...

Mübariz Əhmədoğlu: Eyni gündə Tənzimləmə prinsipləri haqqında müqaviləni və Böyük Sülh Sazişini imzalamaq mümkündür

Siyasət Materials 21 Noyabr 2014 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr/ Trend, müxbir Elçin Mehdiyev/

İsveçrənin Bazel şəhərində dekabrın əvvəllərində ATƏT nazirlərinin görüşü gözlənilir. Ənənəvi tədbirdir. Son illərdə Qazaxıstanın, İrlandiyanın və Ukraynanın ATƏT-ə sədrliklərinə ümidlər böyük olsa da, özünü doğrultmadı. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib

Politoloq qeyd edib ki, Ukrayna ATƏT-ə sədrliyi dövründə MDB məkanındakı münaqişələrə, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə obyektiv münasibət göstərsəydi, bəlkə də indiki vəziyyətlə üzləşməzdi. Ukraynadakı Erməni diasporunun təsiri altında olan Yanukeviç höküməti, xüsusilə Ukrayna XİN-i ermənilərin destruktiv niyyətlərini reallaşdırmaqla məşğul oldu.

M.Əhmədoğlunun sözlərinə görə, İrlandiya dünyada münaqişələri tənzimləmə modeli kimi qəbul edilsə də, bu da ermənilərdə effekt yaratmadı.

Politoloq hesab edir ki, Qazaxıstan rəhbərliyi 2010-cu ildə ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsindən ötrü çox çalışsa da, ermənilərin destruktivliyi ucbatından ciddi sənəd imzalanmadı.

M.Əhmədoğlu bildirib: "2014-cü ilin ATƏT MQ vasitəçiliyində 3 vacib parametri var. Bunlardan birincisi, Rusiyanın "Böyük Səkkizlik"də fəaliyyətinin dayandırılmasına görə həmsədr ölkə prezidentlərinin 2013-cü ildə verdiyi bəyanat son bəyanat oldu. 2009-cu ildən başlayaraq, 2013-cü il də daxil olmaqla 5 bəyanat həmsədr ölkə prezidentlərinin Dağlıq Qarabağ tənzimlənməsinə ciddi töhvəsi idi. Gələcəkdə belə formatın təkrarlanacağını heç kim deyə bilməz. İkincisi, ABŞ rəsmiləri 2009-2013-cü il prezidentlərin bəyanatından fərqli mövqenin olmayacağını bildirdilər. Bütün tənzimləmə prosesi Yenilənmiş Madrid Prinsipləri əsasında baş verməlidir. Üçüncüsü, İsveçrə beynəlxalq vasitəçilikdə böyük təcrübəyə malik ölkədir, ölkənin prezidenti və xarici işlər naziri Didye Brukhalter strukturlaşdırılmış danışıqlar formulunu təklif etdi".

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində Böyük Sülh Sazişinin hazırlanmasına tərəfdar olduğunu dəfələrlə bilririb: "Ermənistan isə Böyük Sülh Sazişindən əvvəl tənzimləmənin prinsipləri barədə müqaviləni imzalamağı təklif edir. Eləcə də, ermənilər qoşunların təmas xəttində etimad tədbirləri barədə protokolun imzalanmasına da çalışırlar. Əgər sənəd ardıcıllığı danışıqların yubanmasına xidmət etmirsə, Ermənistanın məqsədi həqiqətən dinc yolla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməkdirsə, o halda bu məsələ çox asan həllini tapa bilər. ATƏT-in Bazel ministerialı zamanı Azərbaycan və Ermənistan tərəfi tənzimləmə prinsipləri haqqında sənədi imzalayıb Böyük Sülh Sazişinə əlavə kimi təqdim edə bilərlər. Bu sənədin imzalanmasından dərhal sonra Böyük Sülh Sazişi də imzalanmalıdır. Beynəlxalq ictimaiyyət eyni gündə, eyni məkanda Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə dair 2 bəlkə də 3 sənədin imzalanmasına nail olmaqla sülh prosesinə ciddi təkan vermiş olacaqlar. Bazel ministerialının ümidsizliyi Dağlıq Qarabağ münaqişəsi regionunda kifayət qədər riskli vəziyyət yaradacaq. Ermənistan və ATƏT MQ bunu nəzərə alsınlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti