...

Azərbaycan terrorçuluqla mübarizədə Qətərlə əməkdaşlıq edəcək

Siyasət Materials 5 Dekabr 2014 16:58 (UTC +04:00)
Bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib.
Azərbaycan terrorçuluqla mübarizədə Qətərlə əməkdaşlıq edəcək

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İlkin İzzət/

Bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib.

Trend xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, iclasın gündəliyinə bir məsələ - "Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa dair" sazişin təsdiq edilməsi haqqında" qanun layihəsi daxil edilib. 17 maddədən ibarət saziş cari ilin oktyabr ayında Doha şəhərində imzalanıb.

Sənəd Azərbaycan və Qətər hökumətləri arasında 5 illik müddətdə təhlükəsizlik sahəsində, o cümlədən transmilli və mütəşəkkil cinayətkarlığa, terrorçuluğa, kibercinayətkarlığa, çirkli pulların yuyulmasına, korrupsiyaya, insan alverinə qarşı mübarizədə əməkdaşlığı nəzərdə tutur.

Komitə sədri vurğulayıb ki, saziş hər iki ölkənin dövlət və milli maraqlarına uyğundur.

Komitə üzvləri sənədin əhəmiyyətini yüksək dəyərləndirib, ölkəmizin bir sıra dövlətlərlə analoji sazişlər imzaladığını qeyd ediblər. Millət vəkilləri bildiriblər ki, müzakirəyə çıxarılmış saziş Azərbaycanla Qətər arasında mədəni, tarixi və arxeoloji əhəmiyyəti olan əşyaların oğurlanması, qaçaqmalçılığı və qanunsuz ticarəti sahəsində cinayətlərə, həmçinin ətraf mühitlə bağlı cinayətlərə qarşı əməkdaşlığı əhatə edir.

Deputatlar sənədin Milli Məclisdə ratifikasiya olunmasını vacib sayıblar.

Sonda qərara alınıb ki, bu sazişin təsdiqinə dair qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunsun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti