Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir Səba Ağayeva/
QHT-lərin fəaliyyəti Çexiyanın dövlət orqanlarının nəzarəti altında deyil və ölkənin rəsmi mövqeyini əks etdirmir. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev Batumidə Azərbaycan və Çexiyanın vətəndaş cəmiyyətləri nümayəndələri arasında baş vermiş insidenti şərh edərkən deyib.
Batumidə Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramı şərçivəsində vətəndaş cəmiyyəti forumundakı görüşdə Çexiya və Azərbaycanın nümayəndə heyətləri arasında insident baş verib. Çexlərin Azərbaycanda insan haqlarının pozulmasına dair plakat qaldırmaları Azərbaycan nümayəndə heyətinin hiddətinə səbəb olub.
İnsident görüşün təşkilatçıları tərəfindən aradan qaldırılıb.
Şəfiyev bildirib: "Çexiyada "People in need" adlı QHT çoxdan antiazərbaycan və erməniyönümlü fəaliyyəti ilə tanınır. Qurumun yaradıcılarından biri Yeromir Ştetsina əvvəllər Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər edib".
Diplomat qeyd edib ki, təbii ki,Çexiya hökumətinin QHT-nin fəaliyyəti ilə əlaqəsi yoxdur: "QHT-nin fəaliyyəti Çexiyanın dövlət orqanlarının nəzarəti altında deyil və ölkənin rəsmi mövqeyini əks etdirmir".
Səfir bildirib ki, hazırda Azərbaycan və Çexiya arasında əməkdaşlıqda artım müşahidə olunur.
Batumidə keçirilən illik forumun işində "Şərq Tərəfdaşlığı" ölkələrinin - Azərbaycan, Belarus, Moldova, Gürcüstan, Ermənistan və Ukraynanın nümayəndələri, eləcə də Aİ ölkələrinin QHT-ləri iştirak edirlər.