Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Elçin Mehdiyev/
2014-cü il Azərbaycan və İsrail arasında münasibətlərin inkişafı baxımından uğurlu il oldu. Bunu Trend-ə müsahibəsində İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz deyib.
Səfir qeyd edib ki, 2014-cü ildə iki ölkə arasında həm prezidentlər, həm də digər yüksək rütbəli rəsmilər arasında bir çox görüşlər baş tutdu: "Bütün bu görüşlər iki ölkə arasında strateji tərəfdaşlığın və yüksəksəviyyəli qarşılıqlı münasibətlərin mövcudluğunu bir daha göstərdi".
R.Harpaz siyasi diskussiyalar və iqtisadi münasibətlər sahəsində də bir çox müsbət hadisələrin olduğunu qeyd edib.
2014-cü ildə Azərbaycan və İsrail arasında bir sıra razılaşmaların imzalanmasını qeyd edən səfir 2015-ci ildə də bu işlərin uğurla davam etdiriləcəyinə və daha çox işlərin görüləcəyinə ümid etdiyini bildirib:
"Bu il ərzində biz daha çox işlərin görüləcəyinə inanırıq. İki ölkə arasında iqtisadi sahədə bir sıra razılaşmaların imzalanmasına ümid edirik. Biz artıq Azərbaycanla standartlaşdırmaya və ikiqat vergitutmanın aradan qaldırılmasına dair razılaşmaların təsdiq edilməsinin son mərhələsindəyik. Bunlar hər iki ölkə üçün çox mühüm razılaşmalardır, çünki həm Azərbaycan standartlarının İsraildə tanınmasına, həm də özəl sektorun daha səmərəli iş qurmasına səbəb olacaq".
Diplomat iki ölkə arasında turizm sektorunda da səmərəli əməkdaşlğın mövcud olduğunu qeyd edib.
Azərbaycanla ABŞ arasında birbaşa hava uçuşlarının həyata keçirildiyini xatırlaradan R.Harpazın sözlərinə görə, artıq İsrail vətəndaşları da bu reysdən istifadə edirlər ki, bu da Azərbaycanla İsrail arasında turizm əlaqələrinin inkişafına öz töhfəsini verir.
Səfir həmçinin Bakı 2015 ilk Avropa Oyunlarının əhəmiyyətindən danışarkən qeyd edib ki, bu, çox uğurlu oyunlar olacaq və İsrail bu istiqamətdə Azərbaycana lazımi dəstəyi göstərir.