Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir Elçin Mehdiyev/
Müsavat Partiyasının başqanlığına keçmiş namizəd Səxavət Əlisoy yeni başqan Arif Hacılının partiyanın ümumrespublika müşavirəsi zamanı səsləndirdiyi fikirlərə cavab verib.
S.Əlisoy Trend-ə açıqlamasında səsləndirilən fikirlərin tamamilə əsassız olduğunu bildirib: "Saxtakarlığa qarşı etiraz etmək nə zamandan xəyanət sayılıb? Xəyanət saxta yolla, mənəviyyatsız üsullarla partiyanı ələ keçirməkdir. Saxtakarlığa göz yummayan insanlara qarşı aqressiv mövqedə dayanmaq xəyanətdən betərdir. Ömrünün 10 ilini, 20 ilini Müsavata qurban verənləri xəyanətdə suçlamaq hansı məntiqə, hansı mənəviyyata sığır? Ortasəviyyəli kənd tamadasına tabe olmayanlara nifrət, təbii ki, psixoloji problemdən xəbər verir. Bir silahdaşı, beş silahdaşı xəyanətkar saymaq olar, onlarla, yüzlərlə silahdaşı xəyanətkar elan etməyin adı daha nə ola bilər? Vicdan gərək cüzdana bağlı olmasın. Yalnız o halda obyektiv fikir yürütmək mümkündür".
S.Əlisoy qeyd edib ki, qurultaydan narazı qalanları xəyanətdə ittiham etmək absurddur. Onun sözlərinə görə, Müsavata xəyanət edənlər yalnız və yalnız saxtakarlardır.
Qeyd edək ki, Müsavat Partiyasının ötən gün keçirilən ümumrespublika müşavirəsi zamanı partiyanın yeni başqanı Arif Hacılı bildirib ki, narazılıq edənlərin bəzilərinin davranışı partiyanın maraqlarına zidd olmaqla yanaşı, nizamnamə pozuntusu ilə müşayiət olunub.
O, başqanlığa sabiq namizəd Səxavət Əlisoyun partiyadan çıxarılma səbəbini açıqlayıb: "Səxavət Əlisoy nizamnaməyə zidd davranaraq, partiya strukturlarının qərarlarına məhəl qoymayıb. Müsavat Partiyasının qurultayının legitimliyini şübhə altına almağa heç bir əsas yoxdur".
Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar.
Müsavat Partiyası Divanı isə bir müddət öncə S.Əlisoyu partiya sıralarından xaric edib.