...

Azərbaycan və İran bir-birinə nə verə bilər?

Siyasət Materials 15 Noyabr 2014 15:38 (UTC +04:00)
Azərbaycan hazırda Ermənistan istisna olmaqla regionun bütün ölkələri ilə fəal əməkdaşlıq edir. Bununla belə, respublikanın əlaqələri bütün tərəfdaşları ilə yüksələn xətt üzrə inkişaf edir.
Azərbaycan və İran bir-birinə nə verə bilər?

Azərbaycan redaksiyası

Səba Ağayeva - Trend:

Azərbaycan hazırda Ermənistan istisna olmaqla regionun bütün ölkələri ilə fəal əməkdaşlıq edir. Bununla belə, respublikanın əlaqələri bütün tərəfdaşları ilə yüksələn xətt üzrə inkişaf edir. Lakin siyasi və iqtisadi əlaqələrin inkişaf potensialı daha çox hələ İranla qalır.

Bunu bu həftə İran Prezidenti Həsən Ruhaninin Azərbaycana baş tutmuş səfəri bir daha təsdiq etdi. Ölkələr bir sıra sənədlərlə yanaşı, dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə də imzaladılar. Bəyannamə ikitərəfli əlaqələri hərtərəfli inkişaf etdirməyi, regional və beynəlxalq problemlər üzrə müxtəlif səviyyədə siyasi dialoqu davam etdirməyi nəzərdə tutur.

Yaxın Şərqdəki qeyri-sabitlik İrandan mövcud çağırışlara qarşı dayanmaq üçün yeni müttəfiqlərin axtarışını tələb edir. Hələ də Qərblə gərginliyi olan Tehran belə müttəfiqlərdən biri kimi Bakını görür. Bu fakt da bəyannamədə əks olunub. Həmin bəyannamədə tərəflər ərazi bütövlüyü və dövlət suverenliyinə qarşı yönəldilmiş təşkilatların, qrupların və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması üzrə müvafiq tədbirlərin görülməsinə və regionda sabitlik və sülhün qorunması üzrə qarşılıqlı fəaliyyətin aparılmasına hazır olduqlarını təsdiq ediblər.

Yaxın Şərqdə qeyri-sabitliyin qarşısını almaq üçün İrana Qərbdən savayı, ərəb ölkələrinin dəstəyini almaq da lazımdır. İranın ərəb ölkələri ilə münasibətləri ənənəvi olaraq soyuqdur. Bu baxımdan ərəb dünyasının bütün ölkələri ilə yaxşı əlaqələri olan Azərbaycanın dəstəyi az əhəmiyyətli deyil.

İqtisadi əlaqələrə gəlincə, Azərbaycan və İranın enerji, nəqliyyat, investisiya sahələrində bir sıra layihələri var ki, onlar gələcəkdə reallaşdırılacaq.

Bundan başqa, Azərbaycan çoxdankı müttəfiqlər olan İran və Rusiya arasında yerləşən ölkədir. Bu baxımdan vacib layihələrdən biri Azərbaycan ərazisi ilə İran və Rusiyanı birləşdirəcək Şimal-Cənub dəmir yolunun tikintisidir. Bu, Avropadan olan yüklərin Fars körfəzinə və daha uzağa çatmasına imkan verəcək.

Bununla belə, İran bəyannamədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının, beynəlxalq tanınmış sərhədlərin pozulmasının nəticələrinin tanınmamasının və münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll olunmasının vacibliyini bir daha təsdiq etsə də, Tehran bu məsələdə daha aydın və fəal mövqe tutmalıdır.

İranın Azərbaycan və Ermənistanla əməkdaşlığının əhəmiyyətini müəyyənləşdirmək üçün Tehranın bu ölkələrlə bütün əməkdaşlıq perspektivlərini tərəzinin gözünə qoyması kifayət edir. Nəticə isə aydındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti