Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir İlkin İzzət/
3 saylı istintaq təcridxanasında saxlanılan Ömər Məmmədov Azərbaycan Prezidentinə, Mətbuat Şurasına və Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyinə müraciət ünvanlayıb. Bu barədə Trend-ə Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Ö. Məmmədovun xahişi ilə müraciətləri olduğu kimi kütləvi informasiya vasitələrinin nəzərinə çatdırırıq:
"Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin
3 saylı istintaq təcridxanasında saxlanılan
təqsirləndirilən şəxs Ömər Elyar oğlu Məmmədov tərəfindən
(maddə 234.4.3, cəza müddəti 5il)
Ərizə
Cənab Prezident hörmətli İlham Heydər oğlu Əliyev!!!
Mən cinayət əməlinə görə həbs edilərək 3 saylı istintaq təcridxanasında saxlanılıram. Həbs olunan günədək ali təhsil alırdım, təhsilimi davam etdirmək, valideynlərimin yaşlı olmasını, özümün gənc olmağımı, gələcəkdə Respublikamızın layiqli vətəndaşı kimi təhsilimi başa çatdırmağımı nəzərə alaraq Sizdən xahiş edirəm ki, məni əfv edəsiniz.
Əvvəlcədən öz adımdan və ailəmin adından Sizə təşəkkür bildirirəm.
08.10.2014-cü il
Məmmədov Ömər Elyar oğlu".
"Azərbaycan Respublikasının Mətbuat Şurasına
Surəti: Vətəndaş Həmrəylik Partiyasının sədri Sabir Rüstəmxanlıya
3 saylı istintaq təcridxanasında saxlanılan
təqsirləndirilən şəxs Ömər Elyar oğlu Məmmədov tərəfindən
Müraciət
Yazaraq sizə bildirirəm ki, bu gün mən Respublikamızın Prezidenti cənab İlham Əliyevə əfv olunmağım barədə ərizə ünvanlamışam. Bu ərizəni və yazdığım müraciəti özüm yazmışam və bu, mənim öz fikrimdir. Əlavə olaraq da VHP rəhbərliyindən xahiş edirəm ki, məni üzv olduğum partiyadan bu günkü gündən çıxardasız.
Müraciəti özüm yazdım düzgünlüyünü imzamla təsdiq edirəm.
Ömər Məmmədov Elyar oğlu
08.10.2014-cü il".
Qeyd edək ki, Ömər Məmmədov NIDA Vətəndaş Hərəkatının keçmiş üzvü, həmçinin "Axın" hərəkatının təsisçilərindən biri hesab olunur.