesi naziri Yavər Camalov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşdü".
R.Harpaz qeyd edib ki, Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində gözəl əməkdaşlıq mövcuddur: "İsrailin 16 böyük şirkətinin Bakıda "ADEX-2014" sərgisində iştirakı ölkələrimiz arasındakı gözəl münasibətləri nümayiş etdirir. Eyni zamanda, ilk dəfədir ki, Azərbaycan belə sərgilər təşkil edir. Hesab edirəm ki, bu böyük uğurdur. Bu sərgiyə dəstək göstərmək bizim üçün çox vacib idi. Müdafiə naziri Moşe Yaalon səfərindən çox razı qaldı. Bu bütün aspektlərdə çox uğurlu bir səfər oldu. Səfər zamanı müdafiə naziri yəhudi icması ilə görüşdü. Bu qısa səfər olsa da, biz çox iş gördük".
Onun sözlərinə görə, son aylarda səfərlərin sayı artıb: "Bu ilin may ayında İsrailin xarici işlər naziri Aviqdor Liberman Bakıya səfər etmişdi. İyunda İsrail parlamenti - Knessetdən nümayəndə heyəti Azərbaycanda səfərdə olub. İndi isə müdafiə nazirinin səfəri baş tutdu".
Qarşılıqlı səfərlər barədə danışan R.Harpaz bildirib ki, Azərbaycanda keçiriləcək Beynəlxalq Humanitar Forum zamanı bir çox səfərlər olacaq: "Biz İsraildən nümayəndə heyətinin səfərini gözləyirik. Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və telekommunikasiya şirkətlərinin əməkdaşlarından ibarət nümayəndə heyəti noyabrda Milli Təhlükəsizlik Konfransında iştirak etmək üçün İsrailə səfər edəcək".
İsrailin Azərbaycandakı səfir postuna yeni namizəd irəli sürməsinə toxunan diplomat qeyd edib ki, ölkəsində səfirlər bir il öncədən təyin edilir: "Lakin səfir təyin olunması üçün ilk növbədə İsrail hökuməti tərəfindən təsdiq olunmalıdır və Azərbaycan hökuməti ilə razılıq əldə olunmalıdır".
Səfir vurğulayıb ki, hələ 2015-ci ilin avqust ayına kimi İsrailin Azərbaycandakı səfiri vəzifəsində səlahiyyətləri davam edəcək: "Qarşıdan gələn ildə çox işlər görməliyik. Bakıda olduğum hələ bir il ərzində əlaqələrimizi dərinləşdirmək və genişləndirmək üçün
əlimdən gələn hər şeyi edəcəyəm. Mən bu ölkəni çox sevirəm".